Cocuqların günahı nə?
İcra hakimiyyətləri bacarmadı: Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə qaytarılacaq
Uşaq bağçalarının "sahibi”nin dəyişməsi məsələsi təkrar gündəmə gətirilir. Məlumdur ki, bir neçə il əvvələ qədər uşaq bağçaları Təhsil Nazirliyinin balansında idi. 2011-ci ildən etibarənsə uşaq bağçaları nazirlikdən alınıb, yerli icra hakimiyyətlərinin öhdəsinə verildi.
Uşaq bağçalarının və uşaqların durumunda isə yaxşıya doğru heç nə baş vermədi. Uşaqları yenə qapıdan qaytarırlar ki, "yerimiz yoxdur”. Amma elə ki, valideyn əlini cibinə salır, yer hardansa "peyda olur”. Uşaq bağçalarından narazılıq nazirliyin vaxtında da vardı, indi də.
Yəni, "sahiblərin” dəyişməsi nə uşaqların, nə də uşaq bağçası müəssisələrinin "kor taleyi”nə heç bir təsir etmədi.
İndi isə uşaq bağçalarının icra hakimiyyətlərindən alınıb Təhsil Nazirliyinin tabeliyinə verilməsi məsələsini millət vəkilləri qaldırıb.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Modern.az saytına bağçaların Təhsil Nazirliyinin balansına verilməsi məsələsinə münasibət bildirərkən bu qənaətdə olub:
- "Təhsil haqqında” qanunda göstərilib ki, uşaqlar məktəbə bağçadan gəlməlidir. Bu zəmində bağçaların Təhsil Nazirliyinə verilməsi məqsədəuyğundur. Uşaqlarımız məktəbə hazırlıq dövrünə bağçadan başlayırsa, yaxşı olardı ki, idarəetmə yenidən nazirliyə qaytarılsın. Düşünürəm ki, bilavasitə Təhsil Nazirliyinin nəzarəti altında bağçaların inkişafına nail olmaq olar. Mən bu məsələnin lehinəyəm”.
Milli Məclisin Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin fikrincə isə, hansı qurumun tərkibində olmasından asılı olmayaraq, bağçalarda təlim-tərbiyə işlərinin daha da yüksəldilməsinə nail olmaq lazımdır: "Əlbəttə, yaxşı olardı ki, bağçalar nazirliyin tərkibində olsun. Amma bu əsas deyil. Əsas olan keyfiyyətin yüksəldilməsidir”.
Respublika Təhsil Şurasının sədri, təcrübəli pedaqoq Əjdər Ağayev "Şərq”ə açıqlamasında qeyd etdi ki, uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb icra orqanlarının tabeliyinə verilməsi gözlənilən müsbət nəticəni hələ ki, vermir:
- Uşaq bağçası ümumilikdə təhsil sisteminin bir struktur vahididir. Təhsil pillələrinin hamısı bir-birilə məntiqi, sosial-intellektual bağlılıqdadır. Körpə anadan olandan 3 yaşınadək körpələr evində, 3 yaşından 6 yaşınadək uşaq bağçasında, 6 yaşdan 17 yaşadək məktəbdə, 17 yaşdan sonra isə ali məktəb, aspirantura, akademiya və s. pillələri keçir. Təhsilin pillələri insanı bütün həyatı ərzində müşayiət edir. Təhsilin körpələr evi pilləsini çıxaq. Bu yaşda uşaqlar təhsildən demək olar ki, uzaqdır. Körpələr evi də respublikada nisbətən azdır, çünki bu yaşda körpələri Azərbaycan ailəsi adətən evdə böyüdür. Bəzi hallarda, zərurət yarandıqda körpələr körpələr evinə verilir. Amma uşaq bağçası uşaqların əksəriyyətinin həyatında bir pillə təşkil edir. Psixoloqlar müəyyənləşdirib ki, insanın formalaşma dövrü məhz 3-5 yaş arasında baş verir. Bu yaşda insan təhsil, tərbiyə, oyunlar və s. vasitəsilə formalaşma dövrü keçir. Uşağın bir insan kimi özülü 5 yaşda qoyulur. Uşaq əsas informasiyanı məhz bu yaşda toplayır. 6 yaş isə artıq məktəbəqədər və məktəb yaşı dövrüdür. Təhsilin səviyyəsi ayrı söhbətin mövzusudur. Amma uşaq bağçalarını təhsildən ayrı təsəvvür etmək mümkün deyil. Uşaq bağçalarının fəaliyyət proqramını Təhsil Nazirliyi hazırlayır. Onun da elmi əsasları var. Uşaq bağçası sadə, bəsit sahə deyil. Onun proqramı hazırlanarkən hər bir detal nəzərə alınır. Uşaqların təlim-tərbiyəsi, sağlamlığı, təhsili hamısı vəhdətdə götürülür. Uşaq bağçası təhsilin bir pilləsidir və o, digər pillələrdən gərək ayrılmasın. Uşaq bağçaları üçün xüsusi olaraq müəllim, tərbiyəçi hazırlanır, orada uşaq həkimləri işləyir. Hətta uşaq