Məlahət Mürşüdlü: “Bu da ondan qaynaqlanır ki, dərsliklərin ictimai müzakirəsi aparılmır”
Təhsil naziri Mikayıl Cabbarov hesab edir ki, təhsilin səriştəyə əsaslanan məzmunun yaradılması istiqamətində aparılan islahatlar içərisində əsas yeri ümumtəhsil pilləsi üzrə dərsliklərin hazırlanması təşkil edir. Nazirin sözlərinə görə, bu istiqamətdə işlər istənilən sürətlə getməsə də, son 3 ildə müəyyən uğurlar da olub. Bu uğurları sadalayan nazir kurikuluma əsaslanan 276 adda yeni dərslik və müəllim üçün metodik vəsaitin hazırlanmasını da xüsusi qeyd edib: "Dərslik hazırlığı sahəsində Təhsil Nazirliyi tərəfindən bir sıra işlər görülüb.
Qiymətləndirmədə şəffaflığı təmin etmək üçün dərslik layihələri biri-birindən asılı olmayaraq müxtəlif ekspertizalara göndərilib. Dərslikləri məmurlar yox, bu sahənin mütəxəssisləri, alimləri yazır”. Dərslik hazırlığında müəllim qıtlığının olduğuna təəssüflənən nazir bildirib ki, bu işə ən yaxşı mütəxəssislər cəlb edilməlidir. Amma indiki sosial iqtisadi şəraitdə onları yalnız çağırışlarla həvəsləndirmək mümkün deyil. Nazirlik sifariş əsasında ehtiyat dərsliklərin hazırlanması, bu işə ən yaxşı mütəxəssislərin qoşulması təşəbbüsü ilə çıxış edərək müvafiq normativ sənədlərin layihələrini hökumətə və digər aidiyyəti qurumlara təqdim edir. Təhsil Nazirliyi bu işdə bu il yenilik də edib. Belə ki, yeni hazırlanan dərslik layihələri çapa verilmədən öncə nazirliyin internet portalında yerləşdirməklə ictimai müzakirəyə çıxarırılır”. Orta məktəblərin yeni bir tədris proqramına keçid mərhələsində olduğunu vurğulayan "Azad Müəllimlər Birliyi "nin sədri, təhsil eksperti Məlahət Mürşüdlü hesab edir ki, kurikulumlarla bağlı bütün dərsliklər, 1-ci-11-ci sinif dərslikləri təzələnməlidir: "Sözsüz ki, 8-ci sinif də daxil olmaqla bütün fənnlər üzrə aşağı sinif dərslikləri hazırlanıb. Hansı ki, bu dərsliklərdə bir sıra problemlər, uyğunsuzluqlar var. Bu da ondan qaynaqlanır ki, dərsliklərin ictimai müzakirəsi aparılmır. Məktəblərdə fənn müəllimləri arasında müzakirələr aparılmalı, müəlliflər və fənn müəllimləri arasında görüşlər keçirilməlidir. Qarşılıqlı əməkdaşlıq nəticəsində düşünürəm ki, problemlər aradan qaldırıla bilər. Bizdə çatışmayan cəhət odur ki, orta məktəb müəllimləri dərsliklərini yalnız hazır şəkildə görür. Halbuki, dərsliklərin ictimai müzakirələri olmalı, müəlliflər fikirlərini orta məktəb müəllimləri ilə bölüşməlidir. Çünki onlar praktiklərdir. Praktikada ola bilər ki, hər bir nəzəri hissə dərslikdə başqa cür şərh edilə bilər, həqiqi mənasını tapa bilməz. Buna görə mən düşünürəm ki, dərsliklərdə problemlər bundan qaynaqlanır. Davamlı müzakirələr keçirilməlidir. Müəllim və müəllif arasında, heç olmasa, eksperiment yolu ilə dərsliklər məktəblərdə tədris olunmalı, sonra kütləvi şəkildə onun nəşrinə başlanılmalıdır”.
Nihad Kərimli