“Daha yaxşı olar ki, hədiyyələrin qeydiyyatının aparılması da qanun layihəsinə əlavə edilsin”
Deputatlar gizli hədiyyə ala bilməyəcəklər
Ağacan Abiyev: “Camaat bizdən yaxşı xəbərlər gözləyir, bu isə qeyri-ciddi qanun layihəsidir”
“Daha yaxşı olar ki, hədiyyələrin qeydiyyatının aparılması da qanun layihəsinə əlavə edilsin”
“Daha yaxşı olar ki, hədiyyələrin qeydiyyatının aparılması da qanun layihəsinə əlavə edilsin”
"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsində deputatın 55 manatdan bahalı hədiyyə alması qadağan edilir. Layihədə qeyd edilir ki, deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələriinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb və ya qəbul edə bilməz.
Bu qaydalar "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun müvafiq maddələrinə uyğundur. Sözügedən qanun qonaqpərvərliklə bağlı və dəyəri 55 manatdan yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilir. Qanun layihəsində bu da göstərilir ki, əgər deputat hədiyyənin qəbulu ilə bağlı bir qərara gələ bilməyibsə, bu halda Milli Məclisin İntizam Komissiyasının rəyini öyrənməlidir və ona uyğun davranmalıdır.
"Gəlişi gözəl sözlər” bax, buna deyirlər. Deyirsiz, yəni, deputat kimdənsə, haradansa hədiyyə təklifi aldıqda bunu İntizam Komissiyası ilə müzakirə edəcək, yaxud, 55 manatdan yuxarı verilmiş hədiyyə barədə məlumat verəcək? İntizam Komissiyası hansısa deputata 55 manatdan yuxarı məbləğdə hədiyyə təqdim edildiyini necə təsbit edəcək? Bizdə orta məktəblərdə pul yığılmasını kimsəyə sübut etmək olmur. Baxmayaraq ki, iki nəfərdən birimizin övladı məktəb şagirdidir və hər bayramda sinifdə pul yığıldığını hər kəs və hamı bilir. Əlimizlə veririk, pulu, ondan. Belə olan halda deputatın 55 manatdan bahalı hədiyyə alması necə, hansı üsulla təsbit ediləcək?
Məsələyə aydınlıq gətirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında qanunların işin rəsmi, hüquqi tərəfi olduğunu, lakin fəaliyyətin birbaşa insanın etikası və vicdanına söykəndiyini dedi:
- Nə Böyük Britaniya Parlamenti, nə də ABŞ Konqresi bu gün malik olduqları səviyyəyə birdən-birə gəliblər. Hazırda ABŞ konqresmenləri onlara təqdim olunan müxtəlif hədiyyələri qeydiyyata aldırırlar. Dünyanın əksər dövlətlərində bu mexanizm mövcuddur. Azərbaycan Milli Məclisinin də belə bir qanun layihəsini müzakirəyə çıxarması təəccüblü deyil. Layihədə açıq şəkildə qeyd olunur ki, yeni qaydalar "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna müvafiq tərtib edilib. Yəni hədiyyələrin qəbulu qonaqpərvərlik çərçivəsində olmalı və korrupsiya təəssüratı yaratmamalıdır. Dünyanın hər yerində korrupsiyaya qarşı mübarizə istiqamətində belə mexanizmlər tətbiq edilir, hətta böyük şirkətlər var ki, hədiyyələrin məbləğinə limit təyin edirlər. Qalır, hədiyyənin məbləğinin müəyyənləşdirilməsi və bunun təsbiti, hesab edirəm ki, bunun üçün hədiyyələrin reyestri, bir növ qeydiyyatı - uçotu aparılmalıdır. Bəlkə də yaxın zamanda bununla da bağlı qərar veriləcək ki, hədiyyələr qeydiyyata alınsın. Digər tərəfdən, hədiyyələr uzun müddət gizli qala bilməz. Çünki hədiyyələşmədə iki tərəf var; alan və təqdim edən. Belə məsələlər adətən gec-tez üzə çıxır. Bu mənada deputatların onlara təqdim edilən hədiyyələri gizlətmələri, gizli hədiyyələşmə aparmaları məncə, o qədər də asan olmayacaq. Həm də bu məsələ deputatın əxlaqından asılıdır. Ona görə də bu məsələ "Milli Məclis deputatlarının etik davranış qaydaları haqqında” qanunda əksini tapır. Yəni, bu məsələ hər bir deputatın əxlaqından asılıdır. Qanun qəbul ediləcəksə də, (böyük ehtimalla qəbul olunacaq - red. ) yenə də məsələ deputatın vicdanının öhdəsinə buraxılır. Əlbəttə, kimsə kənarda, başqasının görmədiyi, məlumatsız olduğu halda hədiyyə də qəbul edə bilər, lap rüşvət də alar. Amma etikalı və vicdanlı deputat, qanunverici orqanın təmsçilçisi olan şəxs təbii ki, bunu etməməlidir. Amma daha yaxşı olar ki, hədiyyələrin qeydiyyatının aparılması da qanun layihəsinə əlavə edilsin.
Məsələyə Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyev də münasibət bildirib. Modern.az-a açıqlamasında komissiya sədri bunları deyib: "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” yeni qanun layihəsi çox mənasız qanundur. Bizim bundan vacib işlərimiz var. Camaat bizdən yaxşı xəbərlər gözləyir, bu isə qeyri-ciddi qanun layihəsidir”.
Komissiya sədri qanun layihəsində qeyd edilən "deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır” sözlərini belə cavablandırıb:
"Bəlkə biz deputat hədiyyə alanda ondan çek də tələb edək? Bizim bütün problemlərimiz həll oldu, qaldı hədiyyə... Elə deputat var ki, ildə 1 dəfə, eləsi də var ki, 2-3 dəfə hədiyyə alır. Biz ondan soruşmalıyıq ki, hədiyyənin qiyməti nə qədərdi? Bu, çox qeyri-ciddi məsələdir”.
Məlahət Rzayeva