Dilqəm və Şahbazdan ciddi xəbər var:"...Yaxın aylarda..."

"Atam Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ciddi xəbərlər var, amma dəqiqliklə mətbuata açıqlaya bilmərəm”.
Bunu "Sherg.az”a Kəlbəcərdə yaxınlarının məzarını ziyarət edərkən erməni separatçıları tərəfindən girov götürülən D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov söyləyib. 
O vurğulayıb ki, ölkə başçısı İlham Əliyev bu məsələni daim diqqətdə saxlayır:
"İnandırım sizi, dövlət səviyyəsində çox işlər görülür. Mənə elə gəlir ki, yaxın aylarda girovlarımız azad olunacaq". 
Atama məktub yazmışam, hələlik cavab gəlməyib. Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Yeni il ərəfəsində girovlarımızla danışmaq üçün şərait yaradırlar. Hətta onların vasitəsilə atama ərzaq, lazımlı əşyalar alıb, göndərmişəm.
Onu da bildirmək istəyirəm ki, hər zaman dövlətimə, prezidentimə inanmışam. Bu məsələdə də dövlətimizin yenə lazımi addım atacağına şübhəm yoxdur”.
Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.
Aysel Aslan