Donor mənbəyi hardan olacaq?

Ürək, adətən beyin ölümü keçirmiş sağlam gənclərdən götürülür
Tutaq ki, Şəkidə kiməsə ürək köçürməsi lazımdır və Lənkəranda donor varsa, helikopter həmin dəqiqə onu çatdırmalıdır

Parlamentin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov yaxın zamanda ölkəmizdə ürək transplantasiyasının həyata keçiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, transplantasiyanın həyata keçirilməsi istiqamətində müəyyən işlər aparılır.

Deputat Azərbaycanda belə ciddi əməliyyatın həyata keçirilməsi üçün mütəxəssislərin də olduğunu deyib:

"Bununla bağlı personal və texniki baxımdan heç bir problem yoxdur. Yeganə açıq qalan məsələ orqan bağışlanması ilə bağlıdır. Tezliklə bunun da həllini tapacağıq. Bütün hallarda yaxın vaxtlarda biz Azərbaycanda ürəyin transplantasiyasını həyata keçirə biləcəyik”.

Məsələni dəyərləndirən tibb elmləri doktoru, professor Adil Qeybulla isə hələ ölkəmizin bu duruma psixoloji cəhətdən hazır olmadığını söyləyib. Professor tranplantasiyanın həyata keçirilməsi üçün əvvəlcə donor mənbəyinin müəyyən edilməsinin lazım olduğunu diqqətə çatdırıb:

"Köçürməni icra edə bilən mütəxəssislərin olması məsələnin tam həlli demək deyil. Ürək adətən beyin ölümü keçirmiş sağlam gənclərdən götürülür. Avtomobil və müxtəlif qəzalarda beyin ölümü keçirən insanlardan götürülür və köçürmə baş verir. Transplantasiyanın uğurlu həyata keçirilməsi üçün ilk növbədə donor sistemi yaradılmalıdır. Məsələn, Şəkidə kiməsə ürək köçürməsi lazımdır və Lənkəranda donor varsa, helikopter həmin dəqiqə onu çatdırır. Yəni bu, sadə bir məsələ deyil. Epizodik nə isə ola bilər, amma belə prosesi şəbəkə kimi həyata keçirmək çox ciddidir. Çünki beyin ölümü keçirən gənclərin yarılmasına, onun orqanlarının götürülməsinə hər valideyn hazır deyil. Hələ xeyli müddət psixoloji hazırlıq keçməlidir. Bu istiqamətdə heç bir iş görülmür. Qərar verildi, bəs donor mənbəyi hardan olacaq? Hesab edirəm ki, epizodik işlərin görülməsi bu işin sistemli şəkildə həllinə imkan vermir”.

Yeganə Bayramova