Deputatdan etiraf: "Torpağımızı azad etməyə imkan və icazə vermirlər"

Tahir Kərimli: "Münaqişənin həllinin uzanmasında birbaşa əli olan Rusiya, Amerika və Fransadır"


"Bizə torpağımızı azad etməyə imkan və icazə vermirlər”.

Bunu Sherg.az-a iyulun 18-19-da Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü haqqında danışarkən millət vəkili Tahir Kərimli deyib. 

O bildirib ki, münaqişənin həllinin uzanmasında birbaşa əli olan Rusiya, Amerika və Fransadır:

"Onlar münaqişənin həlli üçün əvvəldən həmsədr dövlətlər olublar, amma bu, böyük səhv idi. Minsk qrupu 9 ölkədən ibarət idi, növbəlik qaydasında olsaydı bəlkə də müəyyən yaxşı addımlar olardı.

Türkiyə ilə münasibətlərimiz aydındır. Sevinirəm ki, Türkmənistanla da dövlətlərarası münasibətlər yaxşılaşır. Ötən gün ölkə başçısı Özbəkistan nümayəndə heyətini də qəbul etdi. Bu tip görüşlər, diplomatik səylər, Azərbaycan tərəfini daha çox inandırma metodundan istifadə etməkdir. Hər halda müsbət addımlardır.

Rusiya ilə münasibətlərimizin düzəlməsi üçün həddindən artıq səy göstərməyimizə, Türkiyə ilə münasibətlərimizin qardaşlıq səviyyəsində olmasına baxmayaraq Rusiya bir qrup ermənini müdafiə etməkdə, onları türk-müsəlman ölkələrinə qarşı möhkəmləndirməkdə davam edir. Ona görə də, imkan verilsəydi Dağlıq Qarabağ münaqişəsi çoxdan həll edilərdi.

Diplomatik münasibətlər çox vacibdir. Həmin dövlətlərin bizə rəğbəti var və başqa dövlətləri inandıra bilərlər. Bu yaxınlarda Orta Asiya respublikalarından birinin sözlərini oxumuşdum. Sual verirlər ki, ermənilər sizin ərazinizi işğal etsə, hansı addımı atardınız? Rəhbər cavab verdi ki, biz heç zaman buna imkan verməzdik, hücumun qarşısını alardıq. Ermənistan tarixi şəraitdən istifadə edib, hücum etdi və Rusiyanın dəstəyi ilə torpaqlarımızı işğal etdi.

Hazırkı beynəlxalq şəraitdə xarici ölkələrlə diplomatik münasibətlərin istiləşməsi, əlaqələrin yaxşılaşması müsbətdir”.

Aysel Aslan