"Donor haqqında qanun layihəsinin psixoloji tərəfləri yoxdur"
Son illər Azərbaycanın səhiyyə sahəsindəki tərəqqi nəticəsində meyitdən orqan köçürülməsi, insanların dünyasını dəyişdikdən sonra orqanının bağışlanmasını vəsiyyət etməsi kimi məsələlər müzakirə obyektinə çevrilib. Elə bu müzakirələrin davamı olaraq bu il fevralın 9-da Milli Məclisin Səhiyyə komitəsində "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunun təkmilləşdirilməsinə dair dinləmə keçirildi. Ölkənin ən böyük tibb müəssisələrinin tanınmış transplantoloqlarının, sahə mütəxəssislərinin, Səhiyyə Nazirliyinin nümayəndəsinin və KİV təmsilçilərinin iştirak etdiyi konfransda orqan nəqlinə olan tələbat xüsusi qeyd edildi.
Yekun olaraq, deputatların və mütəxəssislərin yekdil qərarı ilə komitə nəzdində insan orqan və toxumalarının transplantasiyasını hüquqi baxımdan tənzimləyən qanunun təkmilləşdirilməsi və ya ehtiyac olarsa, yeni qanunvericilik aktının hazırlanması üçün deputat Musa Quliyevin rəhbərliyi ilə işçi qrup yaradılıb.
Bəs meyitdən orqan köçürülməsi və donorun müvafiq orqanlarını bağışlaması proseslərinin hüquqi və sosial-ictimai tənzimlənməsi necə həyata keçirilməlidir?
Məsələni izah edən hüquqşünas Əhrəman Göyüşov "Sherg.az”a açıqlamasında qeyd edib ki, orqan və ya toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir:
"Meyitdən orqan və ya toxumaların götürülməsinə isə şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədi ilə onun orqan və toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin razılığı öyrənilir. Meyitdən transplantasiya prosesinə tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilməlidir. Şəxs sağlığında donorluqdan yazılı formada imtina edibsə, ölümündən sonra transplantasiya həyata keçirilə bilməz.
Şəxsin ölümü dedikdə, onun həkim konsiliumu tərəfindən beyin ölümünün təsdiq edilməsi faktı nəzərdə tutulur. Yalnız beyin ölümü təsdiq edildikdən sonra xəstənin yaxın qohumlarının razılığı ilə meyitdən orqan və toxumaların götürülməsinə icazə verilir.
Azərbaycanda orqan və toxumaların transplantasiyası yalnız bu sahədə ixtisaslaşdırılmış tibb müəssisələrində həyata keçirilə bilər. Həmin müəssisələr müəyyən orqan və toxumaların transplantasiyasını həyata keçirir və Nazirlər Kabinetinin qərarı ilə onların fəaliyyəti təsdiq edilib. Bu tibb müəssisələri M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Mərkəzi Gömrük Hospitalı, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, "Mərkəzi Klinika" MMC, Respublika Müalicəvi Diaqnostika Mərkəzi, Respublika Talasemiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasıdır”.
Hüquqşünas xatırladıb ki, qanun donorla bağlı müəyyən kriteriyalar müəyyən edib:
"Belə ki, donor 18 yaşına çatmayıbsa, ondan sümük iliyi istisna olunmaqla, transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi qadağandır. Eyni zamanda resipiyentin sağlamlığı üçün təhlükə törədəcək xəstəliyi olan şəxslər donor ola bilməz. Donorun orqan və ya toxumasını pul, məcburiyyət və s. tələblərə görə, bağışlaması da qanuna ziddir”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə meyitdən orqan köçürülməsinin bütün orqanlara aid edilmədiyini diqqətə çatdırıb. Həkim vurğulayıb ki, bu yalnız gözün selikli qişası, dəri toxumaları və s. üzərinə həyata keçirilə bilər:
"Orqanların əksəriyyəti dərin şimiyaya məruz qalır. Həmin orqanların köçürülməsi real deyil. Ona görə də, ölən hər bir insanın orqanının istifadə olunmasından söhbət gedə bilməz. Xüsusi situasiyalarda beyin ölümü təsdiqlənirsə, həmin şəxs donor qismində çıxış edə bilər.
Türkiyə cəmiyyətində bu məsələ psixoloji olaraq, həllini tapıb. Azərbaycanda qanun qəbul edilsə belə sağlam bir şəxsin orqanının götürülməsinə kim razı olacaq? İnsanlar buna hazır deyil. Hazırda donor haqqında qanunun layihəsinin işlək mexanizmi, psixoloji tərəfləri yoxdur. Ona görə, meyitdən orqan köçürülməsi məsələsini real görmürəm.
İlk növbədə cəmiyyəti hazırlamaq lazımdır. İcbari tibbi sığorta haqqında 1999-cu ildə qanun qəbul olundu. 17 ildir ki, insanların sosial müdafiəsinin mühüm hissəsi olan icbari tibbi sığorta tətbiq edilmir. Qanunu imzalamaq kifayət etmir, işlək mexanizm olmalı, cəmiyyətdə bu məsələnin necə qarşılanması hazırlanmalıdır. Bizdə isə ancaq administrativ qərarlarla bu məsələlər həll olunur”.
A.Qeybulla onu da qeyd edib ki, sağlam halda insan cüt orqanının birini, qara ciyərin müəyyən hissəsini bağışlaya bilər:
"Beyin ölümü baş verdikdə orqanların bağışlanması barədə məsələ xəstə yaxınlarına izah olunur, onların razılığı alındıqdan sonra orqan bağışı həyata keçirilir.
Bizdə isə bu təkliflər hay-küylə qarşılanır. İnsanlar meyitin yarılmasına belə imkan vermirlər. Bu durumda orqan transplantasiyasının həllini tapması mümkün görünmür. Hər halda yaxın gələcəkdə hansısa tədbirlər görüləcək”.
Xəstə yaxınlarının və orqanlarını vəsiyyət etmək istəyən şəxslərin həkimlərə etibar etməməsinə gəlincə, A.Qeybullanın sözlərinə görə, orqan transplantasiyası tibbi komissiya tərəfindən rəsmiləşdirilir:
"Bir neçə şəxsin imzası ilə bu təsdiq olunur. Qanun olmayan ölkələrdə bu sahədə boşluq olar, amma Azərbaycanda orqan satılması, qanunsuz şəkildə kiməsə pulla köçürülməsi mümkün deyil. İnkişaf etmiş ölkələrdə şəxsin və yaxınlarının icazəsi olmadan orqanların satılması cinayət hesab olunur”.
Aysel Aslan