Çəlimsiz uşaqlar...

Nə qədər ki, süd olmayacaq, bizim məktəblilərin boyu balaca olacaq
Məktəblər süd məhsulları istehsal edən şirkətlər, müəssisələrlə müqavilə bağlayar, hər gün məktəbi təzə südlə təmin edərlər. Türkiyədə belədir








Uşağın boy atması, sümüklərin bərkiməsi, orqanizmin sağlam olması üçün süd, süd məhsulları
əvəzedilməz qidadır



60-70-ci illərdə uşaqlar yaşına uyğun böyüyürdü. "Gün keçdi” filminin qəhrəmanları məktəb illərinin fotolarına baxanda, oradakı uşaqların hamısı yaşa dolmuş - yəni yetişkin görünür; oğlanlar uca boylu, kişiləşmiş, qızlar da həddi-büluğ yaşına çatmış... Amma 80-ci illərdə uşaqlar artıq belə deyildi. Sanki uşaqlar getdikcə kiçilirdi, balacalaşırdı. 

Qızlar da, oğlanlar da kiçik boylu, çəlimsiz, arıq...
Boy və bədən artımı bir də 2000-ci illərdə müşahidə olunmağa başladı. O zaman da dietoloqlar həyəcan təbili çalmağa başladı ki, bunun səbəbi geni dəyişdirilmiş qidalardır. Oğlanlar tez "kişiləşir”, üzlərini tük basır, qızlar da vaxtından əvvəl yetkinliyə çatır. Hər ikisi, anormallıqdır. Tez böyümək də, gec böyümək də. Puşkinin "Çar Sultan haqqında” nağılında olduğu kimi, uşağın "ayla, günlə yox, saatla, dəqiqə ilə böyüməsi” heç də yaxşı əlamət deyilmiş. İndi də bu anormal vəziyyət davam edir. Çox valideynlərin narahatlığının şahidi olmuşuq. "Fağır uşaq, nə canı var ki, çanta da daşısın, bu qədər dərs hazırlasın?” Məktəb çantasının ağırlığı, dərs yükününsə ondan da ağır olması, başqa mövzudur. Mövzumuz məhz "fağır uşağın nə canı var ki”dir.

Cana can verən qidadır

Uşaqlar necə qidalanır? Dünyaya yeni göz açmış körpə ana südü əvəzinə süni qidalar, ana südü əvəzləyicisi ilə qidalanır. Baxmayaraq ki, həkimlər bu ifadənin özünü qüsurlu hesab edir və ana südünü əvəz edə biləcək qida mövcud deyil, söyləyirlər, amma dəyirman öz işindədir.
Körpə ana bətnindən çıxar-çıxmaz süni qidalar qəbul edir. Elə problem də buradan başlayır. Bəzi qayınanaların ittihamları məhz bununla bağlı olur. "Poroşok”la qidalanan uşaqdan nə uşaq olacaq?!
Sonra da bağça dövrü, məktəb dövrü gəlir. Yenə də uşaq keyfiyyətsiz, mənşəyi naməlum yeməklər yeyir.

Ağırlığın çoxu da məhz məktəb illərinə düşür. Uşaqların inkişafı məhz bu yaş dövrlərində başlayır. İstər boy artımı, istərsə də çəki uyğunluğu, həmçinin zehni inkişaf məhz məktəb yaşı dövründə təşəkkül tapmağa başlayır. Qida zəifdirsə, düzgün qaydada deyilsə, keyfiyyəti sual altındadırsa, boy artımında da, çəkidə də, zehni inkişafda da geriləmələr tamamilə gözləniləndir.

Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov "Şərq”ə açıqlamasında məktəb yaşlı uşaqların qida rasionunun xüsusi olduğunu bildirdi:

- Uşaqlara mənşəyi bilinməyən qidaların verilməsi qətiyyən yolverilməzdir. Uşaqlar üçün nəzərdə tutulan qidalar xüsusi nəzarətdən, yoxlamadan keçməlidir. Uşaq qidası bütün digər qida növlərindən fərqlənir. Uşağa hər qidanı vermək də olmaz. Uşaqların qida rasionu xüsusidir. Mən ABŞ-da olanda bir məktəbə getmişdim, koridorda bir aparat quraşdırılmışdı, şagirdlər oradan alma, armud götürüb yeyirdilər. Özü də ekoloji təmiz məhsul. Ancaq bizim məktəblərdə nə satılır? Kremli məhsullar, kolbasa, sosiska. Kremli məhsullar uşaqlar üçün xüsusilə təhlükəlidir. "Lenin baba” zamanında şagirdlərə bir fincan süd verilirdi. Hamı bilir ki, süd və digər ağartı məhsulları uşaq orqanizmi üçün böyük əhəmiyyət daşıyır. Uşağın boy atması, sümüklərin bərkiməsi, orqanizmin sağlam olması üçün süd, süd məhsulları əvəzedilməz qidadır. 

