Din və media münasibətləri...

Bu elə bir həssas məsələdir ki, tez-tez müzakirə olunmalı, jurnalistlər arasında təbliğat aparılmalıdır





Ötən gün Mətbuat Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Qubada "Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilib. İki günlük seminara ölkəmizdə fəaliyyət göstərən media qurumlarının əməkdaşları və mütəxəssislər qatılıblar. Konfransda vurğulanıb ki, milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşür. Bu baxımdan jurnalistlər dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini önə çəkərək bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. O qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrimizin fəaliyyəti önəmlidir: "Jurnalistlər dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalı, məlumatları düzgün çatdırmalıdırlar. Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq”. Ə.Amaşov bildirib ki, Mətbuat Şurası yarandığı vaxtdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq edir və jurnalistlərin dini biliklərini artırmaq üçün müxtəlif seminarlar və tədbirlər keçirir. Azərbaycan müsəlman ölkələri ilə xristian ölkələri arasında bir körpüdür. Dövlətimiz həm Avropa ölkələrinə, həm də islam ölkələrinə nümunə ola bilər. Ona görə də Azərbaycan mətbuatı bütün bu məsələləri həm cəmiyyətə, həm də dünya ictimaiyyətinə düzgün çatdırmalıdır”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, ölkəmizdə dövlət-din münasibətləri normal məcrada inkişaf edir. G.İsmayılov bildirib ki, dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalıdır. Mövzuya həssaslıqla yanaşmalıdırlar. Məzhəbçiliyin güclənməsi, eləcə də xurafat meyillərinin çoxalması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması, dini radikalizm fikirlərinin yayılması tendensiyalarının müşahidə edildiyinə diqqət çəkən sədr müavini cəmiyyətdə dinlə bağlı belə problemlərin yaranmasının arzuolunmaz hal olduğunu bildirib. Vurğulanıb ki, ideoloji sahədə yaranmış bütün bu problemləri həll etmək üçün dövlət qurumları ilə yanaşı, jurnalistlər də öz töhfələrini verməlidirlər: "Bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını davam etdirməyə çalışırlar. Dini dözümsüzlük əsasən xaricdən idarə olunan dini saytlar, xəbər portalları tərəfindən nümayiş etdirilir. Bu isə onu deməyə əsas verir ki, həmin dini qruplar Azərbaycanda medianın dini məsələlərə sağlam yanaşmasını gördükləri üçün buna alternativ kimi xaricdən idarə olunan media formalaşdırmağa çalışırlar. Bu cür xəbər portallarına qarşı ciddi mübarizə aparılır. Bu cür dini təhdidlərə qarşı mübarizədə media mühüm dəstək göstərir və bundan sonra da bu istiqamətdə KİV-in dəstəyinə güvənirik”.

Gündəmə gətirilən mövzu ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, Şura sədri çox həssas və dünyanın diqqətində olan bir məsələ haqqında növbəti dəfə fikir səsləndirib:

 "Bu elə bir məsələdir ki, mütləq vaxtlı-vaxtında dilə gətirilməli, özəlliklə də jurnalistlər arasında təbliğatı aparılmalıdır. Doğrudan da jurnalistlərimiz bəzən bu məsələlərdə sinifdə qalırlar. Çünki qeyd olunduğu kimi, naşıdırlar, mövzunu yetərincə bilmirlər. Ona görə də dini məsələlərdən yazan jurnalist mütləq bu sahənin çox həssas mövzu olduğunun fərqinə varmalıdır. Din elə bir mövzudur ki, bir anda toplumun böyük bir kəsimini yerindən oynada bilər. O baxımdan hər kəsin din mövzusunda yazması məqsədəuyğun deyil. Düzdür, xəbər yazanlar gördüklərini olduğu kimi xəbərə çevirib yaza bilərlər. Amma hətta bu halda belə nəyi və necə yazmağı bilməlidirlər. Ümumiyyətlə isə bu məsələdən ixtisaslaşmış jurnalistlərin yazması daha məqsədəuyğundur. Özəlliklə din mövzusunda təhlil və şərhlərin müəllifləri sahənin bilicisi olmalıdır”.

"Yeni Müsavat” qəzetinin əməkdaşı, dini mövzularla bağlı yazan jurnalist Kənan Rövşənoğlu da "Şərq”ə bildirib ki, bütün digər mövzularda olduğu kimi, din sahəsində də ixtisaslaşma lazımdır: 
"Bu sahədən yazan jurnalistin həm dini bilikləri, dinlərlə tanışlığı olmalıdır, həm də mövcud dini şəraiti, şərtləri bilməlidir. Təbii ki, dini mövzudan yazan jurnalistin ilahiyyatçı olmasına gərək yoxdur. Elementar bilikləri olsa, yetərlidir. Çünki din həssas mövzudur, son illərin təcrübəsi də göstərdi ki, dünyada buna görə böyük qarmaqarışıqlıqlar, etirazlar baş verib. Bu səbəbdən dini mövzunu ən azı elementar bilgisi olanların yazması daha yaxşıdır. Digər tərəfdən ekspert və ilahiyyatçıları da seçərkən diqqət etmək lazımdır. Marginal, qeyri-leqal dini icmaların təmsilçilərinə mətbuatda yer vermək olmaz. Çünki bu zaman dini dözümsüzlük və qarşıdurma yarana bilər. Əlbəttə, söhbət dini məsələlərdən gedir. Amma ümumi məsələlərdə, məsələn, hansısa icmanın şikayəti və ya narazılığına mətbuat həssaslıqla yanaşmalıdır. Çünki cəmiyyətin bu sahədə yaşananlara diqqət göstərməsi lazımdır”.

