Dönüş yaranır...

Avropa İttifaqının yekun sənədi Ermənistana xəbərdarlıqdır





Vaxtilə Avropanın müəyyən dairələri Azərbaycanın ərazi bütövlüyü məsələsini onlara yad olan bir məsələ kimi qiymətləndirirdi. Amma İspaniyanın Kataloniya vilayətində baş verənlər göstərdi ki, Avropanın özü istənilən vaxt Qarabağ sindromunu yaşaya bilər. Buna görə də Avropa Azərbaycanın ərazi bütövlüyü problemini artıq önə çəkməyə başladı

Ermənistanın və erməni lobbi dairələrinin ciddi-cəhdlərinə baxmayaraq, Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində bütün dövlətlərin ərazi bütövlüyü və müstəqilliyi birmənalı olaraq dəstəkləndi. Qəbul olunan birgə Bəyannamədə vurğulandı ki, Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə dair öhdəliklərə sadiqdir. Sənəddə regionun bir çox bölgələrində beynəlxalq hüququn prinsiplərinin pozulmasına narahatlıq ifadə olundu.

Mövcud münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dəstək ifadə edildi. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Bəyanatda Helsinki Yekun Aktı, ATƏT-in 1990-cı il Paris Xartiyası və Avropa İttifaqının Qlobal Təhlükəsizlik Strategiyasına istinadlar da öz əksini tapıb. 

Onun sözlərinə görə, qlobal strategiyada dövlətlərin ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində hörmət edilməsi ən ümdə prinsip kimi qeyd olunub. Xatırladaq ki, Sammitdən bir neçə gün əvvəl Ermənistanın və Avropa Parlamentində anti-Azərbaycan qüvvələrin dəstəyi ilə tövsiyə xarakterli sənəd qəbul olunmuşdu. Ermənistan tərəfi gülünc formada ermənipərəst lobbi dairələrinin dəstəyi ilə ərsəyə gələn bu tövsiyə sənədini Ermənistan diplomatiyasının "qələbəsi” kimi təqdim edirdi. Brüssel Sammitində qəbul olunan Birgə Bəyannamədə bu "tövsiyə”lərin heç biri öz əksini tapmadı.

Millət vəkili Tahir Kərimli deyib ki, Aİ-nin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi böyük nailiyyətdir:

"Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq etdi. Sammitin nəticələri və qəbul edilən bəyannamə qənaətbəxşdir. Tədbirdə ermənilərin qaldırdığı bir neçə məsələnin qarşısı alındı. Xüsusən, Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu burada da özünü göstərdi. Sənəddə bizim üçün müsbət hallar çoxdur. Aİ-nin Azərbaycanla əməkdaşlığının davam etdirilməsi də bir daha bildirildi”.
Millət vəkili Aydın Mirzəzadə isə bildirib ki, Aİ-nin yekun sənədi Ermənistana xəbərdarlıqdır: "Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutan Zirvə görüşü Avropanın tək öz problemlərilə deyil, ona yaxın bölgələrin problemlərilə də məşğul olmağın vacibliyini ortaya qoydu. 

Sammitdə bir çox məsələlərlə yanaşı, ərazi bütövlüyü məsələsi önə çəkildi. Yekun bəyannamədə problemlərin həllinin beynəlxalq hüquq normalarına uyğun, ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi bildirildi. Vaxtilə Avropanın müəyyən dairələri Azərbaycanın ərazi bütövlüyü məsələsini onlara yad olan bir məsələ kimi qiymətləndirirdi. Amma İspaniyanın Kataloniya vilayətində baş verənlər göstərdi ki, Avropanın özü istənilən vaxt Qarabağ sindromunu yaşaya bilər. Buna görə də Avropa Azərbaycanın ərazi bütövlüyü problemini artıq önə çəkməyə başladı.

 Həmçinin, Azərbaycanın fəal iştirakçısı olduğu Cənub Qaz Dəhlizinə yüksək qiymət verilməsi onu göstərdi ki, bu gün dünya üçün sabitlik, ərazi bütövlüyü məsələsi prinsipialdır. Cənab Prezident İlham Əliyevin sammitdə qətiyyətli mövqeyi, Azərbaycanın taleyüklü məsələlərini Avropa İttifaqı rəhbərliyinin diqqətinə çatdırması, Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə yol verilməsini qabartması yekun bəyannaməyə təsir etdi. Ermənistan rəhbərliyi problem yaratmağa çalışsa da, cəhdlər uğursuz oldu. Dünya bu problemlərin beynəlxalq hüquq normaları ilə həll edilməsini vacib sayır. Bu, işğalçı Ermənistana xəbərdarlıqdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə də həll etməyə hazırdır. Bunu aprel döyüşləri bir daha sübut etdi. Aİ-nin yekun sənədi isə Ermənistana son şansı verdi”.

Politoloq Fikrət Sadıqovun sözlərinə görə, Avropa yaxşı dərk edir ki, Azərbaycan onlar üçün lazımlı dövlətdir: "

Şərq Tərəfdaşlığı sammitində qəbul edilən sənədin Dağlıq Qarabağ münaqişəsinə münasibəti radikal şəkildə dəyişdirəcəyini düşünmürəm. Amma reallıq odur ki, Azərbaycan regionda aparıcı rol oynayan dövlətə çevrilib. Biz Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi layihələr reallaşdırmışıq. Azərbaycan Avropa üçün önəmli aktora çevrilib. Avropa anlayır ki, Azərbaycan dövlətinin problemləri gec-tez həll edilməlidir. Bu o demək deyil ki, Avropa dərhal ayağa qalxıb münaqişənin həlli ilə bağlı nəsə edəcək. Hər halda Azərbaycana qarşı müsbət dönüş nümayiş olunur, bu da müxtəlif sənədlərdə öz əksini tapır. Bu həqiqətdir və danmaq olmaz. Fikrimcə, adekvat cavab verilməlidir”.

İsmayıl