Deputatdan sosial şəbəkələrə etiraz: "Bizi təhqir edirlər, abırsız vəziyyətə salırlar"



Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli də jurnalistlərə irad bildirib. Sherg.az-ın xəbərinə görə, millət vəkili deyib ki, bəzi jurnalistlər onu təhqir edirlər: 

"Hazırlanmaqda olan "Mətbuat Şurası haqqında” qanun layihəsi ilə tanış oldum. Bunun qəbul edilməsi zəruridir. Həm jurnalistlərin hüquqularının müdafiəsi sahəsində, həm də onların cəzalandırılması mexanizmləri haqqında məsələnin qoyulması düzgündür. Bu, eyni zamanda "Teleradio Şurası haqqında" qanuna da aid edilməlidir. Bəzi jurnalistlər var ki, ağlına gələni yazırlar. Mənim tanıdığım jurnalistlər var, onlar işinə ciddi yanaşır. Amma bir də görürsən sanki mətbuat, sosial şəbəkələr uşaqlarımızın şəxsiyyətini uşaqlıqdan öldürməklə məşğuldular. Onlar azmış kimi, parlamenti də gözdən salırlar. Elə bil sosial şəbəkələrə bir informasiya yemi lazımdır. Bir sözü dəyişirlər, konteksdən çıxarırlar, onlar da ağzına gələnləri deyirlər. İstənilən səviyyədə dövlət adamını təhqir edirlər. Abırsız, həyasız vəziyyətə salırlar".

T.Kərimli qeyd edib ki, ailə tərbiyəsi görüb, 50-60 il yaşayıb, amma heç vaxt o sözləri eşitməyib: 

"Heç uşaqlıqdan valideynlərimiz bizi çölə buraxmayıb ki, həmin sözləri eşidək. Gözlərimiz görür, qulaqlarımız eşidir. Bizi açıqca formada təhqir edirlər. Hər birimizin təhqir olunması, eyni zamanda bütün parlamentin, dövlətin də nüfuzunun aşağı salınması deməkdir. Bu məsələlərə son qoymaqdan ötrü mexanizm hazırlanmalıdır. Bir tədbir gğrülməlidir ki, bunun qarşısı alınsın”.
Anar