"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli isə bəyan edib ki, bununla bağlı dəfələrlə təklif verilib və bildirilib ki, jurnalistika fakültələrində "Dini biliklərin əsasları” fənni tədris olunmalıdır: 

"Bəzi dostlar buna ehtiyatla yanaşır, jurnalist olacaq tələbələrin müəyyən dini konfessiyaların təsiri altına düşə biləcəyini hesab edirlər. Ancaq mənim fikrimcə, dini biliklər tədris olunmalı, jurnalistlər bu sahə ilə bağlı məlumat əldə etməlidirlər. Hazırda işləyən jurnalistlər üçün isə kurslar, treninqlər, təlimlər, seminarlar keçirilməlidir. Bu təlimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Multikulturalizm Mərkəzi məsləhət bildiyi ekspertlərin iştirakı ilə keçirə bilər. Məncə, redaksiyalar bu məsələyə həssas yanaşmalı, dini biliyi yetərincə olmayan jurnalistlərin bu sahədən yazmasına, müsahibə almasına imkan verməməlidir. 2000-ci illərin əvvəllərində işlədiyim redaksiyaların birində bir hadisə oldu. Redaksiya kollektivi ilə çox yaxşı, səmimi münasibətlərə malik olan bir ilahiyyatçı ilə narazılıq yaşandı. Tam təsadüfən onunla müsahibəni dinə inanmayan, ateist yazarların təsiri altında olan gənc bir müxbir aparmışdı. Din adamları həssas olur. Bu adam da müxbirin kobud hesab etdiyi suallarını redaksiyanın mövqeyi kimi anlayıb və küsüb getmişdi”.

Redaktorun sözlərinə görə, jurnalistika elə sahədir ki, burada dini təriqətlərin təsirində olan radikal dindarlar üstünlük təşkil edə bilməz: "Azərbaycan mətbuatının ənənələri var. Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli və digər maarifçi ziyalıların əsasını qoyduğu milli mətbuatımız daim xurafata, cəhalətə qarşı olub. 
Azərbaycan mediasında cəhaləti, mövhumatı təbliğ etmək zatən mümkün deyil. Cəmiyyətimizdə sekulyar düşüncəli insanlar əksəriyyət təşkil edir. Ancaq dini inanclılar da var və media hər kəsin dini inancına hörmət etməlidir. Jurnalistlər dini dözümsüzlük, məzhəb ayrı-seçkiliyi yarada bilən, Azərbaycanda milli birliyə, dini tolerantlığa xələl gətirən söz və ifadələrdən qaçmalıdır”.
İlahiyyatçı Hacı Atif İsmayılov da vurğulayıb ki, din fitri bir mövzu olduğu üçün cəmiyyətdə hər kəs ona birmənalı baxa bilməz. Onun sözlərinə görə, dini bilgisi zəif olan, ümumiyyətlə, dini mühitdən başı çıxmayan şəxslər islami məsələləri çox yanlış anlayır və o cür də təbliğ etməyə başlayır: "Din və ona bağlı olan mövzular dərin mənalı və geniş səviyyəli bir elmdir. Buna görə də bütün müsəlmanlar yalnız Allahdan gələn vəhyə və ilahi tövsiyələrə tabe oluruq. Fərqli yönlərə meyl edənlərin gördükləri işləri də tam fərqli və ziyanlı olur. Tam dəqiq anlayışdır ki, dini bilgisi olmayan şəxslərin dindən danışması və ya dini mövzuları müzakirə etməsi bir növ təbabət elmindən anlayışı olmayan bir şəxsin cərrahiyə və ya hansısa xəstəlik haqqında verəcəyi qeyri-dəqiq məlumata bənzəyir. Əminliklə deyirəm ki, cəmiyyət arasında anarxiyanın yaranmasının səbəbi dini bilgisi və ilahiyyat elmindən məlumatı olmayan şəxslərin islam barədə mətbuata ötürdükləri yalan və qərəzli informasiyalardır. Bunun üçün hər bir jurnalistin, media nümayəndəsinin üzərinə düşən vəzifələr var. Yaxşı olar ki, jurnalistlə dini məsələlərə şou xarekterli yanaşmasınlar və dini mövzuları yalnız bu sahəni dərindən bilən mütəxəssislərlə məsləhətləşib, onlardan münasibət alıb yazsınlar.

Eyni zamanda hər bir məlumatı media vasitəsi ilə yaymamışdan öncə birmənalı olaraq dini ekspertizadan keçirsinlər və ondan sonra cəmiyyətə təqdim etsinlər. Çünki insanların inancı sayılan və mənəvi dəyərləri təmin edən dini bilgilər yanlış təqdim olunarsa və təhrif edilərsə, nəticədə həm cəmiyyətdə qarışıqlıq yaranar, həm də dinə qarşı hörmətsizlik yaranar. Digər tərəfdən isə unutmayaq ki, hamımız Yaradan qarşısında məsuliyyət daşıyırıq”.

(Davamı var)

İsmayıl Qocayev

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb