Vaqif Qarayev: "“Hazırda elə analar var ki, internetdə, sosial şəbəkələrdə oxuyurlar ki, uşağa süd verdikdə süd vəziləri böyüyür, bədən forması itir. Buna görə də, bəziləri ana südünü vermək istəmir və vermir"
"Yeni doğulan körpələr üçün ən optimal yemək ana südüdür”.
Bunu Sherg.az-a Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyevin anaların 48 faizinin subyektiv səbəblərdən körpələrinə süd verməməsi haqqında fikirlərini şərh edərkən tanınmış pediatr Vaqif Qarayev deyib.
O bildirib ki, təxminən 20 il əvvələ qədər ana südündə qıtlıq var idi. Amma son illərdə analarda süd var:
"Hazırda elə analar var, internetdə, sosial şəbəkələrdə oxuyurlar ki, uşağa süd verdikdə süd vəziləri böyüyür, bədən forması itir. Buna görə də, bəziləri ana südünü vermək istəmir və vermir. Uşaqların ac qalmamağı üçün süni qidalardan istifadə edirlər. Amma bizdə süni uşaq qidalarının reklamları da güclüdür. Bəzən doğum evlərində ananın südü ola-ola həkimlər süni qidalar məsləhət görür. Bu qətiyyən yol verilməzdir. Ona görə analar gərək gözüaçıq olsunlar, südü varsa, həkimə qətiyyən qulaq asmaq lazım deyil. İndi hansı zəmanədir? Analar gənc də olsalar bilirlər ki, uşaq ana südü ilə böyüməlidir, həkimi niyə dinləməyib, hansısa qarışımı övladına verməlidir?”
V.Qarayev bildirib ki, ilk hamiləlikdən sonra anada 1-2 gün süd olmaya bilər və ya az olar:
"Bu, o demək deyil ki, uşağı süni qidaya keçirmək lazımdır. Bütün dünyada qəbul olunan prinsip var ki, uşaq tez-tez əmizdirilməlidir. Bu südün yaranmasını simulyasiya edir. Yeni doğulan uşağın yeganə tanıdığı yer ananın döşüdür. Ona görə ilk sutkalarda ananın südü yoxdursa, süni qidaya keçmək üçün tələsməmək lazımdır. Uşaq doğulanda 2-3 saat ərzində ana südü ilə qidalandırılmalıdır. Əgər süd yoxdursa, uşağı ac qoymaq olmaz. Müvəqqəti, süd gələnə qədər nə iləsə qidalandırmaq lazımdır. Hətta 1-2 damcı ananın südü varsa, onu da vermək lazımdır”.
Uşaq və analarla bağlı oxuduğu sorğuların nəticələri haqqında danışan pediatr əlavə edib ki,fərqli suallar ortaya çıxır:
"Gənc analar başqa mövzularda məlumatlıdırlar, fərqli məlumatlar oxuyurlar. Amma öz övladlarını əmizdirmək baxımından özlərini elə göstərirlər ki, guya məlumatsızdırlar. Analarda günah var, amma 100 faiz hallarda mən ananı günahlandırmıram. Doğum evlərində süni qidaların reklamının qadağan olunması ilə bağlı qərar verilib. Həkim olaraq düşünürəm ki, doğum evlərində bu mütləqdir. Əgər ciddi səbəbdən ananın südü yoxdursa, uşağı ac qoymaq olmaz, mütləq süni qidaya keçmək lazımdır. Qalan hallarda bu, yolverilməzdi".
Qeyd edək ki, N. Quliyev Azərbaycanda 1 yaşa qədər uşaqların 48-52 faizi ana südü ilə qidalandığını əlavə edib. O bildirib ki, süni qida ilə qidalanan uşaqlarda xəstələnmə və ölüm hallarına ana südü ilə qidalanan uşaqlara nisbətən 4 dəfə daha çox rast gəlinir.
Aysel Aslan