DİQQƏT: "Telefonları, planşetləri uşaqlarınızdan uzaq tutun ! " - Psixoloq

Narınc Rüstəmova:"Elə ailələr var ki, onların evində hətta televizor sönmür, uşaqlar televizorun qarşısında yeməyini yeyir, tualetini edir"
Son zamanlar kiçik yaşlı uşaqlar arasında danışa bilməmək, nitq qüsurları geniş yayılıb. Əksər valideynlər övladının hətta 3 və daha yuxarı yaşda olmasına baxmayaraq, danışa bilməməsindən şikayətçidirlər. Psixoloqlar və həkimlər isə bu problemlərin əksəriyyətinin televizor aludəçiliyi, telefon, planşet kimi vasitələrdən qaynaqlandığını iddia edir.
Bu haqda Sherg.az-a danışan psixoloq Narınc Rüstəmova valideynlərə məsləhət görür ki, maddi və mənəvi əziyyət çəkmək istəmirsinizsə, telefonları, planşetləri həyatınızdan uzaq tutun. O diqqətə çatdırıb ki, zamanın tələbi olduğundan, uşaqlara bunu tam şəkildə məhdudlaşdıra bilmərik:
"Uşaq bağçaya, məktəbə gedir, orada yaşıdları hər hansı cizgi filmlərinə baxır, oyunlar oynayır və bunu bir-birləri ilə müzakirə edir. Uşaq özünü pis hiss edə bilər. Lakin uşaqların 3-4 yaşına qədər, nitqi inkişaf dövründə onları elektron cihazlardan uzaq tutmaq lazımdır. Bu dövrdə uşaq heç bir elektron cihazdan istifadə etməməlidir. Lakin həmin yaşda uşaqlara baxsaq, 8-10 saat, minimum götürdükdə 2-3 saat televizora baxırlar. Elə ailələr var ki, onların evində hətta televizor sönmür, uşaqlar televizorun qarşısında yeməyini yeyir, tualetini edir.
Televizor uşaqlar üçün ünsiyyət vasitəsidir, amma bu ünsiyyət təktərəfli olur və uşaq informasiyanı qəbul edir, ötürə bilmir. Nəticədə uşağın alıcı nitqi formalaşır, lakin verici nitqi formalaşmır. Çünki televizor onu danışdırmır. Lakin uşaq valideynlə yaşıdları ilə danışsa, onun verdiyi sualları cavablandırsa, onun nitqi daha yaxşı olar”.
Valideynlərə televizor, planşet və telefon kimi cihazlardan istifadə qaydalarını başa salan psixoloq deyir ki, valideynlər 3 yaşından sonra övladlarını televizora öyrətməyə 20 dəqiqə ilə başlasınlar:
"Normativ 20 dəqiqə olaraq başlayıb, 4-5 yaşından sonra yarım saata qaldırıla bilər. 7 yaşından sonra isə 40 dəqiqəyə qədər televizora baxa, planşet və telefonlardan istifadə edə bilərlər. Amma günlük normativ böyük insanlar üçün, yetkinlik yaşından sonra saat yarım-iki saatdır. İlkin 20 dəqiqəni də bir oturuma deyil, 5-10 dəqiqədən bir fasilə verməklə təşkil edilməlidir.
Televizora baxmaq uşaqda nəinki psixi nitq inkişafına, həm də onurğa sütunu əyrilikləri, gözdə zəifləmə, beyin qan dövranında pozulmalara gətirib çıxarır ki, beyin oksigenlə yaxşı təmin olunmadıqda uşaq da aqressivlik yaranır. Bununla uşağın oksigen çatışmazlığı, diqqət yayıntısı yaranır. Daxili aqressiyadan sonra uşaqda qavrama zəifliyi, davranışlarında pozuntu yaranır.
