Nazirlik “Şöhrət” ordenli Xumar Zülfüqarova ilə vida mərasimi belə keçirmədi
Nəvəsi: “Yay vaxtıdır, meyiti evdə saxlamaq olmur”
Şeyx Əbdül Mahmudbəyov: "Sənət adamlarına qarşı diqqətsizliyə çox təəssüflənirəm”
Rəqs sənətinin görkəmli nümayəndəsi, Azərbaycan rəqqasəsi, baletmeyster, Dövlət Rəqs Ansamblının yaradıcısı, Xalq artisti və "Şöhrət” ordenli Xumar Zülfüqarova dünyasını dəyişib.
Mərhumun nəvəsi Eldar Zülfüqarovun məlumatına görə, Xumar Zülfüqarovanın dünyasını dəyişməsi haqqında Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib:
"Ancaq həmin qurumdan Xumar Zülfüqarova ilə vida mərasiminin harada keçiriləcəyi və dəfn olunacağı ilə bağlı məlumat verilməyib. Əslində Xumar Zülfüqarova Fəxri Xiyabanda dəfn olunmalıdır. Amma vida mərasimi yaşadığı evdə keçiriləcək. Sonra da özümüzə aid olan qəbiristanlıqda dəfn edəcəyik. Çox pis olduq, sənətkara belə qiymət verərlər?! Bizə deyiblər, gözləyin xəbər verəcəyik. Amma yay vaxtıdır, meyiti evdə saxlamaq olmur. İynə də vurmuşuq, amma daha o da kömək olmur bu istidə”.
Xatırladaq ki, bu yaxınlarda dünyasını dəyişən digər Xalq artistimiz Qəndab Quliyevanın oğlu da anasına qarşı laqeyd münasibətdən gileylənib. Belə ki, mərhum sənətkarın oğlu həm xəstəxananın, həm də əlaqədar dövlət qurumlarının anasına qarşı diqqətsizlik göstərildiyini deyib. Bəs görəsən, xalq artistlərimizə qarşı olan laqeyd münasibət nədən irəli gəlir?
Tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov hər iki sənətkarımızın ölümünə olduqca kədərləndiyini deyib. Rejissor bu gün görkəmli sənət adamlarına qarşı diqqətsizliyə çox təəssüfləndiyini və bu cür hallara hətta nifrət elədiyini vurğulayıb.
Hər iki sənətkarımızla maraqlı yaradıcılıq xatirələri olduğunu deyən Ş.Ə.Mahmudbəyov onlara gərəkli qiymətin verilməsi üçün Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın lazımlı addım atacağına inandığını da bildirib:
"Xumar Zülfüqarova Azərbaycanımızın iki məşhur şəxsinin övladı idi. O, gözəl rəqqasə olmaqdan başqa həm də gözəl baletmeyster idi. 1993-cü ildən Ulu Öndərimizin xüsusi təyinatı ilə Bağdadda Füzulinin 500 illik yubileyini qeyd edirdik. Tamaşanın bədii rəhbəri və rejissoru mən idim. Ordakı bütün rəqs qruplarının hamısını baletmeyster kimi Xumar xanım hazırlamışdı. Mənim onunla İranda, İraqda çox gözəl xatirələrim var. Əgər bu gün biz yüksək xidmət və zəhməti olan mənəvi sərvətlərimizi itiririksə və nazirlikdən bu sərvətlərimizə dəyər verə bilməyən şəxslər varsa, bu, ürəyimi ağrıdır. Mədəniyyət Nazirliyi üçün çox çətindir ki, onu son mənzilə yola salıb vida mərasimi keçirsin? Gərək nazirlikdə kiminsə qohumu olsun ki, təmtəraqlı mərasim təşkil edilsin? Mən belə hallara nifrət edirəm. Xumar xanımı ləyaqətlə yola salmaq lazım idi. Çox təəssüflər olsun ki, əlimdə heç bir imkanım yoxdu - dilimdən, sözümdən başqa.
Hər zaman sevdiyim bir söz var - "dəyərli insanlar o vaxt dəyərli olurlar ki, onlara yüksək səviyyədə dəyər verilir”. Başdan-ayağa haqsızlıq içində olan bir adam kimi deyirəm, bu gün müxtəlif yollarla vəzifəyə keçən adamlar var ki, onlar bütün bu işlərin hamısını dövlətin adından görürlər. Xalqın milli-mənəvi dəyərlərini qorumayan adamlar cəzalanmalıdır. Yeganə ümidim cənab Prezidentimiz və onun xanımınadır. İnanıram ki, prezidentimiz mənəvi dəyərlərimizi təmsil edən sənətkarlarımızla bağlı bu məsələləri yoluna qoyacaq. Allah hər iki sənətkarımıza rəhmət eləsin”.
Yeganə Bayramova