Deputatdan çağırış:"Düşmən sosial şəbəkələri izləyir və şəkilləri..."

Aydın Mizrəzadə:"Övladları cəbhə xəttində hərbi xidmətdə olan profillər ciddi şəkildə izlənir, şəkillər götürülür. Onların arxasındakı mövqelərdən nəyisə aydınlaşdırmağa çalışırlar"
"Hərbçilərin və yaxınlarının sosial şəbəkələrdə diqqətli olması həm dinc dövr, həm də müharibə şəraitində vacibdir”.
Bunu Sherg.az-a Müdafiə Nazirliyinin əsgər və hərbçilərin yaxınlarını sosial şəbəkələr və telefon danışıqları ilə əlaqə zamanı diqqətli olmağa çağırmasının səbəblərini izah edərkən millət vəkili Aydın Mirzəzadə deyib. 
Deputat xatırladıb ki, Azərbaycan həddən artıq qəddar və hər cür provakasiyaya əla ata biləcək düşmənlə üz üzədir:
"İşğalçı ölkə provakasiyalarda maraqlıdır. Bu baxımdan Azərbaycana qarşı bütün düşmən üsullarından istifadə edir. Son dövrdə sosial şəbəkələr xüsusilə düşmən tərəfindən izlənilməkdədir. Hətta İrəvan Dövlət Universitetində Azərbaycan dili fakültəsi açılıb. Ciddi sürətdə Azərbaycan dilini tədris edəcək mütəxəssislər hazırlanır. Vaxtaşırı hətta sosial şəbəkədə azərbaycanlı ad və soyadı, şəkilləri ilə açılmış profillərdən Azərbaycan dövlət rəmzlərinə, azərbaycanlılar üçün müqəddəs olan məsələlərə dair kobud addımlar yayımlanır. Övladları cəbhə xəttində hərbi xidmətdə olan profillər ciddi şəkildə izlənir. Şəkillər götürülür. Onların arxasındakı mövqelərdən nəyisə aydınlaşdırmağa çalışırlar.
Bununla bərabər təcrübəli düşmən valideynlərin yaxud hərbi xidmətdə olan şəxslərin paylaşımlarından özünə lazım olan informasiyanı götürür. Bu baxımdan nəinki müharibə hətta dinc dövrdə belə hərbi xidmətdə olanların ailəsi və özləri çox ehtiyatlı olmalıdır. Onların qohumları isə tək övladları üçün deyil, eyni zamanda dövlət üçün də ciddi problemlər yarada biləcəyinin fərqinə varmalıdır”.
Qeyd edək ki, Müdafiə Nazirliyi əsgər valideynlərində deyilir: "Hörmətli vətəndaşlar! Hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmayın! Hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmayın!”
Aysel Aslan