“Mənzillərə təbii qaz verilməzdən öncə vətəndaşa qaz sayğacına xüsusi siqnalizasiya cihazının quraşdırılması təklif olunur”
Dəm qazı kabusu...
“Azəriqaz” iddia edir ki, əhaliyə verilən təbii qaz dövlət standartlarına uyğundur
“Mənzillərə təbii qaz verilməzdən öncə vətəndaşa qaz sayğacına xüsusi siqnalizasiya cihazının quraşdırılması təklif olunur”
“Mənzillərə təbii qaz verilməzdən öncə vətəndaşa qaz sayğacına xüsusi siqnalizasiya cihazının quraşdırılması təklif olunur”
Nüsrət Qasımov: "Gedib mənzillərə baxsaq, "n” qədər qayda pozuntusu aşkarlanar. Dəm qazından boğulma halları daha çox gecə saatlarında, ya da hamam otaqlarında baş verir”
Havalar soyuyandan dəm qazı kabusu yenə baş qaldırıb. Dəm qazından zəhərlənmələr, ölüm xəbərləri də intensivləşib. Səbəblərsə eynidir. Qeyri-standart qaz cihazları, mənzillərdə təhlükəsizlik qaydalarına riayət olunmaması və bir də ən çox eşitdiyimiz "qaz təmiz deyil” iddiası. Lakin dövlət qurumları bu iddiaların doğru olmadığını hər dəfə açıqlayır.
Dünən də mövzu ilə bağlı "Azəriqaz” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq.
"Qaz standarta uyğundur”
"Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəliyev "Şərq”ə açıqlamasında əhaliyə verilən təbii qazın dövlət standartlarına uyğun olduğunu dedi:
- Bu söz-söhbətlərin hamısı əsassızdır, şayiədir. İstehlakçıya verilən təbii qaz 55-42 2014 dövlət standartına uyğundur. Təbii qazın verilməsi daim nəzarət altındadır, tənzimlənir, xüsusi laborator yoxlamadan keçirilir. Qazın tərkibi ilə bağlı kimdə şübhə varsa, yazılı surətdə müraciət etsinlər, "Azəriqaz” da araşdırsın.
İ.Kəlbəliyev dəm qazı zəhərlənmələrinə standartlara uyğun olmayan qaz cihazlarından istifadə, həmçinin tüstü bacalarının təmizlənməməsinin səbəb olduğunu bildirdi:
- "Azəriqaz” və Fövqəladə Hallar Nazirliyi tərəfindən daim maarifləndirmə işi aparılır. Əhaliyə xəbərdarlıq edir ki, standartlara uyğun olmayan qaz cihazlarından istifadə etməyin, mənzillərdə istilik sisteminin düzgün quraşdırıldığına əmin olun. Tüstü bacaları ildə 2 dəfə təmizlənməlidir. Bacalar dam örtüyü səthindən 50-70 santimetr hündürdə olmalıdır. Ancaq çox zaman bu şərtlər pozulur, qaydalara riayət edilmir, nəticədə faciələr yaşanır.
İ.Kəlbəliyev qeyd etdi ki, mənzillərə təbii qaz verilməzdən öncə vətəndaşa qaz sayğacına xüsusi siqnalizasiya cihazının quraşdırılması təklif olunur. Bu cihaz birbaşa qaz sayğacına bərkidilir, qurğunun digər hissəsi isə mənzildə qoyulur.
Əgər qaz sızması varsa, cihaz xəbərdarlıq edir. Qazın nəqli dayandırılmırsa, cihaz avtomatik işə düşür və qazın verilməsinin qarşısını kəsir. Təəssüf ki, əhali təhlükəsizlik məsələlərinə biganə yanaşır. "Azəriqaz” rəsmimi onu da əlavə etdi ki, siqnalizasiya cihazlarının quraşdırılması məcburi deyil, könüllüdür. Lakin həyatın sığortalanması üçün onlardan istifadə məsləhətdir.
"Səbəblər çoxdur...”
Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov da "Şərq”ə açıqlamasında dəm qazı kabusunu törədən səbəblərin çox olduğunu bildirdi:
- Dəm qazından boğulma hallarını daha çox İran sobaları ilə əlaqələndirirdilər. Ancaq bu, səbəblərdən yalnız biridir. Çünki bu sobalar Azərbaycana normal halda, istehsal edildiyi şəkildə gəlir. Nə baş verirsə, bundan sonrası ilə bağlıdır. Mənzillərə verilən təbii qazın təzyiqi bu sobaların iş rejimi ilə tərs-mütənasib olduğundan vətəndaşlar sobalara müdaxilə edir, hansısa hissəsini çıxarır, dəyişir, bəzən heç düzgün də quraşdırmırlar. Halbuki bu sobalar təzyiq azaldıqda və ya qazın verilməsi dayandıqda avtomatik sönmə xüsusiyyətinə malikdir. Sobaların xüsusi "vintil”i var ki, qaz kəsilirsə, "vintil” də atır, sobanın işi dayanır. İstehlakçı bu sobaları belə imkana malik şəkildə istehsal edib. Amma bizim camaat, bu sobalara, yersiz müdaxilə edir, sobaların da iş prinsipi pozulur.
Digər səbəblərsə tüstü bacalarının vaxtında təmizlənməməsi, qaz borularının, qaz cihazlarının standartlara uyğun quraşdırılmaması, mənzillərin havadəyişmə sisteminin işləməməsi, hamam otaqlarının düzgün tərtibatda olmamasıdır.
Gedib mənzillərə baxsaq, "n” qədər qayda pozuntusu aşkarlanar. Dəm qazından boğulma halları daha çox gecə saatlarında, ya da hamam otaqlarında baş verir. Gecə yatarkən vətəndaşlar nəfəsliyi azacıq da olsa aralı saxlasalar, dəm qazı mənzildə yığılıb qalmaz. Amma məsələ burasındadır ki, otaqlarda bəzən nəfəslik ümumiyyətlə olmur. Bu da mənzillərin ənənəvi qaydada rekonstruksiya edilməsi - dəyişikliyə məruz qalması ilə bağlıdır.
Sakinlər otaqların yerini dəyişdiklərindən havaçəkən dəlikləri də bəzən qapatmış olurlar ki, bu da mənzildə hava dəyişməsinin qarşısını alır. Götürək hamam otaqlarını. Minlərlə mənzil var ki, hamam otağı ilə oradakı qızdırıcı cihazın ölçüləri biri-birinə uyğun gəlmir. Kiçik hamam otağına iri ölçüdə su qızdırıcısı qoyurlar. Hamam otağında havanın sirkulyasiya etməsi üçün nəfəslik və ya dəliklər olmur. Qapıları sıx örtülmüş vəziyyətdə və heç bir hava axınının daxil olmadığı hamamda insanın qazdan zəhərlənməsi və ya istidən halının dəyişməsi "qaşla göz arasında”dır. Burada da artıq vətəndaşların səhlənkarlığı, təhlükəni nəzərə almamaları özünü göstərir.
Bütün bu səbəblərə əlbəttə, vətəndaşların maddi imkansızlığı da əlavə edilməlidir. Hər kəsin mənzilində təhlükəsiz kombi sistemi quraşdırmaq imkanı yoxdur. Əlac qalır, kustar üsullu "samovar”lara, ən təhlükəli qızdırıcı sayılan "pyatiminutka”lara. Elə binalar var, illərdir, qızdırılmır. İstilik sistemi çalışmadığından sakinlər məcburdur, mənzildə elektrik qızdırıcısı yandırsın, ya da borusu pəncərədən çölə çıxarılan, bəzən də divarı dəlib keçən qaz sobası quraşdırsın. Belə binalarda təbii qaydada, tüstü bacaları nəzərdə tutulmadığından sakinlər kustar üsullara əl atmalı olur. Bu da faciəni yaxınlaşdıran bir səbəbdir.
