DİN-in çevikliyi bütün planları puç etdi
Gəncə ssenarisini hazırlayan qüvvələr daha çox itki gözləyirdilər
"Polis əməkdaşlarımız Gəncədə, ölkədə sabitliyin qorunması üçün öz andlarına sadiq qalıb, dövlətçiliyə sadiqliyini göstəriblər”. Bunu Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşlarının vida mərasimində daxili işlər nazirinin müavini Oruc Zalov bildirib. Oruc Zalov deyib ki, şəhid olan əməkdaşlar polis şərəfini qoruyublar: "Onlar şəhid olaraq minlərlə insana bildiriblər ki, cinayətkarlığa aman verilməyəcək. Yeri gəlsə, canımızı qurban verəcəyimizlə bağlı anda sadiq qalıb, sabitliyi qorumaq üçün canlarından keçərək şəhid olublar”.
Nazir müavini əlavə edib ki, hər iki polis əməkdaşı uzun illər daxili işlər orqanlarında şərəflə xidmət ediblər: "İlqar Balakişiyev 35 il daxili işlər orqanlarında xidmət edib, qarşıya qoyulan tapşırıqları şərəflə yerinə yetirib, dəfələrlə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılıb. İlqar Balakişiyev 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən "İgidliyə görə” medalı ilə təltif edilib. Gəncə şəhərinin sakinləri arasında böyük hörmətə malik olub. Nümunəvi xidmət göstərərək sübut edib ki, əsl polis işçisi necə olur.
Şəhid qardaşımız Səməd Abbasov da şərəfli bir xidmət yolu keçib, polis serjantlığından polis mayoruna kimi yüksələn, Nizami Rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilən Səməd Abbasov daim kollektivdə nümunəvi xidməti ilə fərqlənib. Kollektivə Gəncədə ictimai asayişin qorunmasında öz şərəfli xidməti ilə nümunə olub. Bu, bizim üçün, gəncəlilər üçün böyük itkidir. Lakin mən inanıram ki, İlqar Balakişiyev və Səməd Abbasovun xatirəsi heç vaxt yaddan çıxmayacaq. Onların keçdiyi şərəfli xidmət yolu onların yoldaşları, Gəncə sakinləri tərəfindən daim xatırlanacaq. İnanıram ki, bir çox gənclər onlardan nümunə götürüb ölkədə əmin-amanlığın qorunması üçün yeri gəlsə, canlarını belə əsirgəməyəcəklər”.
İctimaiyyət nümayəndələri də Azərbaycan polisinin öz canı, qanı bahasına ölkədə sabitliyi və asayişi qorumasını, böyük qəhrəmanlıq göstərməsini yüksək qiymətləndiriblər. Onların fikrincə, şəhidlik zirvəsinə yüksəlmiş polislərimizin davranışları onların timsalında bütövlükdə Azərbaycanın hüquq-mühafizə orqanlarının humanizmini, vətənpərvərliyini və dövlətə olan bağlılığını göstərir.
Hüquq-mühafizə orqanının sabiq əməkdaşı, polis polkovniki Yabuq Mahmudov "Şərq”ə açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanları, xüsusən Daxili İşlər Nazirliyi öz işini çox yaxşı aparır və istənilən şəraitdə lazımi tədbirlər görür. Onun sözlərinə görə, məhz görülən tədbirlər sayəsində bu gün Gəncədə sabitlik tam bərpa olunub:
"Konkret cinayətkarlar və onların tərəfdarları ilə bağlı obyektiv istintaq aparılacaq. O zaman kimin günahkar olduğu, onların arxasında kimin dayandığı ortaya çıxacaq. Təqsirkarlar müəyyən olunduqdan sonra lazımi tədbirlər də görüləcək. Azərbaycan xalqı, ziyalılar, ictimai xadimlər dövlət və müvafiq strukturlar tərəfindən görülən işləri tam dəstəkləyir. Mən də hüquq-mühafizə orqanlarının əməkdaşı və bir ağsaqqal kimi dövlət qurumlarının tədbirlərini dəstəkləyirəm”.
Çağdaş Strateji Araşdırma Mərkəzinin rəhbəri Seymur Süleymanov da "Şərq”ə deyib ki, ötən gün Gəncədə baş verən terror hadisəsi zamanı 2 polis zabitinin qətlə yetirilməsi çox ciddi hadisədir. Ekspertin fikrincə, Gəncə ssenarisini hazırlayan qüvvələr daha çox itki planlayırdılar. Ancaq Daxili İşlər Nazirliyinin əməkdaşlarının çevikliyi bütün planları puç etdi:
"Gəncə hadisəsi bizlərə əyani sübut etdi ki, polislərimiz dövlətçiliyimizin keşiyində nəyin bahasına olursa olsun durmağa hər zaman hazırdırlar. Çox məyusedici haldır ki, Gəncədə qaragüruh qüvvələrin xain planlarına alət olaraq, polisinə, dövlətinə qarşı çıxanlar oldu.
Təbii ki, bu ssenarini dini motivlər əsasında reallaşdırdılar. İnançlı insanların hissləri üzərindən öz xain əməllərinin həyata keçməsi üçün istifadə etdilər. Yunis Səfərov və dünən 2 polisimizi şəhid edən xainlər sadəcə və sadəcə oyunçudurlar. Yəni pərdənin önündə olanlar bizə bəllidir, pərdənin arxasındakılar isə tam məlum deyil. Baş verən hadisə ciddi siqnaldır. Birbaşa dövlətçiliyimizə qarşı atılan addımdır. Əziz xalqım! Dövlətimizi, ölkəmizi və ən əsası müstəqilliyimizi qorumaq üçün möhkəm dayanmaq lazımdır! Hər kəs əmin olsun ki, dövlətimiz və eləcə də hüquq-mühafizə orqanları istənilən anti-Azərbaycan qüvvələrini darmadağın etməyə qadirdir. Biz isə vətəndaşlıq mövqeyimizi ortaya qoyaraq, dövlətimizin yanında olmalıyıq. Bu bizim həm də borcumuzdur”.
İsmayıl