Dini radikal qrupların təzyiqləri səngiməyəcək

Ancaq bu təxribatlar Azərbaycan dövlətini sarsıda bilməz




Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən parad ölkəmizin müzəffər silahlı birləşmələrə malik olduğunu bir daha nümayiş etdirdi.

Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyətinin, modernləşdirilmiş hərbi texnikanın, döyüş vertolyotlarının, təyyarələrin iştirak etdiyi hərbi parad hər bir azərbaycanlıda qürur hissi doğurdu. Bu parad Azərbaycan vətəndaşlarını hər nə qədər fərəhləndirib, qürurlandırıbsa, Azərbaycanın həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, böyük iqtisadi gücə malik olan meqalayihələr, beynəlxalq aləmdə ölkəmizin artan nüfuzu işğalçı Ermənistanın və onun havadarlarının ürəyində xof yaradıb.

Azərbaycan ictimaiyyəti üçün böyük maraq kəsb edən hərbi parad bir sıra ölkələrin mətbuatında da əsas mövzulardan birinə çevrildi və özlərinin məkrli maraqlarını həyata keçirmək üçün Azərbaycandan istifadə etməyə cəhd edən qüvvələr təxribat rıçaqlarını işə saldılar. Yerli politoloqların fikrincə, iyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyəti qarşısında baş verən təxribat hadisəsi bir neçə gün əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilən terror aktının heç də təsadüfi olmadığını göstərdi. Hazırkı mərhələdə terrorun daha effektiv nəticə verməsi üçün informasiya resurslarından da geniş istifadə olunur. Heç şübhəsiz, Gəncədə baş verən terror hadisəsi hər şeydən öncə Azərbaycan dövlətinin etibarsızlaşdırılmasına hesablanıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, ard-arda baş verən proseslərə müxtəlif aspektlərdən yanaşmaq lazımdır. Xüsusən də regionda baş verən proseslər və Azərbaycanın bu proseslərdə iştirakı çərçivəsində: 

"Bir sıra region dövlətlərinin ciddi sanksiyalarla qarşı- qarşıya qaldığını vurğulayan politoloq deyib ki, onların öz enerji dəhlizlərini diversifikasiya etmək istiqamətində atdıqları addımlar fiaskoya uğrayıb. Azərbaycan isə son 15 ildə kifayət qədər ciddi uğurlara nail olub. Bir vaxtlar üçün real görünməyən Cənub Qaz Dəhlizinin TANAP hissəsinin açılış mərasimi keçirildi. Bu günə qədər Azərbaycanın həyata keçirdiyi layihələr sadəcə alternativ kimi görünürdüsə, indi Azərbaycandan daha öncə həyata keçirilən layihələrin özü alternativ rolunu oynayır. Bu isə Azərbaycanda dini radikalizmi stimullaşdıran və öz maraqlarının həyata keçirilməsində dini radikallardan istifadə edən ölkələri narahat edir”.

E.Mirzəbəylinin fikrincə, heç şübhəsiz, Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli parad da bəzi qüvvələri qıcıqlandıran faktlar arasında başlıca yer tutur:

"Parad təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün son 100 ilin ən böyük tarixi hadisələrindən biridir. Hərbi paradda nümayiş olunan ən müasir hücum və müdafiə sistemləri Azərbaycanın iqtisadi gücünün, potensialının göstəricisidir. Müdafiə qabiliyyətini yüksək səviyyəyə çatdıra biləcək hərbi texnikaya, hücum və müdafiə sistemlərinə sahib ola bilməyən qüvvələr isə Azərbaycanda daxili stabilliyi pozmağa cəhd göstərirlər.

Gəncədə baş vermiş provokativ, ölkədə sabitliyi pozmağa yönəlmiş cəhdlər onu göstərir ki, Azərbaycanın inkişafı, beynəlxalq səviyyədə əldə etdiyi uğurlar Ermənistan da daxil olmaqla, bəzi xarici dairələri ciddi surətdə narahat edir”.

E.Mirzəbəylinin sözlərinə görə, bu günə qədər Azərbaycana qarşı dini radikal qruplar və digər vasitələr üzərindən həyata keçirilən təzyiqlər səngimədiyi kimi bundan sonra da səngiyəcəyi gözlənilmir. Amma bu kimi hallar Azərbaycan dövlətini sarsıda bilməz.

Şəymən