Vahid Əhmədov: "Maliyyə Bazarlarına Nəzarət Palatası bankların sağlamlaşdırılmasına çox təsir edə bilmədi"
"Maliyyə Bazarlarına Nəzarət Palatası 11 bankı bağladı. Halbuki biz bankların sadəcə birləşdirilməsini təklif etmişdik"
Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası arasındakı ziddiyyətlər bank sisteminə müəyyən mənfi təsirlər göstərir”
"2016-cı ildə Azərbaycana ən ciddi ziyanı bank sistemi vurub”.
Bu sözləri Sherg.az-a bankların vətəndaşlara qarşı kredit şərtlərini çətinləşdirməsinin səbəblərini izah edərkən iqtisadçı deputat Vahid Əhmədov deyib.
Prezident İlham Əliyevin də açıqlamasında bunu təsdiqlədiyini xatırladan V. Əhmədov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yaradılmasına baxmayaraq, qurum bankların sağlamlaşdırılmasına çox təsir edə bilmədi:
"Banklarda vəziyyət olduğu kimi qalır. Banklar iki devalvasiyadan sonra özləri müəyyən qədər maliyyə çətinliyinə düşdülər. Mən və həmkarım Əli Mənsimli müəyyən təkliflər verdik, dollarla olan kreditlərin qaytarılması yolları ilə bağlı 14 səhifəlik təkliflər irəli sürdük. Lakin onların heç biri yerinə yetirilmədi. Və MBNP bunları nəzərə almadı. Ona görə bank sistemində vəziyyət daha da pisləşdi.
Hazırda bu sistemdə istər kreditlərin verilməsi, istərsə də maliyyə məsələlərində ciddi problemlər var. Bankların ilk növbədə güclü kapitalı olmalıdır ki, normal işləyə bilsinlər. MBNP 11 bankı bağladı. Halbuki biz bankların sadəcə birləşdirilməsini təklif etmişdik. İri banklar və iri kapitallar yaradıb, onlar sayəsində insanlara kredit verilməlidir.
Bank sistemindəki sağlamlaşdırma və s. kimi tədbirlərin həyata keçirildiyi deyilir. Buna rəğmən keçən müddət ərzində problemli kreditlərin miqdarı 1,6 milyard manata çatıb. Bu isə ümumi maliyyə bazarı üçün şiddətli rəqəmdir.
Bu proses davam edir. Hesab edirəm ki, palatanın yaradılması, Mərkəzi Bankın səlahiyyətlərinin palataya verilməsi erkən addım idi. Müəyyən müddət gözləmək lazım idi və maliyyə bazarında, bank sistemində vəziyyət yaxşılaşanda buna getmək olardı. Amma indi iki qurum arasındakı ziddiyyətlər bank sisteminə müəyyən mənfi təsirlər göstərir”.
Aysel Aslan