
“Dəbdəbəli məclislərdən xoşum gəlmir”
Yalçın Əlizadə: “Ad günlərini insanlar doğmaları ilə qeyd etməlidir”“Səhhətimlə bağlı fakültəyə tez-tez gedə bilmirəm”

Dünən fəaliyyəti boyunca jurnalistika fakültəsini təmizlik və vicdan simvolu olaraq tanıdan müəllimlərimizdən birinin, ömrünün çoxunu milli jurnalistikamızın inkişafına həsr etmiş BDU-nun jurnalistika fakültəsinin keçmiş dekanı, professor Yalçın Əlizadənin 77 yaşı tamam olub. Ad günündən xəbər tutan kimi Yalçın müəllimlə əlaqə saxlayıb təəssüratlarını öyrəndik. Doğum gününü evdə, ailə üzvləri ilə qeyd etdiyini deyən Yalçın Əlizadə "Şərq”ə açıqlamasında ad gününü özəl gün olaraq qeyd etməyi bir o qədər də sevmədiyini əlavə edib:
- Elə bilirəm ki, ad günlərini insanlar ən yaxın adamları, doğmaları ilə kiçik bir masa arxasında qeyd etməlidir. Təmtəraqlı yemək süfrəsi, dəbdəbəli ad günü məclislərindən xoşum gəlmir. Amma telefon vasitəsilə ad günümü təbrik edən, ünvanıma xoş sözlər deyən insanlar çox oldu. Hər birinə öz minnətdarlığımı bildirirəm.
- Əvvəldən də ad gününüzü təmtəraqlı keçirməyi sevməmisiz?
- Həmişə də ad günü məclislərinə bir az qısqanc yanaşmışam. Heç vaxt tərəfdarı olmamışam ki, ad günümdə böyük məclis düzənləyib, bütün qohum-qonşunu, dost-tanışı başıma yığım. Hər halda insan bir az təvazökar olmalıdır.
- Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri peşəkar jurnalistikamızın tanınmış nümayəndələrinin ad günləri olanda onları evlərində ziyarət edib, xoş arzularını çatdırırlar. Sizi təbrikə gəlmədilər?
- Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri adətən yubiley zamanı ad günü olan şəxsləri evində ziyarət edirlər. 75 yaşım olanda bizə də gəlmişdilər və həmkarlarımın ziyarəti məndə yüksək əhval - ruhiyyə yaratmışdı. Bu il isə yaşım yuvarlaq rəqəm olmadığı üçün telefonla zəng edib, təbrik etdilər.
- Jurnalistika fakültəsindən necə, təbrik edən oldumu?
- Əlbəttə. Səhər açılandan fakültədən gələn zəngləri, təbrikləri qəbul edirəm. Müəllim yoldaşlarım, tələbələrimin böyük əksəriyyəti ad günüm münasibəti ilə öz ürək sözlərini dedilər.
- Yalçın müəllim, sizdən sonra fakültədə bir sıra dəyişikliklər oldu. Bu dəyişiklikləri necə dəyərləndirirsiz?
- Yaradıcılıq üçün xeyirli olan bütün dəyişikliklərin hamısını müsbət qiymətləndirirəm. Mən fakültədən tamamilə uzaqlaşmamışam.
- Rəhbərlikdən uzaqlaşmanızı nəzərdə tuturam...
- Təbii ki, heç kim ömrünün axırına qədər rəhbər vəzifə sahibi olmur. Hamı bilir ki, vəzifə gəldi-gedərdi. 30 il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində kafedra müdiri, 13 ilsə dekan olmuşam. 10 il də Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinə sədrlik etmişəm. Bütün bunlar tarixdir və ən əsası odur ki, hər zaman tutduğum vəzifələrdən xoş təəssüratla ayrılmışam. 13 il jurnalistika fakültəsində dekan vəzifəsini icra etmək asan iş deyil. Dekan işləmək fiziki güc tələb edir. Tədris sistemində baş verən dəyişikliklərin tətbiqi, təkamülü kifayət qədər enerji tələb edən proseslərdir. Bilirsiniz ki, Bakı Dövlət Universitetində baloniya sisteminin tətbiqinə başlananda jurnalistika fakültəsi iki pilot fakültədən biri seçildi. İlk illərin çətinlikləri, bütün universitet üçün yeni təcrübədə istinad nöqtəsi bu fakültə oldu.
Amma onu da deyim ki, klassik jurnalistika ənənələrimizə istinad etməklə tədrisin dünya təcrübəsinə uyğunlaşdırılması istiqamətində atılan hər bir addım təqdirəlayiqdir və bunu da ancaq alqışlamaq olar.
- Jurnalistika fakültəsindən tamamilə uzaqlaşmadığınızı qeyd etdiz. Universitetə gedib-gəlirsiz?
- Səhhətimlə bağlı tez-tez gedə bilmirəm, ancaq evdə oluram. Ancaq arada bir fakültəyə gedirəm.
- Yeri gəlmişkən, səhhətiniz indi necədir? Özünüzü yaxşı hiss edirsiz?
- Yaxşıdır. Telefona cavab verə, sizinlə danışa bilirəmsə, deməli, hər şey qaydasındadır. Əsas narahatlığım ayaqlarımda qan sisteminin yaxşı işləməməsi ilə bağlıdır. Təbii ki, yaş da öz sözünü deyir. Ancaq mütəmadi olaraq müalicə alıram, hər şey yaxşı olmalıdır.
Qeyd edək ki, Yalçın Mustafa oğlu Əlizadə 1940-cı il yanvarın 17-də Gəncədə anadan olub. 1957-ci ildə Bakıdakı 132 nömrəli məktəbi bitirib.
1962-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirdikdən sonra Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor, baş redaktor vəzifələrində çalışıb. 1974-cü ildə Moskva Dövlət Universiteti televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Ənvər Bağırovun elmi rəhbərliyi ilə "Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Elə həmin vaxtdan Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Azərbaycanda radiojurnalistikanın nəzəri əsaslarını fundamental surətdə araşdıran ilk alimlərimizdəndir. Televiziya və radiojurnalistikanın aktual problemlərinə dair 70-dən çox elmi məqalənin, 2 dərsliyin ("Radiojurnalistikanın əsasları”, "Azərbaycan efiri: tarix və müasirlik”), 3 sənədli publisist kitabın müəllifidir.
Azərbaycan Respublikasının Əməkdar jurnalisti (1989), "Qızıl Qələm” mükafatı laureatıdır (1966). "Tərəqqi” medalına layiq görülüb (2000).
P.S. Yalçın müəllim, "Şərq” qəzeti olaraq, ad gününüz münasibəti ilə bir daha təbrik edir, sizə ən şirin nemət olan cansağlığı və həyatınız boyu çəkdiyiniz zəhmətlərin bəhrəsini arzulayırıq!
Şəymən