bağçalarında qidanın hazırlanma qaydasını bilən xüsusi aşpazlar işləməlidir. Uşaq bağçalarında təhsil, təlim və tərbiyə məsələləri birbaşa Təhsil Nazirliyinin öhdəsində olmalıdır. Təhsil Nazirliyini bu işdən tamam kənarlaşdırmaq olmaz. İcra hakimiyyəti orqanları belə məsələdə mütləq mütəxəssislərlə, təhsil, təlim-tərbiyə sahəsində təcrübəli insanlarla məsləhətləşmələr aparmalıdırlar. Bu, sıradan bir iş deyil ki, üzərinə götürəsən, icra edəsən. Burada söhbət uşaqların taleyindən gedir. Uşağın özülü bağçada qoyulur. Gərək o özül möhkəm olsun ki, uşaq məktəbdə "axsamasın”. Bəs, icra hakimiyyətləri hansı funksiyanı yerinə yetirə bilər? Məsələn, təlim-tərbiyə məsələlərində bir neçə istiqamətdə köməklik edər. İcra hakimiyyətləri onlara tapşırılan vəzifə çərçivəsində uşaqların inkişafına yönəlmiş müxtəlif layihələrin həyata keçirilməsində, uşaq bağçalarının maddi-texniki bazasının möhkəmlənməsində iştirak etsin. Gəzintilər, səfərlər, oyunlar təşkil etsin. Bizim respublikada oyuncaq fabriki yoxdur. Uşaq oyuncaqları müxtəlif ölkələrdən gətirilir, çox zaman da onların uşaq sağlamlığı üçün zərərli olduğu üzə çıxır. İcra orqanları oyuncaq fabrikinin yaranmasında, uşaqlar üçün əyləncə yerlərinin yaradılmasında təşəbbüs qaldıra və bu işdə iştirak edə bilər. Ehtiyacı olan uşaqlara himayədarlıq etmək də icra orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Amma təlim-tərbiyə işini qoy Təhsil Nazirliyinin öhdəsinə buraxsınlar.
Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov isə uşaq bağçalarının hansı qurumun tabeliyinə verilməsindən asılı olmayaraq nəticənin dəyişmədiyini dedi:
- Uşaq bağçalarının Təhsil Nazirliyindən alınmasının səbəbi nə idi? Bununla nəyi dəyişmək istəyirlər? Təhsil Nazirliyinin uşaq bağçaları ilə bağlı hansı işi düzgün aparılmırdı, hansı qüsurlar vardı ki, ondan alınıb icra hakimiyyətlərinə verildi? Bu suallara cavab lazımdı. Biz bilməliyik ki, Təhsil Nazirliyi hansı işi düzgün icra edə bilmir.
Təhsil Nazirliyində məktəbəqədər tərbiyə ilə bağlı böyük sistem, proqram var. Uşaq bağçaları da bu proqrama uyğun fəaliyyət göstərirdi. Təhsil Nazirliyi dərsliklər nəşr edir, kurikulum proqramlar hazırlayır. Yaxşı hazırlayır, pis hazırlayır, uşaq bağçalarında vəziyyət bərbad idi, yoxsa yaxşı idi, bu, başqa mövzudur. Amma fakt budur ki, uşaq bağçaları məktəbəqədərki dövrü əhatə edir və təhsil sistemi ilə sıx bağlıdır. İcra hakimiyyətlərində isə belə sistem yoxdur. Bəlkə sonradan yaradıblar, amma yenə də bunun bir tərəfi təhsillə bağlıdır. Uşaq bağçaları icra orqanlarına verilməkdənsə, bağça komitəsi yaradılsaydı, məncə, daha yaxşı olardı. Ümumiyyətlə, dünya praktikasında uşaq bağçaları sosial obyekt hesab edilir. Bir çox ölkələrdə də uşaq bağçaları sosial problemlərlə məşğul olan dövlət qurumlarının kompetensiyasına daxil edilir və fəaliyyətlərinə də sosial qurumlar nəzarət edir. İcra hakimiyyətləri isə inzibati qurumdur. Neyçün sosial, çünki uşağını uşaq bağçasına aparan ailələr, ya işləyənlərdir, ya da imkansız ailələrdi. Yəni, bu birbaşa insanların yaşayış səviyyəsi ilə bağlıdır. Bizdə belə deyildi, üstəlik, uşaq bağçaları özəlləşdirməyə çıxarılandan sonra vəziyyət lap pisləşdi. Uşaqların bağçaya qəbulu elə bahalaşdı ki, valideynin buna maddi gücü çatmadı, bağçalar da başladı boşalmağa. Bu dəqiqə özəl bağçalara qəbul 150-200 manatdır. Hələ dövlət bağçalarında da valideynlərdən pul istəyirlər. Uşaq bağçalarını icra hakimiyyətlərinin tabeliyinə verməklə nəyi dəyişmək istəyirdilər, məlum deyil. Onsuz da heç nə dəyişmədi. Yəqin, indi yenidən bağçaları nazirliyin tabeliyinə vermək istəyirlər, ona görə də bu söz-söhbət ortaya gəlib. Belə getsə, Azərbaycanda müəyyən dövrdən sonra uşaq bağçaları ümumiyyətlə qalmayacaq.
Məlahət Rzayeva