DİM 9 rayonda imtahan keçirəcək




Dövlət İmtahan Mərkəzi iyulun 5-də növbəti imtahanlar keçirəcək.

DİM-dən Lent.az-a verilən məlumata görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 52 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 26709 nəfərin iştirak edəcəyi gözlənilir.

Bu imtahanlarda - ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 17928 nəfər əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4886 nəfər əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 914 nəfər IX sinif , 2981 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 188 imtahan rəhbəri, 2182 nəzarətçi-müəllim ayrılıb.
Bu imtahanlarda iştirak edəcək şagirdlər (abituriyentlər) "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 30-dan etibarən çap edib götürə bilirlər.