Deputat da gileyləndi:"Eşşəkləri 50 manatdan alıb, aparmışdılar"




"Ölkədə at, eşşək ətlərinin satılmasında günah nəzarət orqanlarındadır”.

Bunu Sherg.az-a son günlər müzakirə olunan at və eşşəklərin kəsilib satılması məlumatlarına münasibət bildirərkən millət vəkili Tahir Kərimli deyib. 

O bildirib ki, bu məsələlərə başlıca olaraq Respublika Baytarlıq İdarəsi ciddi nəzarət etməlidir:

"Azərbaycan xalqının dini xüsusiyyətlərindən əlavə milli xüsusiyyətləri də var. Məsələn, qazaxlar da müsəlmandır, onlar at əti yeyir, amma biz yemirik. Ona görə, at və eşşək ətlərinin ölkəyə kütləvi gətirilməsinə nəzarət edəcək dövlət baytarlıq idarələri var.

Mən Ağsu rayonunun Muğan kəndində olduğum müddətdə dəhşətli mənzərənin şahidi oldum. Kənd sakinlərinin nə qədər eşşəyi varsa, 50 manatdan alıb, yığıb aparmışdılar. Satış yerləri olmasa, dönərxanalar, restoranlar almazsa, eşşək əti satmazlar. Həmin insanlar vicdan hissini itiriblər. Ola bilər ki, kimsə eşşək ətindən hazırlanan dönəri mal əti hesab edib, ləzzətlə yesin, Amma onun eşşək əti olduğunu biləndən sonra psixoloji olaraq onda diksinmə yaranar. Problemlər bu şəkildə həll olunan deyil. Nə qədər cəza verilsə də, insanların pul qazanmaq üçün belə yollara əl atmasının qarşısı tam alınmayacaq”.

Nəzarət orqanlarının polislə birlikdə dövlət siyasəti kimi siyasət aparılmalı olduğunu söyləyən T. Kərimli ciddi tədbirlər görülməsə, bu xəbərlərin azalmayacağını bildirib. Deputatın sözlərinə görə, ölkəyə kolbasa, sosiska kimi məsulların tərkibində  müxtəlif heyvanların ətləri gətirilir:

Məsələn, Hindistanda inəyi müqəddəs sayırlar və onun ətini yemirlər. Bu ölkədən Azərbaycan inək əti gətirilir. Bundan başqa, ölkəmizə zebra əti gətirilir. Bunlar bizim milli kulinariyamıza daxil deyil. Anlamaq lazımdır ki, Çində Koreyada olan yeməklərlə bizim mətbəximiz eyni deyil. Dönərçilər xalqa bu ətləri yedizdirirlər. Bəs öz ailələrinə də yedizdirirlərmi? Bunları gündəmə gətirib, müzakirə etməklə qarşısını almaq mümkün deyil. At və ya eşşək ətinin yedizdirilməsini qadağan edən qanun yoxdur. Amma hüququn bir mənbəyi də adətdir. Məsələn, bəzi ölkələrdə qız götürüb qaçmaq cinayət sayılmaya bilər, amma bizdə cinayətdir. Çünki adətimizə ziddir. Əgər bu xalqın adətində yoxdursa, uyğun şəkildə qanunvericilikdə dəyişiklik oluna bilər. Azərbaycan xalqının qəbul etmədiyi məmulatların satışına qadağa qoymaq, cəza tətbiq etmək lazımdır. İlk növbədə baytarlıq idarələri, polis orqanları ciddi nəzarət etməlidir. Yoxsa, 5-10 manat alıb, gözlərini yumsalar, bu hal baş alıb gedəcək”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Cəlilabad rayonunun Maşlıq kəndində qanunsuz at kəsimi və at əti tədarükü ilə məşğul olanları aşkar edib.

Ayyət Əhməd