Sevil Yusifova: “Səmimi istəyimdir ki, Azərbaycan televiziyalarının birinin rəhbəri qadın olsun”
“Dördüncü hakimiyyət”in qadınları
Laura Cəbrayıllı: “Qadınlar heç vaxt gücsüz olmayıb”
Sevil Yusifova: “Səmimi istəyimdir ki, Azərbaycan televiziyalarının birinin rəhbəri qadın olsun”
Sevil Yusifova: “Səmimi istəyimdir ki, Azərbaycan televiziyalarının birinin rəhbəri qadın olsun”
Aynur Camalqızı: "Arzu edərdim ki, xanımlarımızın sayı jurnalistika sahəsində təkcə müxbir qismində yox, idarəçilikdə də artsın”
Vüsalə Mahirqızı: "Əksər zamanlarda qadınların media sahəsində üzə çıxmasına məhz ailələr mane olur”
Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Eyni zamanda sosial sferada daha cəsarətli və aktivdir. Bununla yanaşı, ölkənin həyatında yüksək fəallıq göstərən Azərbaycan qadını ictimai-siyasi proseslərdə də yaxından iştirak edir. Bu aktivlik özünü media sahəsində də göstərir. Ancaq təxminən 100 il bundan əvvəl qadına münasibət indiki dövrdən çox fərqli olub. O dövrdə qadına verilən dəyəri bu günlə müqayisə etsək, qadının cəmiyyətin hərəkətverici qüvvəsi olduğunu görərik. Elə həmin dövrdə "Qadına azadlıq vermək olmaz”, "Qadın ancaq evdə olmalıdır, ailə ocağının himayədarıdır”, "Qadın cəmiyyətin sosial-siyasi işlərinə qarışa bilməz” və s. kimi bu fikirlər demək olar ki, bu gün yox dərəcəsindədir.
Ancaq o da var ki, bəzən qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışmalarına, xüsusən də qadınların media sahəsində perspektivlərini artırmağa, yaxud da kişilərin çətinliklə əldə etdiklərini xanımların asanlıqla nail olmağına yanaşma heç də birmənalı deyil. Milli mentalitet, kişinin fiziki cəhətdən qadına nisbətən güclü olması kimi mülahizələr təəssüf ki, günümüzdə də mövcuddur. Lakin buna baxmayaraq, ölkəmizdə zərif cinsin elə nümayəndələri var ki, bu gün onlar media sahəsində böyük nailiyyətlər qazanıblar.
Azərbaycan mətbuatında qadınların rolunu dəyərləndirmək üçün elə bu sahədə yüksək posta sahib olan zərif qələm sahibləri ilə əlaqə saxladıq.
"Azərbaycan qadını” jurnalının redaksiya assistenti və müəllifi Laura Cəbrayıllı: "Bu gün qadınları cəmiyyətin bütün təbəqələrində və işlərində görürük. Onların arasında böyük alim, yazıçı, rəssam, həkim qadınlarımız var. Elə "dördüncü hakimiyyət”də də nə qədər öz yolu, məqsədi, oxucusu olan istedadlı qadınlar tanıyırıq. Onlarsız jurnalistikanı, yaradıcılığı təsəvvür etmək adamın heç ağlına gəlmir. Çoxları dilimizdə cəmi beş hərfdən ibarət olan sözlə yanaşı, gücsüz bir məxluq deməkdən özünü saxlaya bilmir, amma qadınlar heç vaxt gücsüz olmayıb. Anaya və xüsusən də Azərbaycan anasına kim gücsüz deyə bilər? Zərurət yarananda, onların köməyinə ehtiyac hissi olanda qadınların nə qədər güclü olduğu üzə çıxır. Şübhəsiz ki, qadınlar cəmiyyətdə getdikcə daha fəal mövqe tuturlar. Onların müxtəlif vəzifələrdə təmsil olunmasında bu fəallıq özünü istər-istəməz büruzə verəcək və verir də. Əlbəttə, qadınlar, xüsusən də Azərbaycan qadınları ailəyə, yeni nəslin təlim-tərbiyəsinə daha çox diqqət yetirirlər. Amma qadınların ən gözəl xüsusiyyəti budur ki, onlar çalışmaqdan yorulmur, işin çoxluğundan qorxmurlar. Yəqin elə ona görə də ən "işli-güclü” və dinamik sahə olan jurnalistikada qadınların sayı belə çoxdur”.
