Deputatdan Düşənbə görüşünə münasibət: "Heç kəs düşünməsin ki..."




"Ermənistan baş naziri Nikol Paşinyan konstruktivlik nümayiş etdirməyə hazırdırsa, Azərbaycan ona müəyyən güzəştli bir vaxt verməyə hazırdır". 

Bunu "Sherg.az" a millət vəkili, politoloq Rasim Musabəyov Azərbaycan və Ermənistan prezidentlərinin Düşənbə görüşünü şərh edərkən deyib. 

Deputatın sözlərinə görə, Azərbaycan tərəfi yaxın zaman ərzində gərginliyin artmaması və danışıqlar üçün əlverişli mühitin yaranması məsələləri ilə razılaşdı :

"İnanmıram ki, Ermənistanda seçkilər başa çatana qədər hansısa bir razılaşma imzalansın. 25 ildir danışıqlar gedirsə,  2-3 ay da gözləmək mümkündür. Heç kəs düşünməsin ki, bu vaxt limiti sərhədsizdir və o limiti uzatmaq mümkün olacaq. Bu, heç də belə deyil. Bu dəfə də Erməniatan özünü yaxşı aparmasa, vəziyyət ayrı bir müstəviyə keçəcək".

Qeyd edək ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüşün nəticələrindən biri də ondan ibarətdir ki, danışıqlar prosesinə sadiqlik nümayiş etdirilib.

Ayyət Əhməd