Dağlıq Qarabağın suvenirdən silinməsi deputatı hiddətləndirdi: "...mənbəyini tapmalıyıq "

Tahir Kərimli: " O suveniri istehsal edən şəxslər və müəssisələr Azərbaycanın ərazi bütövlüyünə qəsd etmiş sayılırlar. Həmin şəxsləri tapıb, üzə çıxarmaq lazımdır""Təxribatları törədənlərin cəzasız qalması yeni problemlərin yaranmasına səbəb olur"
"Azərbaycana aid bəzi suvenirlər ölkəmizdə deyil, qonşu ölkələrdə hazırlanır”.
Bunu "Sherg.az”a Bakıda satılan suvenir üzərinə həkk olunan Azərbaycan xərtisindən Dağlıq Qarabağ ərazisinin silinməsi barədə danışarkən millət vəkili Tahir Kərimli deyib. 
O bildirib ki, təxribat məqsədilə istehsal olunan suvenirlərin yerli istehsal adı ilə ölkəmizdə satılmasının qarşısını almaq lazımdır:
"Bu yaxınlarda Rusiyada "Dünya ölkələri” kitabı çap olundu. Həmin kitab da ermənilərin xeyrinə məlumatlarla doldurulmuşdu. Tək qonşu ölkələrdə deyil, Avropa ölkələrində, Qərbdə erməni lobbisinin üstünlüyünü görürük. Azərbaycanı aşağılamaq üçün müxtəlif üsullara əl atırlar. Ümumiyyətlə, türk, islam ölkələrinə qarşı çevrilən addımlar son vaxtlar aktivləşib.
Ən çox bizi ruhdan salan isə Azərbaycanın içərisində bu cür təxribat məmulatları, eləcə də məlumatlarının yayılmasıdır. Xarici ölkələrdə bu hallar yaşandıqda müraciət edə bilirik. Daxildə isə qanunvericiliyin pozulması – Azərbaycanın dövlət atributlarının təhqir olunması problemi baş qaldırır. O suveniri istehsal edən şəxslər və müəssisələr Azərbaycanın ərazi bütövlüyünə qəsd etmiş sayılırlar.Həmin şəxsləri tapıb, üzə çıxarmaq lazımdır. Bir məlumat belə olsa, onun arxasınca gedib, mənbəyini tapmalıyıq”.
Bu hadisəni cinayət kimi qiymətləndirən deputat onu da əlavə edib ki, təxribatları törədənlərin cəzasız qalması yeni problemlərin yaranmasına səbəb olur:
"Azərbaycanın dövlət suverenliyinə qəsd edən şəxslər mütləq cəzasını almalıdır. Hətta tək inzibati qaydada deyil, cinayət işi açmaqla məsələni həll etmək lazımdır”.
Qeyd edək ki, Bakıda satılan suvenirdə Azərbaycanın xəritəsi əks olunsa da, Dağlıq Qarabağ ərazisi həmin xəritəyə salınmayıb. Bu məsələ də suveniri görənlərin ciddi narazılığına səbəb olub. Əsas məsələ odur ki, həmin suvenirlər xarici turistlərə daha çox satılır.
Aysel Aslan