"Cocuq Mərcanlı ilə Qarabağa qayıdış başladı və davam edəcək"





Fevralın 11-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin inşasında iştirak edəcək tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib və birgə müzakirələr aparılıb.

Müşavirədə Ə. Həsənov bildirib ki, prezidentin imzaladığı sərəncama əsasən 1-ci mərhələdə həmin ərazidə 50 fərdi yaşayış evinin, 96 şagird yerlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə bu günlərdə başlanılacaq.

Prezidentin tapşırığına uyğun olaraq növbəti mərhələdə həmin ərazidə 200 ailəlik qəsəbənin tikintisi planlaşdırılır.

İnsanların sevinclə qarşıladığı Cocuq Mərcanlının bərpası, sakinlərin köçürülməsi işləri yüksək qiymətləndirildi. İctimaiyyət nümayəndələri, ziyalılar, tanınmışlar, sadə vətəndaşlar, hər kəs birlik olub, dövlətimizin bu uğuruna dəstək verdi.

Bu barədə Sherg.az-a danışan Xocalının keçmiş icra başçısı, Milli Məclisin deputatı Elman Məmmədov da bu hadisəni yüksək qiymətləndirib. Düşmənin sinəsinə çəkdiyimiz bu dağın dövlətimiz üçün böyük uğur olduğunu vurğulayan parlamentari insanların bu dönəmdə birliyinin, vətən sevgisini nümayiş etdirməsinin təqdirəlayiq olduğunu deyib:

"Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra dərhal Cocuk Mərcanlı kəndində bərpa işləri başlanıldı. Minalardan təmizlənmə, siyahıya alınma, planlaşdırma, qəsəbənin necə, hansı böyüklükdə salınması məsələləri qaydasına qoyuldu. Artıq yol çəkilişinə də başlanılıb.

Cocuq Mərcanlı Qarabağa aparan yoldur. Həmin zonaya çatmağımız üçün başlanğıc qoyulub. Bu cənab prezidentin apardığı uğurlu siyasətinin nəticəsidir. Bəli, Qarabağa qayıdış başladı və davam edəcək. Cocuq Mərcanlının azad olunması ilkindir. Qarşıda bizi gözləyən Cocuq Mərcanlıların sayı yüzlərlə olacaqdır. Bir daha sübut olundu ki, Azərbaycan xalqının vətənə, ata yurdana, öz doğulduğu torpağa, bağlılığı hədsizdir. "Qaçqınkom”a, Cəbrayıl Rayonu İcra Hakimiyyətinə və digər qurumlara yüzlərlə ərizələr daxil olur. Biz görürük ki, insanlar öz torpaqlarına qayıtmağı necə səbirsizliklə diləyir. Sözsüz ki, Cocuq Mərcanlının bərpası işləri də davam edir. Qısa müddətdə orada gözəl qəsəbə salınacaq, məktəblər tikiləcək, iş yerləri açılacaq. Əminəm ki, bütün istiqamətlərdə kənddə yaşayış tam təmin ediləcək”.

Aysel Aslan