"Cümhuriyyət medalı elə insanlara verilməlidir ki..."- Tarixçi-alim





"Cümhuriyyətin 100 illiyi ilə əlaqədar medalın tərtib olunması çox müsbət addımdır”.

Bunu "Sherg.az”a Milli Məclisdə bu haqda müzakirəyə çıxarılacaq sənədi dəyərləndirərkən tarixçi-alim Dilavər Əzimli söyləyib. 

O diqqətə çatdırıb ki, həmin medala layiq görülən şəxsdə məsuliyyət yaranır ki, bu, adi ənənə deyil:

"O medala layiq görülən hər kəs nə qədər məsuliyyət daşıdığını dərk etməlidir. Elə insanlar var ki, dəfələrlə parlamentdə deputat olublar. Dövlətçilik yolunda, millətin, xalqın tərəqqisi üçün daha çox çıxış edənlər seçilib, bu medalla təltif edilə bilər.

Cümhuriyyət medalı elə insanlara verilməlidir ki, rəqabət aparılacaq səviyyədə ziyalı olsun. Parlament medalının uğrunda rəqabət getməlidir. Bu təklifləri çatdırmaqda məqsədimiz həmin müsbət addımın genişləndirilməsidir. Maksimum şəkildə obyektivlik təmin olunmalıdır. Bütün bunları ona görə qeyd edirəm ki, biz artıq yeni mərhələyə qədəm qoyuruq. Dünyada yeni düzən başlayıb. Həmin düzəndə dediyim məsələlər ciddi nəzərdən keçirilməlidir.

Parlament medalının layiq olan şəxslərə verilməsi fəaliyyətsiz, passiv deputatları da
həvəsləndirə bilər. İctimaiyyət özü də təxmini müəyyən edir ki, həmin medallar kimlərə verilə bilər. Bu baxımdan həmin qiymətləndirmədə ziyalıların, ictimaiyyətin baxışları da nəzərə alınmalıdır”.

Qeyd edək ki, Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı medal təsis olunacaq. Spiker Oqtay Əsədovun sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı Milli Məclisdə sənəd müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, bu il Azərbaycan parlamentinin 100 yaşı tamam olur.

Aysel Aslan