“Çox vaxt səhvlərə MSK yox, namizədlərin özləri yol verir”

Ənvər Əliyev: “Çünki namizədlər bəzən topladıqları imzaları ordan-burdan, yəni fərqli yollarla yığır”
Lakin onlar bilmirlər ki, MKS-da Ədliyyə Nazirliyindən gəlmiş çox mükəmməl kriminalistlər oturur. Kriminalistlər vərəqələrə baxan kimi hansı imzanın saxta, hansının həqiqi olduğunu bilirlər



"Bizim kiminsə namizədliyini qeydə almamaq marağımız yoxdur. Mərkəzi Seçki Komissiyasının bütün qərarları qanunvericiliyə əsaslanıb”. Bunu MSK sədri Məzahir Pənahov ötən gün keçirilən iclasda deyib. O bildirib ki, MSK indiyə qədər müraciət edənlərin yalnız 10 nəfərinə mənfi cavab verib. 1823 namizəd arasında 10 nəfərə mənfi cavab verilməsi isə o qədər böyük rəqəm deyil:

"Biz imkan tapan kimi namizədləri qeydə alırıq. Bütün proseslər yüksək səviyyədə həyata keçirilib. Lakin kimlərsə cəmiyyəti çaşdırmağa çalışır”. Namizədlərin qeydə alınması prosesi və ümumiyyətlə, Mərkəzi Seçki Komissiyasının hazırkı fəaliyyəti ilə bağlı "Şərq”in suallarını cavablandıran MSK-nın keçmiş üzvü Ənvər Əliyev qurumun işində ciddi qüsurların olmadığını deyib. Ə.Əliyevə görə, çox hallarda namizədlər özləri qanunsuzluğa yol verirlər...

- Qeydə alınmayan namizədlərlə paralel dairə seçki komissiyalarından şikayətlər də artır. Sizcə, namizədlər narazılıq etməkdə nə qədər haqlıdır?

- Namizədliyi qeydə alınmayan şəxslərin MSK-dan şikayət etməsi halları mən qurumda çalışdığım dövrdə də var idi. Ancaq praktikaya baxsaq görərik ki, çox vaxt səhvlərə yol verən MSK yox, məhz namizəd olmaq istəyənlərdir. Çünki namizədlər bəzən topladıqları imzaları ordan-burdan, yəni fərqli yollarla yığırlar. Lakin onlar bilmirlər ki, MKS-da Ədliyyə Nazirliyindən gəlmiş çox mükəmməl kriminalistlər oturur. Kriminalistlər vərəqələrə baxan kimi hansı imzanın saxta, hansının həqiqi olduğunu bilirlər. Sözün düzü, inanmıram ki, kimlərinsə imzası MSK tərəfindən süni şəkildə saxtalaşdırılsın. Axı müxalifətin elə şıdırğı vaxtı deyil ki, hansısa qüvvələr onların qarşısını kəsməyə, yolunu bağlamağa çalışsınlar. Yox əgər kimlərsə israrla sənədlərinin qurum tərəfindən araşdırılmadığını və qeydiyyat məsələsində qanunsuzluq edildiyini iddia edirsə, məhkəməyə müraciət edə bilərlər.

- Şikayət edənlərdən bəziləri iddia edirlər ki, dairə seçki komissiyaları bilərəkdən onların sənədlərini vaxtında təhvil almayıblar. Bir çox sənədin son günə qalması isə ciddi problem yaradıb...

- Dairələrdə müəyyən problemlər ola bilər. Amma namizəd maneə ilə üzləşən kimi dərhal müvafiq qurumlara şikayət etməli, ən azından MSK-ya müraciət ünvanlamalıdır. Bəlkə heç MSK-nın hansısa dairədə baş verən neqativ hallarla əlaqəsi yoxdur. Ola bilər müəyyən qüvvələr hansısa namizədin qeydə alınmasına əngəl törətmək üçün qəsdən DSK-larda əngəl yaradırlar. Təbii ki, istənilən halda Mərkəzi Seçki Komissiyası nəzarət baxımından məsuliyyət daşıyır.

- Uzun müddət prosesin içində olmuş şəxs kimi MSK-nın fəaliyyətini necə dəyərləndirirsiniz?

