Deputat hiddətini gizlədə bilmədi: "Düşmən getdikcə azğınlaşır, belə olan halda..."

"Azərbaycanın tək çıxış yolu hərbi gücdən istifadə etməkdir"
"Ermənilərin dinc əhalini, silahsız insanları hədəf alması ilk deyil”.
Bunu Sherg.az-a ötən gün ermənilərin açdığı atəş nəticəsində Füzuli rayonu Alıxanlı kəndinin 2 nəfər dinc sakinin həlak olmasına münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib. O xatırladıb ki, 1905-1906, 1918, 1988-ci illərdən bu yana dinc əhaliyə qarşı silah istifadə ediblər:
"Ermənilərin hədəfində hər zaman mülki şəxslər, onları öldürmək olub. Xocalı, Qaradağlı faciələrini yadımıza salaq. Həmin faciələrdə də minlərlə dinc əhali qətlə yetirildi. Ermənilərin törətdiyi soyqırımları bu gün də davam edir. Düşmən getdikcə azğınlaşır. Çünki həmsədrlər, beynəlxalq təşkilatlar bu illər ərzində işğalçıya, soyqırımı törədənlərə qarşı heç bir sanksiya tətbiq etmir, tutarlı tədbir görmür, əhəmiyyətli qərar qəbul etməyiblər. BMT-nin 4 vacib qətnaməsinin həyata keçirilməsi üçün heç bir addım atmayıblar. Ermənilər özləri üçün yaradılmış cəzasız mühitdən, havadarlarının onları qorumasından istifadə edir, murdar əməllərini davam etdirirlər.
Şəhid olanlarımız mülki insanlardır, ailə üzvləridir. Onların günahı nədir. İnsan hüquqlarından danışan beynəlxalq təşkilatlar heç bir fəaliyyət göstərmirsə, həmsədrlər tədbir görmürsə, Azərbaycanın tək yolu qalır: Silahlı Qüvvələrimizin gücündən istifadə edib, düşmənin cavabını 10-100 dəfə artıqlaması ilə versin. Azərbaycan bu addımı atmalıdır. Çünki beynəlxalq aləmdə həvəsləndirmədən başqa heç bir tədbir görülmür. Erməniləri müdafiə edirlər, silah-sursat, pul verirlər. Belə olan halda Azərbaycanın tək çıxış yolu hərbi gücdən istifadə etməkdir. Erməniləri torpaqlarımızdan "süpürüb” atmaq üçün hərbi gücümüzü tətbiq edək ki, onlar dinc insanlara ziyan verə bilməsin və Azərbaycan xalqı da dinc, təhlükəsiz həyat yaşasın. Başqa yolumuz qalmayıb”.
Mülki əhalinin qətlə yetirilməsi ilə bağlı Füzuli rayon prokurorluğunda Ermənistana qarşı cinayət işinin açılmasına gəlincə, deputat bununla bağlı Avropa Məhkəməsinə, beynəlxalq qurumlara şikayət olunduğu təqdirdə belə heç bir nəticə əldə olunmayacağını deyib. O fikrini belə əsaslandırıb:
"Sizi əmin edirəm ki, ermənilərə qarşı heç bir addım atılmayacaq. Avropa Məhkəməsi, Avropa Parlamenti, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, BMT və s. təşkilatlar heç biri Ermənistana qarşı təsirli tədbir görməyib, bundan sonra da addım atmayacaqlar. 20-ci əsrin sonunda ermənilər Xocalı soyqırımını törətdi. Bu faciəni törədənlərin içərisində hərbi rəhbər kimi çıxış edənlərin ikisi – Robert Koçaryan və Serj Sarkisyan prezident oldu. Onların ətrafına topladığı insanlar da soyqırımı törətmiş, əli qana bulaşmış insanlardır. Onlara Avropa Şurası da digər nüfuzlu beynəlxalq təşkilatlar da tribuna, mikrofon verdi ki, öz əməllərini sərgiləsinlər. Ermənistana qarşı cəza tətbiq olunması üçün bütün bu soyqırımlarından ötə nə olmalıdır ki? Əksinə işğalçı dövlət müdafiə olunur. Həmin beynəlxalq təşkilatlar bu günə qədər Azərbaycana qarşı çoxsaylı şər-böhtan kompaniyası təşkil ediblər. Ermənilərin xeyrinə isə müxtəlif addımlar atıblar. Beynəlxalq qurumlar işğalçını, terrorçunu, cinayətkarı müdafiə edirlərsə, ermənilərlə onların arasında heç bir fərq qalmayıb deməkdir”.
Qeyd edək ki, erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir. Belə ki, kəndin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.
Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb.
Aysel Aslan