Analar niyə uşaqları vadar edir ki, süd içsin? Uşağın bədəni bərkisin, normal inkişaf etsin deyə. Fikir verirsiniz, indiki uşaqların boyu kiçilib, sısqalaşıb. Bunun hamısı düzgün qidalanmamanın nəticəsidir. Əgər biz sağlam gələcək nəsil istəyiriksə, uşaq qidalarına ciddi nəzarət edilməlidir. Uşağın inkişafdan geri qalması da, həmçinin vaxtından tez inkişaf etməsi də anormallıqdır. Deməli, orqanizmdə nəsə səhv proses gedir. Bunun qarşısı alınmalıdır. Təəssüf ki, aidiyyətli qurumlar da, valideynlər də uşaqların qidalanmasına fikir vermirlər. Hər cür zərərli qidaları uşaqlara verirlər. Uşaqların qidalanması 3 qrup üzrə təyin edilir. 1-ci sinifdən 3-cü sinfə, 3-cü sinifdən 6-cı sinfə və 6-dan yuxarı siniflərə qədər. Hər qrup üzrə qidalanma fərqlidir. 1-ci sinif şagirdinin qidasını yuxarı sinfə vermək olmaz, yuxarı sinif şagirdlərinin qidasını da kiçik sinif şagirdlərinə. Təəssüf ki, özlərinə rəva görmədiklərini, bəyənmədikləri qidaları uşaqlara verirlər. Və yaxud, uşaqların keyfiyyətsiz qidalanmasına göz yumulur.

"Məktəblinin qidasına diqqət lazımdı”

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında bildirdi ki, məktəblinin təhsildəki uğurları qidalanmadan birbaşa asılıdır:

- Təəssüf ki, bizim orta məktəb yeməkxanalarında quru qidalar üstünlük təşkil edir. Cürbəcür hazır kökələr, tərkibi müəmmalı şirniyyatlar, kekslər, konservantlı və rəngləndiricili "meyvə şirələri”. Bu qidalar da məktəblinin sağlam inkişafını heç bir halda təmin edə bilməz. Quru qidalar uşaq orqanizmi üçün əsl təhlükə mənbəyidir. Mədə-bağırsaq sistemi pozğunluğuna yol açır. Mədə-bağırsaq pozğunluğu varsa, beyin normal işləyə bilməz. Bu da şagirdin fənləri qavramasına mane olur. Qida sağlam olmalıdır ki, orqanizm də sağlam olsun, nəticə etibarilə biliklərə yiyələnmə də mümkün olsun. Problem bundadır km, məktəb bufetlərinə nəzarət hələ də öz həllini tapa bilməyib. Deyirlər, Türkiyədə kiçikyaşlı məktəblilərə süd verilir. Bizdə də sovet vaxtı bu vardı. Həqiqətən də süd uşağın inkişafı üçün çox lazımlıdır. Bunu bizdə də edə bilərlər. Məktəblər süd məhsulları istehsal edən şirkətlər, müəssisələrlə müqavilə bağlayar, hər gün məktəbi təzə südlə təmin edərlər. Türkiyədə belədir. Orada müstəqil istehsalçılar və ixracatçılar birlikləri fəaliyyət göstərir. İxracatdan əlavə yerli istehlaka da önəm verirlər. Təkcə istehsal və ixraca deyil, yerli səviyyədə istehlaka diqqət ayırırlar. İstehsalçının marağındadır ki, istehsal etdiyi məhsul ölkə daxilində də öz yerini tutsun. Bir ara, məktəblilərə süd paylanması məsələsi gündəmə gəldi, lakin həllini tapmadı.

Peçenye-biskvit, kolbasa-sosis öndədir

Mütəxəssislər bildirir ki, məktəblilərin qida rasionu yaş həddi və qavrama qabiliyyətinin artırılmasına əsaslanır. Məktəbli elə qidalar qəbul etməlidir ki, sağlamlığına ziyan deyil, əksinə, müsbət təsir etsin, həzm sistemini yaxşı çalışdırsın, vitaminlərlə zəngin olsun və nəticə etibarilə uşağın sağlam fiziki inkişafını, eyni zamanda biliyi mənimsəmə qabiliyyətini artırmağa yönəlsin.
Bir müddət əvvəl Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi də ölkə məktəblilərinin hansı qidaya üstünlük verdiyini araşdırmışdı. Teleqraf.com.da yer alan məlumatda bu barədə bildirilirdi ki, mərkəzin keçirdiyi sorğu 25 məktəbin şagirdləri və onların valideynləri, müəllimlər və məktəb daxilində fəaliyyət göstərən yeməkxanaların əməkdaşları arasında keçirilmişdi.
Sorğu nəticəsində şagirdlərin peçenye-biskvit (501 nəfər) və kolbasa-sosiska çörəyə (450 nəfər) daha çox üstünlük verdikləri məlum olmuşdu.

Uşaqlardan 512 nəfər dərsə özü ilə su gətirdiyini bildiribmiş. Sorğuda meyvə cavabını verən uşaqların sayı isə 4,3 faiz olmuşdu və bu da çox aşağı göstərici hesab edilir.
Sizcə, gün ərzində peçenye, kolbasa (həm də tərkibi naməlum yox, artıq xeyli məlum olan kolbasalar - red) yeyən uşaq normal inkişaf edə bilər? Bəlkə ona görə də boyumuz da kiçilir, özümüz də. Bir neçə ildən sonra boy-buxunlu qız-oğlanları tapa biləcəyik?..

Məlahət Rzayeva