"Dəm qazı 7 dəqiqədə insan həyatına son qoyur”
Ekspert dəm qazı probleminin hazırda bir nömrəli məsələ olduğunu, lakin buna çox az diqqət ayrıldığını bildirdi:
- Əhali hər dəfə əsaslı şəkildə məlumatlandırılmalıdır, güclü maarifləndirmə işləri aparılmalıdır ki, insanlar təbii qazla necə rəftar etməli olduqlarını bilsinlər. Çünki günahın çoxu adamların özündə olur. Atalar məsəlidi, deyirlər, özünü qoruyanı Allah da qoruyar. Bizim camaatda, etinasızlıq, laqeydlik, məsuliyyətsizlik var. Evinə qaz sobası alır, deyir, özüm ustadan yaxşı bilirəm, başlayır sobanı özü bildiyi kimi quraşdırmağa, səhv quraşdırır, çoxu rezin, ya da plastik borulardan istifadə edir. Halbuki qaz boruları mütləq poladdan olmalıdır. Özləri bildiyi kimi, istədikləri şəkildə mənzildə boruların yerini dəyişdirirlər, havatəmizləyici sistemi - ventilyasiya sistemini sıradan çıxarırlar. Bəzisi, mənzili qızdırmaq üçün dördgöz sobanın üzərinə kərpic, ütü qoyur. Bu, qətiyyən olmaz. Belədə mənzildə zəhərli qaz əmələ gəlir. Qaz düzgün yanmadığından, yanma prosesi pozulduğundan karbon 4 oksid, karbon 2 oksidə çevrilir. Bu da zəhərli qazdır. Bu qaz 7 dəqiqə içində insanın həyatına son qoya bilər.
Mütləq siqnalizasiya cihazı qoyulmalıdır
N.Qasımov qeyd etdi ki, əvvəllər mənzillərdəki qaz sobaları, qaz boruları ayda bir dəfə yoxlanırdı. İndi isə 6 aydan bir yoxlanır:
- Bu işə ciddi nəzarət edəcək bir qurum olmalıdır. Hazırda belə qurum yoxdur. Tüstü bacaları bəlkə də 30 ildir təmizlənmir. Bu, "Azəriqaz”ın işi deyil. Bu işə mənzil-kommunal təsərrüfatı idarəsi baxmalıdır. Amma tüstü bacalarına heç kim sahib çıxmır. Biri-birinin üzərinə atırlar. Mənzillərə təbii qazın çəkilməsi, sobaların quraşdırılması qaz təsərrüfatı idarələrinin nəzarəti altında icra edilməlidir. Yeraltı kəmərlərin qəzalı olduğunu bəhanə gətirib təbii qazı normasında vermirlər. Bunlar hamısı bəhanələrdir. Harada qəzalı boru varsa, onu xüsusi cihazlar vasitəsilə təsbit etmək mümkündür. Həm də artıq neçə ildir ki, ölkə üzrə yeni qaz xətləri çəkilir. Nə oldu, çəkilən kimi qəzalı vəziyyətə düşdülər?! Bütün evlərə siqnalizasiya aparatı qoyulmalıdır. Baha da deyil. Əhalini ona görə qınayıram ki, 120 minlik avtomobil alır, amma 50 manat verib siqnalizasiya cihazı almır ki, gecə rahat yatsın. Əhali diqqətli olmalıdır və təhlükəsizlik qaydalarını pozmamalıdır. Hamam otağının qapısında mütləq hava dəlikləri açılmalıdır. Mənzillərdə ventilyasiya sistemi qurulmalıdır. Evin havası tez-tez dəyişdirilməlidir, mənzilə təmiz hava axını təmin edilməlidir. Ən əsası isə dəm qazından ölüm halları ilə bağlı cinayət işi açılmalıdır. Hər bir ölüm hadisəsi araşdırılmalıdır. Neçə ildir bizim əhalini qıran iki kabusdan biri dəm qazı təhlükəsidir (biri də yol-nəqliyyat hadisələridir). Amma bunun qarşısı alınmır.
Məlahət Rzayeva