- Hələlik Mərkəzi Seçki Komissiyasında ciddi problem yoxdur. Əslində namizədlərin çoxluğu və proses uğrunda mübarizə aparmaları, eyni zamanda şikayətlərin olması ümumilikdə MSK-nın reytinqini artırır. Ancaq bizim vaxtla müqayisədə hazırkı qurum fərqlidir. İndi MSK-da qərəzçilik yoxdur. Qərəzçilik olunacaq elə bir namizəd də yoxdur. Amma ümumi götürəndə MSK məsələləri elə də ciddi araşdırmaq marağında deyil. Çünki şikayətlərin müzakirəsi xeyli vaxt aparır. Əvvəllər narazı namizədlərin şikayətinin araşdırılması üçün uzun müddət müəyyən olunurdu. Amma indi vaxtı azaldıblar. Bu baxımdan problemlərin olacağını istisna etmirəm. Ancaq yenə deyirəm, hələlik bizə məlum olan ciddi qanun pozuntusu müşahidə olunmayıb.

- Maraqlıdır ki, bugünə qədər MSK-ya "exit-poll”la bağlı müraciət edən olmayıb. Sizcə, niyə ölkədə "exit-poll”a həvəs yoxdur?

- Vallah, sual mücərrəd olduğu üçün cavab vermək çətindir. Lakin burda iki variant ola bilər. Ya QHT-lərin vaxtı və həvəsi yoxdur ki, seçkidə "exit-poll” keçirsinlər, ya da ümumiyyətlə seçkiyə inanmırlar. Bizim dövrümüzdə "exit-poll”un təzə vaxtları idi. O zaman təşkilatlar seçkilərdə sorğu keçirtməyə daha həvəsli idilər. Ancaq görünür, indi başqa cür düşünürlər.

- MSK sədri Məzahir Pənahov sosial şəbəkələrlə bağlı namizədlərə xəbərdarlıq etdi. Sosial şəbəkələr nə dərəcədə təbliğat vasitəsi hesab olunur?

- Qanunvericilikdə birmənalı olaraq vurğulanır ki, rəsmən müddət başlamamış təbliğat-təşviqat prosesinə başlamaq qəti qadağandır. Ancaq nəzərə almaq lazımdır ki, təbliğat-təşviqat üçün müəyyən olunan vaxt çox qısadır. Ona görə də bu proses bir qədər problemlər yaradır. Bəzən elə olur ki, hansısa namizədin peşəsi ilə bağlı vəzifə borcunu icra etməsi də təbliğat sayılır. Ya da sosial şəbəkədə namizədin icazəsi və xəbəri olmadan onun təbliğatı aparılır. Hesab edirəm ki, namizəd özündən xəbərsiz təbliğata görə məsuliyyət daşımamalıdır. Bu, düzgün deyil. Ümumiyyətlə, təbliğat məsələsi çox mürəkkəb prosesdir. Dəqiq müəyyən etmək olmur ki, kimin təbliğatı haradan başlayıb harada qurtarır. Çünki imkanı, resursları güclü olan namizədin reklamı, təbliğatı yaxşı olur. Həmin namizədin vaxtı da sanki genişlənir. Amma kasıb namizədlər sadəcə ödənişsiz imkanlardan yararlana bilirlər.

- Namizədliyi qeydə alınan şəxslər arasında fərqli peşə sahibləri, fəhlələr, hətta işi-gücü olmayan adamlar da var. İşsiz insanların deputatlığa meyl etməsinə münasibətiniz necədir?

- Parlament üzvlüyünə namizəd olan şəxslərin iş görüb-görməməsi vacib deyil. Çünki deputat işverən, yolçəkən, ağacəkən deyil. Millət vəkillərinin əsas işi qanun hazırlamaqdır. Əgər kiminsə işi yoxdursa, onun namizədliyi qeydə alınmasın deyə bir qadağa yoxdur. Nə olar, kimsə işləməz, peşəsi olmaz. Biz işi olmayana, yaxud fəhləlik edənə parlamentin yolunu bağlasaq, insan haqlarından danışa bilmərik. Şəxsən fikrim odur ki, sənədlərində problem olmayan və kriteriyalara cavab verən adamların hamısının namizədliyi qeydə alınmalıdır.

İsmayıl