Deputat içdiyimiz zəhərli suyu düşmən gülləsi ilə eyniləşdirdi

Zahid Oruc: "Bu sahədə vəziyyəti cəbhə xəttində, səngərdə dayanan əsgərin düşmən gülləsindən həyatını itirməsi ilə müqayisə etmək olar"
"İndiyə qədər Bakı və ətrafındakı ərazilərin içməli su ilə təmin olunması sahəsində görülən işləri dəyərləndirmək lazımdır”.
Bu sözləri Sherg.az-a binaların içməli su anbarlarında natəmizlik olması ilə bağlı iddialara cavab verərkən millət vəkili Zahid Oruc deyib. 
O bildirib ki, yeganə olaraq Kür çayının suyu mənbə kimi istifadə olunurdu və alternativ olaraq Oğuz-Qəbələdən gətirilən su vasitəsilə Bakıdakı gərginlik, suyun qrafiklərlə verilməsi aradan qaldırıldı:
"Eyni zamanda Ceyranbatan su hövzəsi ilə təminat işini hidro-texniki qurğular, anbarlar və s. işinin yenidən təşkili yönündə böyük tədbirlər həyata keçirildi. Ancaq konkret olaraq suyun tərkibinin müxtəlif viruslarla dolması və insanların zəhərlənməsi diqqəti cəlb edir. Bu barədə məlumatları təsdiqləmək və ya inkar etmək üçün yalnız müxtəlif monitorinqlər apardıqdan sonra görmək olar. Amma bu məsələnin milli təhlükəsizlik zəminli olduğunu hər kəs bilməlidir. Ümumiyyətlə, su hövzələrinin qorunması yönündə dövlətin gördüyü tədbirləri hər bir qurum, mərkəzi orqanlar yüksək səviyyədə həyata keçirməlidirlər. 
Çünki bu sahədə vəziyyəti cəbhə xəttində, səngərdə dayanan əsgərin düşmən gülləsindən həyatını itirməsi ilə müqayisə etmək olar. Fərqi yoxdur, ölkə daxilində, hər hansı ərazilərdə də uşaqlar içdiyi sudan, ekoloji anti-sanitar normativlərin çözülməməsindən irəli gələrək həyatını itirirlər.
Dövlət ötən illər ərzində çox yaxşı proqramlar qəbul edib, həmin sahə ilə bağlı vacib əməkdaşlıqlara gedib. Onlarla rayonda su infrastrukturunun yenidən qurulması həyata keçirilib. Sumqayıtda, ətraf ərazilərdə belə problem yaranıb və dövlət bunu daha artıq ictimailəşmədən həll etməlidir. Hər bir şəxs bir ünvana suyu yönəldərkən onun nəticəsini hesablamaq imkanında olmalıdır. Haradasa tullantı, çirkli su hövzəsi varsa, bunlar içməli su kimi istifadə olunursa, artıq əhalini zəhərləmiş olur. Bütün bunların mənfi nəticələrə gətirib çıxaracağını hər kəs anlamalıdır”.
Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov su anbarlarının vaxtlı-vaxtında təmizlənmədiyini söyləyib. Hətta sədrin açıqlamasına görə anbarların içərisində ölmüş siçovuldan tutmuş ayaqqabı tayınadək zir-zibilə rast gəlinir. 
Aysel Aslan