Planşeti və telefonu uşaqlara verdikdə ilk olaraq o mədəniyyəti formalaşdırmaq lazımdır. Hazırda telefona bağımlı uşaqlara baxdıqda görürük ki, onların ata-anaları da onlar kimidir. Uşaq gözünü açıb, görür ki, anası televizorda seriallara baxır, telefonla oynayır, o da buna meyllənir. Amma uşaq görərsə ki, anası kitab oxuyur, hansısa işlə məşğuldur onda da uşaqda da mədəniyyət formalaşacaq. Bəzən görürük ki, bütün otaq boyu uşağın oyuncaqları var və istifadə etmir. Valideyn necə olur ki, oyuncaq alır, amma onunla oynamağı uşağa öyrətmir. Bu o demək deyil ki, valideyn oyuncağı uşağın qarşısına qoymalıdır ki, oyna. Uşaqda oyun mədəniyyəti formalaşdırmaq lazımdır. Bu zaman uşaq da istəyir ki, anası oynasın o tamaşa etsin. Bu da oyunun bir formasıdır. Ona görə, bu mütləqdir”.
N. Rüstəmovanın sözlərinə görə, valideynlər deyir, övladıma karandaş alıram, amma oturub, şəkil çəkmir:
"Valideyndən soruşanda ki, oturub, uşağınızla şəkil çəkmisinizmi, hər şey məlum olur. Əslində biz dünyaya uşaq gətirmişiksə, valideynlik borcumuzu yerinə yetirməliyik. Bu uşağın bezini dəyişmək, yemək yedirtmək, yuyundurmaqdan ibarət deyil. Biz evdə heyvan saxlamırıq. Uşağı doğru tərbiyə etmək lazımdır, hər şey qrafiklə olmalıdır. Övladımızda zaman, məkan anlayışı olmalıdır, bunu da valideyn formalaşdırmalıdır. Uşaq vaxtında yatmalı, durmalı, vaxtında yeməyini yeməlidir. Onun asudə vaxtını valideyn elə təşkil etməlidir ki, uşağın telefon, planşet, televizor kimi zərərli vərdişlərə ayıracaq vaxtı qalmayacaq.
Pasiyentlərimizdən soruşuruq ki, övladlarınızın yuxu rejimi necədir? Onlar cavab verir ki, uşaqlarım gecə saat 11-12-də yatır, səhər isə saat 10-11-də durur. Əslində bu uşaq rejimi deyil, onlar səhər 7-də durmalı, axşam saat 9-da yatmalıdır. Uşaqlar gecə saat 12-ə 1-ə qədər oturacaqsa, təbii ki, televizora baxacaq, planşetlə oynayacaq.
Uşaqların park, əyləncə, yuxu, yemək saatı olmalıdır. Bunlar rejimlə olduqda uşaqları düzgün formalaşdırmaq mümkün olur”.
İki övlad anası olan psixoloq xanım özünün də işləyən ana olduğunu və 3 yaşına qədər uşaqlarına dayənin baxdığını söyləyib:
"Buna qədər evdə televizoru açmamışam. Hətta kanalları qapatmışdım ki, ola bilər, dayə evdə özü televizoru açar, başqa qayğıları ilə məşğul ola bilər. Ona görə, televizoru tamamilə qadağan etmişdik. Mənim oğlumun 6 yaşı və 9-un yarısında yuxusu gəlir, yatır. Çünki ciddi şəkildə rejimlə öyrəşib. İnanın ki, bu mümkündür. Mən də evə gəlirəm, yorğun oluram, lakin özümü məcbur edib, onlarla yuxuya hazırlıq edirik, nağıl oxuyuruq. Artıq saat 9-dan sonra mənim yuxu saatım başlayır. Uşaq rejimsiz olan zaman valideyn özü də yorulmağa başlayır. Ona görə, uşaq tərbiyə etmək istəyən insan özünü tərbiyə etməyi bacarmalıdır. Ana-ata doğru rejimdədirsə, övladını da doğru rejimə qoyar.
Etiraf etməliyəm ki, telefon, planşet çıxandan bizim də pasiyentlərimiz xeyli artıb. Əksəriyyəti də heç bir nevroloji problemi olmayan, pedaqoji baxımsızlıqdan nitqi zəif olan uşaqlardır. Reklamları hətta diskə köçürüb, qoyan analar var. Videoları telefonlarına köçürürlər, televizorda videolar qoyurlar ki, uşaq yeməyini yesin. Bu olmaz, cinayətdir. 3 yaşına qədər uşaqlar texniki vasitələrdən uzaq olub, oyuncaqlarla oynamağı bacarmalıdır”.
Aysel Aslan