Çovdarov jurnalistlərin məhkəməyə buraxılmasını tələb edib




Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, iclas Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses başlamazdan əvvəl jurnalistlərə açıqlama verən Çovdarovun vəkili Kamandar Nəsibov bildirib ki, müdafiə etdiyi şəxs ötən proses zalda olan jurnalistə irad bildirib: "Həmin adam da dedi ki, zərərçəkmiş şəxsin nümayəndəsiyəm. Bu zaman Çovdarov dedi ki, həmin şəxs məhkəmədə olanları qərəzli yazır. Ona görə digər jurnalistlər də zala buraxılsın. Bizim də ötən proseslərdə bununla bağlı vəsatətlərimiz olub. Hakim Həbib Həsənov isə bildirib ki, jurnalistlərin zala buraxılmamasına heç bir məhdudiyyət yoxdur".

Vəkilin açıqlamasından sonra jurnalistlər məhkəməyə daxil olmaq istəsə də, girişdə olan nəzarətçilər onları buraxmayıb. Bildiriblər ki, hakim jurnalistlərin zala buraxılmaması haqqında göstəriş verib.
Proses başlayanda vəkillər jurnalistlərin yenə də zala buraxılması ilə bağlı Həbib Həsənova müraciət edib. Hakim isə bildirib ki, nəzarətçilərə elə bir göstəriş verilməyib.

Hazırda proses davam edir.