Dərmanları soyuducuda saxlamaq qətiyyən olmaz

Həblər mütləq ev şəraitində, otaq temperaturunda və gün düşməyən, qaranlıq yerdə saxlanmalıdır


Astara rayonunun Artoba kəndində boğazında dərman qalan 3 yaşlı qızcığaz vəfat edib. Bu bir bədbəxt, gözlənilməz hadisə olsa da, özündə bir çox vacib məqamları ehtiva edir. Uşaqlara dərman necə içirdilməlidir, hansı dərmanı uşağa vermək olar, hansını yox və s. başqa mövzudur. Ümumilikdə isə dərman zəhərlənmələrinin sayı da son zamanlar artıb. Söhbət, dərmandan zəhərlənmədən deyil, dərmanla zəhərlənmədən - yəni bilərəkdən, qəsdlə dərman həbləri içib intihara cəhd etməkdən gedir. İndiyədək nə qədər belə hadisələrin şahidi olmuşuq ki, birisi böyük sayda həb içərək intihara təşəbbüs edib. Xilas edilənlər də olub, təəssüf ki, həyatını xilas etmək mümkün olmayanlar da. Bəs dərman preparatları harada, necə, hansı şəraitdə saxlanmalıdır?

Nəinki uşaqları, hətta böyükləri də dərmanlardan necə qorumaq olar?

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədovla bu mövzunu çözməyə çalışdıq.

Ş.Məmmədov "Şərq”ə açıqlamasında bildirdi ki, dərman qrupları müxtəlif olduğu üçün zəhərlənmələr də müxtəlifdir:

- Hər dərman qrupunun zəhərlənmə xüsusiyyəti də fərqlidir. Narkotik tərkibli dərmanlardan zəhərlənmə bir cür, antibiotik tərkibli həblərdən zəhərlənmə isə başqa cür olur. Ən əsası isə biz dərmandan zəhərlənmə ilə, dərmanın əlavə təsirləri nəticəsində əmələ gələn zəhərlənməni, eləcə də, dərmanla bilərəkdən zəhərlənməni ayırd etməliyik. Dərmanlar hər insana müxtəlif cür təsir edə bilər. Adam var, 2-3 həb ard-arda həb atır, deyir, təsir etmədi. Adam da var, bir həb analgindən şoka düşür. Ölümlə üz-üzə qalır. Bizim çətinliyimiz ondadır ki, vətəndaşlarımızın tibbi savadı aşağı səviyyədədir. Səhiyyə maarifçiliyi zəifdir. Bəzən insanlar aptekdən aldıqları dərmanların nəinki içliyini, heç üzərində yazılanı da oxumur. Dərman preparatlarının qutusunun üzərində ilk gözə dəyən dərmanın saxlanma şəraiti ilə bağlı bilgidir. Əksər dərmanlar üçün saxlanma şəraiti mənfi 25 dərəcədən aşağı olmamaq şərti keçərlidir. Təcrübəmdən deyə bilərəm ki, hətta bu adi qaydaya da bizim insanlarımız əməl etmir. Çağırışa gedirik, xəstənin yaxınlarına müraciət edirəm ki, gətirin görüm, hansı dərmanları qəbul edir, görürəm, bir ovuc dərman gətirirlər, hamısı da sellofan torbanın içində. Hamısı qarışıb biri-birinə. Biri açıq, biri bağlı, yarımçıq qalmış dərmanlar... Bəzisi də, dərmanları soyuducuda saxlayır. Dərmanlar, xüsusən də həb şəklindədirsə, onları soyuducuya qoymaq qətiyyən olmaz. Həblər mütləq ev şəraitində, otaq temperaturunda və gün düşməyən, qaranlıq yerdə saxlanmalıdır. Bir çəkməcədə, dolabda. Kim bu adamların beyninə salıb dərmanları soyuducuya qoymağı?! Bir halda ki, dərmanları necə saxlamağı bilmirik, əlbəttə, zəhərlənmə də olacaq. Allah uzaq eləsin, ölüm halları da. Dərman qutularının üzərində də, içliyində də yazılır ki, uşaqların əli çatmayan yerdə saxlayın. Uşaqdı, başa düşmür, bilmir, alıb ağzına atır. Bəs böyüklərə nə deyəsən?! Dərman qəbul etməyə hazırlaşan adam əvvəlcə onun içliyini oxumalıdır, qəbul etmə qaydalarına baxmalıdır. Son illər bizim əhalidə həkimsiz həkimlik etmək də geniş yayılıb. Hardansa, kimdənsə eşitdikləri dərmanları alırlar, özbaşına qəbul edirlər. Həkimə müraciət etməyə ərinirlər. Özləri həkimlik edirlər. Bu da bəzən xoşagəlməz, hətta faciəli nəticələrə gətirib çıxarır.

Ş.Məmmədov dərmanla qəsdən zəhərlənmələr barədə də danışdı:

- Təcrübəmdə olub ki, dərman zəhərlənməsi çağırışına getmişik, görmüşük, 10-18 həbi birdəfəyə atıb. Belə hallarda əlbəttə, dərhal təcili tibbi yardım çağırılmalıdır. Həkim gələnədək isə ilkin yardım göstərilməlidir. Ev şəraitində ilkin tibbi yardım məqsədilə birinci növbədə mədə yuyulmalıdır. Zəhərlənmiş adama bacardıqca çox miqdarda 2-3 litr qaynadılmış ilıq su içirmək lazımdır ki, mədəsində olanları qaytarsın. Bəzən deyirlər, marqanisli su, sodalı su və s. bunlar hamısı yanlışdır. Tibbi təlimatlarda yalnız qaynadılmış ilıq su məsləhət görülür. Başqa heç bir üsula icazə verilmir. Çünki zəhərlənməyə səbəb olmuş dərmanın qrupu, xarakteri bilinmir. Başqa məhlul, hansısa kimyəvi element qatılmış su dərmanla reaksiya verərək zəhərlənməni daha da gücləndirə, ağırlaşdıra bilər. Ona görə də ancaq təmiz, ilıq su məsləhət görülür. Ümumiyyətlə isə, istər dərmanla intihara cəhd, istərsə də, başqa üsullarla intihara cəhd edənlərlə bağlı mən həmişə ailə tərbiyəsindəki çatışmazlığı əsas amil hesab edirəm. Pisxologiyada buna tərbiyə defekti deyilir. Yəni, tərbiyədə defektə yol verilib. Müasir gənclərin məşğuliyyətinə baxın; günün 24 saatının bəlkə də 20-ni əldə telefon və qulaqcıqla keçirirlər. Beyin buna dözər?! Beyin inkişafdan qalır, dincəlmir, nəticədə qətiyyətsiz addımlar, axmaq fikirlər özünə yer eləyir. İntihara cəhd edənlər əsasən 20-25 yaş arası gənclərdir. Çünki beyinləri dağılıb, düzgün düşünüb qərar verməkdə acizdirlər. Çətinlikdən, problemdən yaxa qurtarmağın yolunu intiharda görürlər. Məsləhət görərdim ki, evdə lazımsız dərmanlar saxlanmasın. Dərmanlarla bağlı ailə üzvləri maarifləndirilsin.

Məlahət Rzayeva