“Dədə Qorqud” parkındakı süni göl etiraz doğurdu: "...Xəstəlik yarada bilər"

Məhərrəm Zülfüqarlı: " Həmin su doldurulub və heç bir kanalizasiya sisteminə çıxışı yoxdursa, suyun boşaldılması mümkün olmayacaq. Bu zaman həmin parkı və gölü düzəldən mütləq cəzalandırılmalıdır"


""Dədə Qorqud” parkını kim tikibsə, zəhmət çəksin onu kanalizasiya sisteminə calaşdırsın, tez-tez parkdakı süni gölün suyu dəyişilsin və normal şəkildə fəaliyyət göstərsin”.

Bunu Sherg.az-a Gənclik metro stansiyasının yaxınlığında yerləşən "Dədə Qorqud” parkının çimərliyə çevrilməsi təklifinə münasibət bildirərkən tarix elmi üzrə fəlsəfə doktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib. 


O bildirib ki, süni gölün suyu dəyişilməsə, şəhərin ən yaxşı hissəsində yerləşən bu park üfunət iyi verəcək:

"Park ADA universitetinin yaxınlığında yerləşir. Bu akademiya isə Azərbaycanın nüfuzunu dünyanın bir sıra ölkələrində qaldıran ali təhsil ocağıdır. Onun rəhbərliyi də ətrafın təmizliyi üçün bu məsələni qaldırmalıdır ki, təcili müəyyən işlər görülsün. Həmin su doldurulub və heç bir kanalizasiya sisteminə çıxışı yoxdursa, suyun boşaldılması mümkün olmayacaq. Bu zaman həmin parkı və gölü düzəldən mütləq cəzalandırılmalıdır. Çünki bundan sonra çox problem yarana bilər. Su qalırsa, iylənə bilər və müxtəlif xəstəliklərə səbəb ola bilər. Bu zaman həmin parkın salınmasında və bu şəkildə fəaliyyət göstərməsində iştirak edən insanlar cəzalandırılmalı və problem həll olunmalıdır”.

Ayyət Əhməd