Elnarə Abdullayeva: “Kim şahidi olmaq istəyirsə, getsin kəndimizə, öz gözləri ilə hər şeyin şahidi olsun”
“Təxminən bilirəm ki, bu sözü Qobustandan Bakıya qədər çatdıranlar kim ola bilər. Heç bir jurnalist ora gedib bu məlumatı Bakıya gətirməyib ki?”
Xanəndə Elnarə Abdullayeva media nümayəndələrini bir araya toplayaraq mətbuat konfransı keçirib. Xanəndə Şamaxıya çəkdirdiyi 200 minlik bulağın quruması haqda yayılan xəbərlərə aydınlıq gətirib:
"Mən yaltaq adam deyiləm, hamını olduğu kimi qəbul edirəm. Məndən bulağın quruması ilə əlaqədar xəbərlər haqda açıqlama istəyirlər. Əsəbiləşirəm, o qədər əziyyət çəkmişəm. Səhhətimdə problem yaranmışdı, səhhətim düzələndən sonra xeyriyyə işi görməyə qərar verdim. Mən reklam üçün kəndə su çəkdirməmişəm. Deyirlər ki, Elnarə ad almaq üçün su çəkdirib. Mən bunu Allah rizası üçün etmişəm. Bu layihə üçün böyük evimi satmışam. Bu xeyriyyə işi hər adama qismət olmur. Allah aləmi qarışdıran insana lənət eləsin. Bütün sahələrdə mərdiməzar var. İnana bilmirəm ki, gözəlliyi görən insanlar necə pislik edə bilir? Su kəmərinin, hovuzların xırda-para işləri qalıb. Bir neçə günə tam hazır olacaq. Hazırlıqlar bitdikdən sonra jurnalistləri yenidən Şamaxıya aparacam”.
Elnarə bu xeyriyyə işi ilə bağlı yaranmış söz-söhbətə aydınlıq gətirdi: "Mən reklam üçün etsəydim, saraydakı konsertdən əvvəl bu məlumatı yayardım ki, reklam olsun. Mən təkcə bulaq çəkdirməmişəm e, ay bacı, ay qardaş, mən su olmayan kəndimə su kəmərləri çəkdirmişəm, böyük ərazidə su anbarları çəkdirmişəm. 12 bulaq o layihənin xırda qovşaqlarıdı. Yəni kənd adamları həm də o bulaqları istifadə edəndə suya ehtiyac duymasınlar. Qaldı bulaqların quruması məsələsinə, bir də qeyd edirəm ki, orda bulaq qurumayıb. Sadəcə, hələ o layihə tam hazır olmayıb. Orucluq başlayana qədər bəzi tamamlanma işləri də bitdikdən sonra mən rahatlaşacam. Qaldı bulaqların qurumadığının kim şahidi olmaq istəyirsə, getsin kəndimizə, öz gözləri ilə hər şeyin şahidi olsun. "Eşitdim” deməklə iş bitmir. Gedin, görün. Mənim nə yalana ehtiyacım var, nə də reklama. Jurnalistlərə də hər zaman hörmətim olub. Ona görə yox ki, məndən yazasız. Sadəcə ona görə ki, mən insanları sevirəm. Məni sevməyənlər də var. Bunu bilirəm. Onu da təxminən bilirəm ki, bu sözü Qobustandan Bakıya qədər çatdıranlar kim ola bilər. Heç bir jurnalist ora gedib bu məlumatı Bakıya gətirməyib ki? Bunu ordan yayıblar. Mən də o yalanı yayanların cavabını vermişəm”.
E.Abdullayeva jurnalistləri təhqir etməsi ilə bağlı xəbərlərdən danışarkən "Mən hay-küylü insanam. Mən danmıram, demişəm ki, bu məsələni yayan insanın var-yoxu çöldə qalsın. Mən də insanam, aqressiv ola bilərəm. Mən insanı təhqir edəcək xarakterdə deyiləm. Başım işləyir, içmirəm, çəkmirəm, oturuşum-duruşum düzgündür. Mən hamıya qarşı mərhəmətliyəm. Süpürgəçini də təhqir etmərəm. Bundan sonra yenə imkanım olsa, xeyriyyə işləri görəcəm” söylədi.
Tahirə