Çoxuşaqlı əlil ailələrinə söz demək doğru deyil

Elə sağlam ailələr var ki, övladları sonda ya dəyus olur, ya da əyyaş


Son günlər çoxuşaqlı əlil ailələri sosial şəbəkələrin ciddi müzakirə mövzusuna çevrilib. Mövzu ətrafında ikili yanaşma mövcuddur. Kimi bunu əlillərdə həyat eşqini alovlandıran amil kimi dəyərləndirib, təqdir edir, kimi isə ciddi tənqid atəşinə tutur.

Məsələn, kulturoloq Aydınxan Əbilov əlil ailələrinin çoxuşaqlı olmasını müsbət hal saymır. Hətta buna dair öz feysbuk profilində "Əlildirsə, 4 uşağı nə edirdi?” başlıqlı status yazıb. Həmin statusu təqdim edirik: "Dövlət və mən vətəndaş olaraq əlil ola-ola məsuliyyətsizcəsinə işi-gücü ancaq uşaq dünyaya gətirən şəxsləri niyə saxlamalıyıq? Fiziki imkanları məhdud olan dostlarım və insanlar məndən inciməsinlər. İnsanın fiziki imkanlarına və məhdudiyyətlərinə görə ayrı-seçkilik etmirəm, amma hər şeyin bir əndazəsi var da. Sonra da yapışırlar dövlətin yaxasından ki, bizi dolandır”. Sosioloq Əhməd Qəşəmoğlu isə "Şərq”ə söyləyib ki, belə məsələlərə həssas və humanist yanaşmaq lazımdır: "Onsuz da əlil adamlar dünyaya məhdudiyyətlərlə gəlib. Anadan məhdudiyyətlə doğulub. Belə olan halda onlara əlavə övlad məhdudiyyəti qoymaq doğru olmazdı. Əlil ailələrinin çox uşaqları varsa, onlara köməklik göstərilməlidir. Tanıdığım çoxuşaqlı əlil ailələri var. Həmin əlil ata və anadan törəyən övladların hərəsi bir tərəfə çıxa bilib. Ata, anaları əlil olmağına baxmayaraq cəmiyyətdə yaxşı mövqe tutublar. Sağlam ailələr var ki, övladları sonda ya dəyyus olur, ya da əyyaş olur. Amma elə əlil ailələri mövcuddur ki, o ailədən çıxan uşaqlar sözün yaxşı mənasında barmaqla göstərilir”.

Ekspertin sözlərinə görə, əlilləri də anlamaq lazımdır: "Bəlkə də onlar uşaqlarının çox olmasından zövq alırlar və bu zövq də onları həyata bağlayır. Yaxından tanıdığım çoxuşaqlı əlil ailə var. Ailə başçıları uşaqlarının çox olmasını özlərinin təsdiqi kimi qiymətləndirirlər. Bütün hallarda əlil ailələrinə köməklik göstərilməlidir”.

Ayyət Əhməd