"Dini Komitənin təşəbbüsü dini təhsilin inkişafı üçün çox yaxşı haldır” - İlahiyyatçı






Bakıda və digər bölgələrdə yeni İslam kollecləri yaradılacaq. Kolleclərdə təhsilin pulsuz olması nəzərdə tutulur. Bu barədə açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərinə görə, bölgələrdə və paytaxtda 4-ə yaxın İslam kolleclərinin yaradılması istiqamətində işlər gedir.

Komitə sədri bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə danışıqlar aparılır. İşlər başa çatdıqdan sonra kolleclər İlahiyyat İnstitutunun nəzdində fəaliyyət göstərəcək: 

"Kolleclərdə oxuyub təhsilini uğurla başa vuran tələbələr növbəti mərhələdə İlahiyyat İnstitutunda tədrisini davam etdirəcəklər. Kolleclərdə təhsil pulsuz olacaq. Məqsəd ölkədə gənclərin din sahəsində bilikləri xaricə getmədən əldə etməsidir”.

Ekspertlər də kolleclərin pulsuz olmasının dini təhsil almaq istəyənlər üçün əlverişli olacağını düşünürlər.

İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açqılamasında vurğulayıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu təşəbbüsü irəli sürməsi həqiqətən də təqdirəlayiqdir. İlahiyyatçı deyib ki, bu gün bir çox gənclərimiz dini təhsil almaq üçün xarici ölkələrə gedirlər. Səbəb isə mədrəsə təhsilinin təmənnasız şəkildə keçirilməsi və tələbələrin müvafiq ehtiyaclarının təmin edilməsidir: 

"Xarici ölkələrdə dini təhsil almaq istəyənlər yataqxanalarla təmin olunurlar və təhsil pulsuz həyata keçirilir. Əvvəllər ölkəmizdə gənclərin yaxşı şərtlərlə dini təhsilə yiyələnmək imkanları yox idi. Hazırda dini dərslər dövlət səviyyəsində həyata keçirilir. 

Dini təhsillə bağlı müvafiq kurslar, seminarlar təşkil olunur. Həmçinin tələbələrə müəyyən ianələrin verilməsi, xüsusilə milli mənəvi dəyərlər fondunun irəli atdığı təşəbbüslər çoxdan gözlənilirdi. Şükürlər olsun ki, gələcəkdə gənclərimizin din sahəsində maariflənməsi istiqamətində addımlar atılır. Komitənin belə bir təşəbbüs irəli sürməsi dini təhsilin inkişafı üçün olduqca yaxşı haldır”.

Yeganə Bayramova