Deputatdan sensasion açıqlama: "Ermənilər müharibəyə hazırlaşır"

Araz Əlizadə:" Ermənilər müharibəyə hazırlaşdıqları üçün danışıqlara mane olurlar. Ən yaxşı cavab odur ki, Azərbaycan bunları bombardman etsin"



"Ermənilər işğal olunmuş ərazilərdə təlim keçirməklə müharibəyə hazırlaşdıqlarını xəbər verirlər”.

Bu barədə "Sherg.az”a millət vəkili Araz Əlizadə bildirib. 

O söyləyib ki, təlimlərin bir məqsədi də erməni əhalisini sakitləşdirməkdir:

"Ermənistanda insanlar orduya getmək istəmir. Hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanun layihəsinin ləğvindən sonra da etirazlar baş qaldırıb. Bu təlimlərə ən yaxşı cavab odur ki, Azərbaycan bunları bombardman etsin. Bu mənim təklifimdi, amma ən yaxşısını Ali Baş Komandan bilir.

Ermənilər müharibəyə hazırlaşdıqları üçün danışıqlara mane olurlar. BMT-də çıxışımda da bəyan etdim ki, Azərbaycan ATƏT-in Minsk qrupundan imtina etməlidir. BMT-nin Təhlükəsizlik Şurasına istiqamətlənməli və tələb edilməlidir ki, qətnamələrin həyata keçirilməsi üçün Ermənistana sanksiya tətbiq etsin. Bu da olmasa, Azərbaycan BMT nizamnaməsinə uyğun olaraq öz torpaqlarını müharibə yolu ilə azad etməlidir.


Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti təlimlər keçir. Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirilən təlimlər saat 11 radələrində başlayıb. Təlimdə ağır artilleriya qurğuları və texnikalardan istifadə olunur. Atəş səsləri cəbhə boyu yaşayış məntəqələrində eşidilir.

Aysel Aslan