Deputatlar 55 manatdan artıq hədiyyə alsalar MM-ə hesabat verəcək
Əliməmməd Nuriyev dünyanın əksər dövlətlərində bu mexanizmin mövcud olduğunu deyib
Milli Məclisin ötən iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.
Qeyd edək ki, sözügedən qanun layihəsinin uzun müddətdir qəbulu gözlənilsə də, sənəd Milli Məclisdə hələ öz təsdiqini tapmayıb. Buna da səbəb qanun layihəsinin parlament üzvləri tərəfindən birmənalı qarşılanmamasıdır. Bəzi millət vəkilləri hesab edir ki, etik davranış kodeksi millət vəkillərinin fəaliyyətini məhdudlaşdıracaq. Deputatların fikrincə, onların sərgilədiyi davranışa qiyməti öz seçiciləri verməlidir. Millət vəkillərinin məmurlarla bərabərləşdirilməsi və hər ikisindən eyni dərəcədə davranış tələb olunması yolverilməzdir. Amma belə bir qanun layihəsinin qəbulunun zərurət olduğunu düşünənlər də yox deyil.
Belə ki, "Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsi qəbul olunacağı halda deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər.
Layihədə əsas mübahisəli məqamlardan biri də davranışına və yol verdiyi digər ciddi nöqsanlara görə deputat mandatının geri alınması qaydasının tənzimlənməsidir. Bu halda hansı tərəfin qərarına əsasən deputatın mandatdan məhrum edilməsi məsələsi ilə bağlı ortaq məxrəcə gəlinməyib.
Millət vəkili Aqil Abbas deyib ki, deputatların səlahiyyətinin azaldılması son günlər mətbuatda çox müzakirə edilir, hətta sarkazma çevrilib.
O, deputatın mandatının əlindən alınması barədə qərarın şərtlərinin doğru olmadığını deyib: "Məni 40 min nəfər seçici seçib, indi 9 nəfər İntizam Komissiyası üzvü məni bu hüquqdan necə məhrum edə bilər. Qardaş, məni siz seçmişdiniz? Əgər mən səlahiyyətimizi düzgün yerinə yetirmirəmsə, Füzuli-Ağcabədi camaatı, seçicilərimə bu səlahiyyət verilməlidir. Bütün dünyada 50 dollardan artıq hədiyyə alan onu muzeyə, parlamentə təqdim edir. Bizdə də bunun qəbul edilməsini normal qəbul edirik. Füzulidə bir nəfər mənə 150 manatlıq qoyun kəsir, onun 100 manatını kəsib İntizam Komissiyasına təqdim etməliyəm?”
Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev dünyanın əksər dövlətlərində bu mexanizmin mövcud olduğunu deyib. Onun sözlərinə görə, ABŞ konqresmenləri belə onlara təqdim olunan müxtəlif hədiyyələri qeydiyyata aldırırlar: "Azərbaycan Milli Məclisinin də belə bir qanun layihəsini müzakirəyə çıxarması təəccüblü deyil. Bu layihədə öz əksini tapan qaydalar "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna müvafiq tərtib edilib. Həm Azərbaycanın qoşulduğu beynəlxalq Konvensiyaların əsas prinsiplərindən biri də bütün vəzifəli şəxslər və Milli Məclis üzvləri üçün etik davranış qaydalarının qəbul edilməsidir.
Həmçinin çirkli pulların yuyulması üçün də etik standartların müəyyənləşdirilməsi vacib tələbdir”.
Deputatın 55 manatdan bahalı hədiyyə almasını qadağan edən maddəyə gəldikdə isə Ə.Nuriyev deyib ki, hədiyyələrin qəbulu qonaqpərvərlik çərçivəsində mümkündür. Korrupsiya təəssüratı yaradan istənilən hədiyyə ilə bağlı millət vəkili Milli Məclisi məlumatlandırmalıdır:
"Verilən hədiyyə deputatın statusu və onun vəzifə funksiyalarını yerinə yetirməsi ilə bağlıdırsa, 55 manat yox, 5 manat belə qəbul olunan deyil. Əks halda, onun nüfuzundan istifadə etdiyi anlamına gələcək. Bu mənada "Deputatların etik davranışı haqqında” qanuna sözügedən maddənin əlavə olunmasını əhəmiyyətli hesab edirəm. Deputatların onlara təqdim edilən hədiyyələri gizlətmələri, gizli hədiyyələşmə aparmaları barədə iddiaları da real saymıram. Məncə, o qədər də asan olmayacaq.
Hətta bəzi özəl şirkətlərdə belə hədiyyələrin məbləğinə limit təyin edirlər. BP kimi transmilli şirkətlərdə hədiyyələrin miqdarı 100 dollardan artıq ola bilməz. Banklarla bağlı da bu məsələ etik davranış kodeksində öz əksini tapıb”.
İntizam Komitəsinin qərarı ilə deputatların mandatının ləğvi məsələsinə gəldikdə isə hüquq müdafiəçisi deyib ki, bunun millət vəkillərinin toxunulmazlıq hüququnun məhdudlaşdırılmasına yönəlik addım kimi dəyərləndirilməsi başadüşüləndir:
"Korrupsiyaya qarşı mübarizənin elementlərindən biri də budur. Amma bir şərtlə ki, İntizam Komitəsi bu qanundan sui-istifadə edib, tənqidi fikir səsləndirən deputatları mandatının ləğvi ilə təhdid etməsin. Yəni bu prosedur, qayda bütünlükdə qanunla müəyyənləşdirilməlidir və ən əsası ədalətli yanaşmanı təmin etmək lazımdır. Milli Məclis deputatları əhali tərəfindən seçildiyi üçün onlar 5 il müddətində vətəndaşlar qarşısında hesabatlıdır. Bununla yanaşı, deputatlar Milli Məclisdə xalqı təmsil etdiyi üçün də davranış qaydalarına diqqət etməlidir".
Ə.Nuriyevin fikrincə, deputatların mandatının ləğvi səlahiyyəti İntizam komissiyasının 9 üzvünə yox, Parlamentin özünə verilməlidir. Millət vəkillərinin üçdə iki səs çoxluğu ilə davranış qaydalarını pozan deputatın mandatını ləğv etməsi daha məqsədəuyğun olar. Mandatdan məhrumetmə ağır bir cəza növü olduğu üçün bu işin 9 nəfərin qərarından asılı olması ədalətli deyil.
Şəymən