Dinc sakinlər arasında ölüm halları artır

Beynəlxalq ictimaiyyət Ermənistanın bilərək hüquqları pozmasına biganə qalmamalıdır



Xəbər verdiyimiz kimi, Ermənistanın quldur hərbi birləşmələri avqustun 7-də Tovuz rayonunun Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq, mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədib. Nəticədə Qaralar kənd sakini, 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Təəssüflər olsun ki, düşmən tərəfin mülki sakinləri hədəf alması adi hala çevrilib. Məsələ dəfələrlə beynəlxalq qurumlar qarşısında qaldırılsa da, işğalçı Sarkisyan rejimi ciddi qınaq obyektinə çevrilsə də, Ermənistan tənqidlərdən heç bir nəticə çıxarmayıb. İctimaiyyət nümayəndələri hesab edirlər ki, BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsi, eləcə də ATƏT-in Minsk Qrupunun problemə ikili standartlar prizmasından yanaşması atəşkəs rejiminin daim pozulmasına və dinc əhaliyə qarşı hərbi cinayətlərin davamlı hal almasına zəmin yaradır. 

Əfsuslar olsun ki, həmsədr dövlətlər də daxil olmaqla əksər güc mərkəzləri beynəlxalq hüquq normalarını yox, işğalı, vandalizmi və terroru ölkə siyasətinə çevirmiş Ermənistanı dəstəkləyirlər. 

Cəzasızlıqdan azğınlaşmış Ermənistan hakimiyyəti isə öz çirkin əməllərini davam etdirir. Münaqişəyə ədalətsiz yanaşmanın nəticəsidir ki, təcavüzkar Ermənistan 20-ci əsrin sonlarında Xocalıda törətdiyi soyqırımın davamı olaraq yenə də amansızlıqla qocaları, qadınları, uşaqları qətlə yetirməkdən, təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini hədəfə almaqdan çəkinmir. 

Bu hal nöbvəti dəfə beynəlxalq hüquq normalarını, konvensiyalarını pozan Ermənistana qarşı heç bir tədbirin görülməməsi, Azərbaycana qarşı ikili standartların, qərəzli münasibətin nümayişkaranə sübutudur. Ancaq dünyaya demokratiyadan, insan haqlarından dərs deyən beynəlxalq təşkilatlar yenə də susmaq yolunu seçirlər. 

Buna rəğmən Qərbin bəzi obyektiv siyasətçiləri, dövlət adamları haqqı dilə gətirməkdən çəkinmir, işğalçı Ermənistanın insanlıqdan uzaq əməllərini ifşa edirlər.

Avropa Parlamentinin üzvü, Sloveniyalı deputat İvo Vayql dünyaya çağırış edərək deyib ki, beynəlxalq ictimaiyyət Ermənistanın bilərək hüquqları pozmasına biganə qalmamalıdır: 

"İlk növbədə BMT və Avropa İttifaqı Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda baş verən beynəlxalq hüquq pozuntularına reaksiya verməlidir. Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz, amma diplomatik laqeydlik və passivlik beynəlxalq hüquq prinsiplərinə əsaslanan dinc nizamlanmaya gətirib çıxarmır. Bu cür həll yolu tapılmayanadək dinc sakinlər arasında ölüm halları davam edəcək”.

Dağlıq Qarabağ münaqişəsi üzrə isveçrəli ekspert, "Unudulmuş münaqişə” kitabının müəllifi Andre Vidmer də vurğulayıb ki, Ermənistana real siyasi təzyiq olmasa, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət dəyişməyəcək: 

"Yalnız diplomatik dildən istifadə etməklə münaqişənin həllinə nail olmaq imkansızdır. Təəssüf ki, Suriya, İraq, Yəmən və Ukraynadakı müharibələr və Şimali Koreya böhranı fonunda Qarabağ münaqişəsi sanki beynəlxalq ictimaiyyət tərəfindən unudulub. Belə görünür ki, 2016-cı ilin aprelində qeydə alınan eskalasiyadan sonra əsas oyunçular - Rusiya və ABŞ münaqişənin həll olunması üçün kifayət qədər güc sərf etmək niyyətində deyillər”.

 Ekspert bildirib ki, münaqişənin həlli yolları Moskvanın əlindədir:

"Rusiyanın iqtisadi və siyasi gücü var ki, Ermənistanı işğalı dayandırmağa məcbur etsin. İlk addım Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların azad edilməsi ola bilər. Amma təəssüf ki, Rusiya həqiqətən də postsovet məkanındakı münaqişələrin həll olunmasında maraqlı deyil”.
"Ermənistanın vəhşiliklərinə qarşı cəza tədbirləri görülməlidir”.

Millət vəkili Elman Məmmədov deyib ki, ümumiyyətlə, bütün beynəlxalq təşkilatlar, dünya birliyi ermənilərin uzun illər boyu dinc insanlara, uşaqlara, körpələrə, qocalara, xəstələrə yəni silahsız mülki insanlara qarşı törətdikləri cinayətlərə barışmaz mövqedə olmalıdırlar, cəza tədbirləri görməlidirlər, sanksiyalar tətbiq etməlidirlər. Onun sözlərinə görə, təəssüflər olsun ki, insan hüquqlarından, demokratiyadan boğazdan yuxarı dəm vuran həmin beynəlxalq təşkilatlar, həmin Avropa dövlətləri və s. bu günə kimi ermənilərə "gözünün üstündə qaşın var” deməyiblər. Hesab edirəm ki, onlar bundan sonra da deməyəcəklər: 

"Çünki elə erməniləri qidalandıran, ürəkləndirən, təlimatlandıran, təmin edən bunlardır. Bu gün həmin inkişaf etmiş o Avropa dövlətlərinin ABŞ-ın özündə də çox sərbəst şəkildə açıq-aşkar erməni terror təşkilatları mövcuddur və fəaliyyət göstərir. Belə olan halda da biz 1988-ci ildən başlamış Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımları, kütləvi qırğınları göstərə bilərik. Bunlara qarşı hər hansı bir cəza tətbiq olundumu?

 Təbii ki, xeyir. Amma baxın, Ukrayna məsələsində bütün Avropa, ABŞ Rusiyaya qarşı ən sərt cəza tədbirləri, sanksiyaları tətbiq edir. Axı bunun fərqi nədir? Biz də insanıq və biz də bu beynəlxalq birliyin, BMT-nin, ATƏT-in üzvüyük. Bizə qarşı ermənilər tərəfindən törədilən bu cinayətlərə görə niyə ermənilər cəzalanmır və onlara sanksiyalar tətbiq olunmur. Beləcə cəzasızlıq hiss edən Ermənistan bu hərəkətlərini günü-gündən də gücləndirir və davam etdirir”.

İsmayıl