Dilqəm Əsgərovun həkimi Bakıya xəbər gətirdi

Həvva Məmmədovanın fikrincə, Dilqəmin həkimi ermənilərin ciddi nəzarəti altında çox səthi müayinə aparıb


Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun həkimi Azərbaycana gəlib. Bu barədə girovun qardaşı Sahib Musayev məlumat verib. Britaniyalı həkimlə görüşən S.Musayev qardaşının səhhəti ilə maraqlandığını deyib:

"Həkim britaniyalıdır. O, Dilqəmi müayinə edib. Bizə bildirdi ki, Dilqəmin səhhəti normaldır, müalicə ediblər, ciddi problemi yoxdur. Mənim fikrimcə, həkim həqiqəti demir. Çünki biz Dilqəmin sonuncu videolarına baxanda dəhşətə gəldik. O, çox pis vəziyyətdə idi. Dilqəmin səhhətinin yaxşı olduğu inandırıcı deyil. Həkim Dilqəmi səthi müalicə edib. Onun daxili orqanlarının hansı vəziyyətdə olduğunu Allah bilir”. 

Girov ailəsinin narahatlığı ilə bağlı "Şərq”ə fikirlərini bölüşən sabiq millət vəkili, professor Həvva Məmmədova deyib ki, erməni əsarətinə düşənlərin hamısının taleyi ağır olub. Onun sözlərinə görə, uzun zaman, hətta bir-iki həftəlik düşmən əsirliyində qalan vətəndaşlarımızın səhhətində ciddi problemlər ortaya çıxıb: 

"Biz onları dinləyəndə, əlavə məlumatlar əldə edəndə erməni vəhşiliyi, onların əsirlərlə vəhşicəsinə davrandığı aydın olurdu. Düşmənlər insanlığa sığmayan hərəkətlər edərək beynəlxalq qanunları kobud şəkildə pozublar, dəhşətli cinayətlər törədiblər. Ümumiyyətlə, ermənilər insani hisslərdən uzaq olublar”. 

H.Məmmədovanın fikrincə, Dilqəmin həkimi ermənilərin ciddi nəzarəti altında çox səthi müayinə aparıb: 

"Düşmən həmişə öz hərəkətləri ilə özünü ifşa edib. Şübhəsiz ki, girovlarımız gec-tez azad ediləcək. Qətiyyən pessimist yanaşmaq istəmirəm. Amma girovlarımıza qarşı həyata keçirilən davranışlar, qəddarlıqlar yaddaşımızdan silinməyəcək. Əslində xaricdən gələn həkimlər ermənilərin onları aldatdıqlarını bilirlər. Bəlkə ingilis həkim Dilqəmi ümumiyyətlə yoxlamayıb, heç onu yaxından görməyib. Sadəcə erməni həkimlərin saxta müayinəsinə əsasən rəy verib. Bunlar şübhəli məsələlərdir. Girovlarımızın son görüntüsünə mən də baxmışam. Dilqəmin vəziyyəti ilə həkimin "diaqnozu” bir-birinə ziddir. Ola bilsin, həkim özünə zərər gəlməməsi üçün bu cür yalan məlumatlar verir”.

İsmayıl