“Elə şərait yaratmaq lazımdır ki, taksi sürücüləri də dolana bilsinlər”
Parlamentin dünənki iclasında "Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihə haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, "BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -19 yaşdan ("B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə), tramvayları, trolleybusları idarəetmə hüququ - 21 yaşdan, "CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan ("C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə), "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək səhəsində təcrübə 5 ildən az olmamaq şərtilə), "DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək və "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək.
"İctimai nəqliyyatın tənzimlənməsi çox pis vəziyyətdədir”
Müzakirələrə qoşulan millət vəkili Fuad Muradov sürücülərlə bağlı məsələ qaldırıb. O deyib ki, "D” və "E” kateqoriyalı sürücülərin ən azı 3 il təcrübəsi olmalıdır: "Qanunda da bu yaş həddi 23 olaraq göstərilib. Biz bu yaşdan 3 il təcrübəni də çıxsaq, belə anlaşılır ki, sürücü 17-18 yaşından işləməyə başlamalıdır. Bu isə mümkün deyil”. Deputat bildirib ki, nəqliyyatda sürücülərin işinə ciddi nəzarət olunmalıdır: "Bu gün Avropada sərnişindaşımaya xüsusi yanaşma mövcuddur. Bizdə də belə olmalıdır. İctimai nəqliyyatın tənzimlənməsi bu gün ölkəmizdə çox pis vəziyyətdədir. Bunu mütləq yoluna qoymaq lazımdır. Bizim yanaşmamız ondan ibarətdir ki, lisenziyaları və sürücülük vəsiqələrini verərkən ilk növbədə insanların peşəkarlığı nəzərə alınmalıdır. Hesab edirəm ki, yaşla bağlı məsələyə daha ciddi və dəqiq baxmalıyıq. Əgər bu gün yol polisləri nəqliyyata, metroların üstündə avtobuslara nəzarət etməsələr, avtobuslar elə yerindəcə qalarlar. Yağış da, qar da bütün dünyada yağır və təbii hadisələrdir. Sadəcə olaraq biz yağışlı və qarlı havada risklərin qarşısını almağa çalışrıq. Biz əgər bu gün təhlükəsizlik və insan həyatını önəmli hesab ediriksə, ilk növbədə sürücünün iş yerini yox, onun peşəkarlığını fikirləşməliyik”.
"Taksi və avtobus sürücüləri bir tikə çörək uğrunda mübarizə aparır”
Deputat Fazil Mustafa deyib ki, avtobus və taksi sürücülərinin vəziyyəti acınacaqlıdır: "Bu gün taksi və avtobus sürücüləri bir tikə çörək uğrunda mübarizə aparır. Mən sürücülərə yaş həddinin tətbiq edilməsini düzgün addım hesab etmirəm. Bir zamanlar taksi və avtobus sürücüləri lüks peşə sahibi hesab edilirdilər. Zamanında onlar cəmiyyətin təminatlı ailəsi hesab olunurdular. İndiki şəraitdə isə bu peşə sahibləri bir tikə çörək uğrunda mübarizə aparırlar. Bu gün taksi sürücülərinin gecə-gündüz bir tikə çörək qazanmağının şahidi oluruq. Elə şərait yaratmaq lazımdır ki, taksi sürücüləri də dolana bilsinlər. O baxımdan məsələyə baxıb düzgün qərar vermək lazımdır”.