Diqqət ! "İŞİD-ə qoşulanlar Şimali Qafqaz vasitəsilə Azərbaycana qayıda bilərlər"






"İŞİD-in məğlubiyyətindən sonra yeni təhlükə başlayıb”.

Bunu "Sherg.az”a Azərbaycanın sərhədi yaxınlığında İŞİD terror qruplaşmasını dəstəkləyən şəxslərin həbs olunmasından danışarkən sabiq MTN zabiti, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl söyləyib. 

O vurğulayıb ki, ətraf ölkələrə dağılan İŞİD-çilərin ən çox təhlükə yaratdığı ölkələrdən biri də Rusiyadır:

"Təbii, birinci böyük təhlükə ərəb ölkələrində yaşanır. Halbuki Şimali Qafqazda İŞİD-çilərlə mübarizə, onların atışmada öldürülməsi bir müddət sonra gündəlik xəbərlərə çevriləcək.

İŞİD-in əvvəlki maliyyə təminatı olmadığına görə, dağılır. Artıq terror hadisələrini törətmək qabiliyyətində deyillər”.

İŞİD-çilərin Azərbaycan üçün təhlükəsinə də toxunan İ.İsmayıl deyib ki, bu cür hadisələrin ölkə sərhədləri yaxınlığında baş verməsi bizə də təsirsiz ötüşməyəcək:

"Düşünməliyik ki, azərbaycanlılar arasında da İŞİD-ə qoşulanlar olub. Həmin şəxslər Şimali Qafqaz vasitəsilə Azərbaycana qayıda bilərlər. Sərhəd bölgəsində İŞİD-in yerli dayaq dəstələri geniş olmasa da, var. Bunu nəzərə alıb, sərhədə yaxın ərazilərdən yarana biləcək təhlükələrə qarşı diqqətli olmalıyıq. Ayıq-sayıq davranıb, önləyici tədbirlər görməliyik”.

Qeyd edək ki, İŞİD-çilər Dağıstanın Azərbaycanla həmsərhəd Dərbənd şəhərində, 23-24 aprel tarixlərində keçirilmiş xüsusi əməliyyat zamanı məhv edilib. Məlumata görə, terror qruplaşmasının məhv edilən 11 tərəfdarı Dağıstan ərazisində hüquq-mühafizə və hakimiyyət orqanlarının işçilərinə silsilə rezonanslı sui-qəsdlər planlaşdırıblar.

Aysel Aslan