Doğrusunu tapdılar

Buraxılış imtahanlarından 3 fənnin çıxarılmasına hazırlıq görülür
Hamlet İsaxanlı: “Bu elə əslində imtahanların birləşdirilməsinə hazırlıqdır. Yəni mən bu prosesi ara addım kimi qiymətləndirirəm”


Şahlar Əsgərov: "Gənclərin bir neçə ay müddətində iki ağır imtahandan keçirilməsi problem yaradır”

Orta məktəblərin buraxılış imtahanlarına salınan 3 fənnin qəbul imtahanlarından çıxarılması gözlənilir. Daha doğrusu, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi buraxılış imtahanına düşən bu 3 fənnin qəbul imtahanlarında təkrarlanmasına ehtiyac olmadığı qənaətinə gəlib. Məhz bu səbəblə də məsələyə müzakirəyə çıxarılıb. TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin sözlərinə görə, TQDK-nın qəbul kampaniyası ilə bağlı həyata keçirdiyi yeniliklər həm ekspertlərlə, həm də TQDK kollegiyasında müzakirə olunur.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı orta məktəblərin buraxılış imtahanlarına salınan 3 fənnin qəbul imtahanlarında təkrarlanmaması ilə bağlı hazırlanan qərarı məqsədəuyğun hesab edir: "Buraxılış imtahanlarına salınan ana dili, riyaziyyat və xarici dil fənləri onsuz da bütün məktəblərdə keçirilir və müvafiq qruplar üzrə keçirilən qəbul imtahanlarına da salınır. Bu baxımdan maraqlı fikirdi. Amma bu zaman buraxılış imtahanlarına güclü nəzarət mexanizmi həyata keçirilməlidir”. H.İsaxanlının sözlərinə görə, Azərbaycanda təhsili stimullaşdırmaq üçün dünyada yayılmış bir praktikadan istifadə etmək olar. Yəni ki, qəbul imtahanlarının formatı nisbətən yüngülləşdirilməli, bu cür sərt qaydalarla keçirilməməlidir. Bunun üçün də məqbul variant buraxılış imtahanları ilə qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsidir. TQDK hər iki imtahanı birləşdirməli və bununla da məsələ öz həllini tapmalıdır. Hətta dünya praktikasında belə bir qayda var ki, imtahanların birində kəsri olan şagirdə belə attestat verirlər. Vacib deyil ki, orta məktəbi bitirən uşaqların hamısı bütün fənlərdən keçsin. Mərkəzləşdirilmiş qaydada bir-iki fəndən imtahanı verir və qiymətlərinə uyğun da universitet seçir. Hesab edirəm ki, ali məktəblərə qəbul prosesinin yarı buraxılış, yarı da ayrıca qəbul imtahanlarının nəticələrinə görə müəyyənləşdirilməsi baş tutsa belə, müvəqqəti xarakterli olacaq. Bu elə əslində imtahanların birləşdirilməsinə hazırlıqdır. Yəni mən bu prosesi ara addım kimi qiymətləndirirəm”. Bəzi ölkələrdə qəbul imtahanları ilə buraxılış imtahanlarının birləşdirilməsi təcrübəsindən istifadə edildiyini vurğulayan H.İsaxanlı deyib ki, bu prosesin də indiki şərtlər daxilində şəffaflıq baxımdan Azərbaycanda özünü doğrultması çətin məsələdir: "Azərbaycanın orta ümumtəhsil məktəblərində attestat qiymətlərinin şəffaflığına zəmanət olmadığı üçün hələlik bu sistemə keçid real görünmür”. Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri Şahlar Əsgərov da o qənaətdədir ki, gənclərin bir neçə ay müddətində iki ağır imtahandan keçirilməsi problem yaradır: "Orta məktəb məzunu qısa zaman fərqi ilə iki imtahan verir. Bir adamın bir ayda iki dəfə əziyyətə salınması sovet psixologiyasından qalma ənənədir. Hazırda biz bundan yaxamızı qurtarmağa çalışmalıyıq. Hazırda nəinki inkişaf etmiş Avropa ölkələrində, hətta qonşu Rusiyada, Qazaxıstanda və qardaş Türkiyədə də bu sistem tətbiq olunur. Amma hər bir halda biliyi düzgün və səmərəli qiymətləndirmək lazımdır. Gənclərin bilik alması üçün onlara şərait yaradılmalı və onlar buna təşviq edilməlidir”.

Şəymən