Azərbaycan mətbuatında qadınların rolunun qaneedici olduğunu deyən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifovanın sözlərinə görə, bu gün Azərbaycan mətbuatı özünün inkişaf tendensiyasına görə qadınlara borcludur. AJQA-nın sədri və fəal bir jurnalist kimi bu gün Azərbaycanda jurnalist qadınların öz sözünü deyə biləcək çəkiyə sahib olduğunu vurğulayan S.Yusifqızı qeyd edib ki, Azərbaycan mediasının böyük yükü qadınların zərif çiyinləri üzərindədir. "Əgər say etibarı ilə götürsək, demək olar ki, kişilərlə eyni sayda mediamızda qadın təmsilçilərimiz var. Onların əksəriyyəti reportyor, redaktor kimi fəaliyyət göstərirlər. Əgər bunlar olmasa, qadın əməyi olmasa, düşünürəm ki, gündəmdə normal bir qəzet də olmazdı. Azərbaycanın qadın jurnalistlərinin əməyi sayəsində bu gün televiziyalarımızda gözəl verilişlər ortaya çıxır, internet saytlarda maraqlı informasiyalar yazılır, bu da onların o gərgin əməyinin nəticəsidir.
Yəni zəhmətkeş qrup əgər çalışmırsa, informasiya gətirmirsə, redaktor boş əllə nə edə bilər? Heç nə eləyə bilməz. Kişi redaktorlar əsasən mətbuatımızda idarəetmədə çoxluq təşkil edirlər. Qadınlara qarşı qısqanclıq duyulur... Mən bunu hər yerdə deyirəm”.
S.Yusifovanın sözlərinə görə, bu gün Azərbaycanda həm qadın olmaq, həm də jurnalist olmaq çox çətindir: "Jurnalist peşəsinin özü çətin peşələr sırasındadır. Lakin qadın olaraq bu peşədə özünü göstərmək ikiqat fədakarlıq tələb edir. Azərbaycan qadını da istər ailəsində, istər peşəsində, istərsə də digər sahələrdə çox fədakar və məsuliyyətlidir. Ona görə də mən Azərbaycanın qadın jurnalistləri ilə fəxr edirəm. Bu gün cəmiyyətin maarifləndirilməsində, informasiya tələbatının ödənilməsində bilavasitə qadın əməyi görünür. Siz fikir versəniz görərsiniz ki, bu gün cəmiyyətdə qadın jurnalistlərin əməyində faydalılıq əmsalı daha yüksəkdir”.
Media sahəsində qadın jurnalistlərin sayı kişilərlə müqayisədə xeyli çox olmasına rəğmən media kapitanları arasında xanımların sayının barmaqla sayılacaq qədər olmasına gəldikdə isə AJQA sədri bu göstəricini gender balansının pozulması ilə əlaqələndirib: "Düşünürəm ki, bu məsələdə gender balansı birmənalı şəkildə pozulur. Mənim səmimi istəyimdir ki, Azərbaycan televiziyalarının birinin rəhbəri qadın olsun. Yəni cəmiyyət qadının gördüyü işi də müzakirə etsin. Biz istəyirik ki, bu sahədəki qadın peşəkarlar irəli çəkilsinlər. Axı televiziyalarda 1-ci müavinlər niyə qadın olmasın? Onlar işləyə bilməyəcəklər ki? Azərbaycan qadınının bu gün gördüyü iş kişilərdən heç də geri qalmır. Amma jurnalist kişilərdə səxavət olmadığından biz qadınlar özümüz-özümüzü həmişə yüksəkdə tutmalıyıq”.
Azərbaycanda qadınların media sahəsindəki fəaliyyətinin qənaətbəxş olmadığını deyən "Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızının sözlərinə görə, Azərbaycan qadınlarının rəhbər postlara sahib olmasına mentalitet mane olur: "Azərbaycanda qadınların siyasi sosiallaşma prosesindəki situasiya hələ ki, bizim arzuladığımız səviyyədə deyil. Lakin müəyyən sahələr var ki, orada qadınlarımız doğrudan da çox fəaldırlar. Məsələn, təhsil sahəsindəki qadın pedaqoqların sayı kişi pedaqoqların sayından daha çoxdur. Sözsüz ki, bu say fərqini jurnalistika sahəsinə də aid etmək olar”.
Xanım baş redaktorun sözlərinə görə, media sahəsində qadınların fəaliyyətindəki çatışmazlıq idarəetmə ilə bağlıdır. Onun sözlərinə görə, qadınlar mətbuatda müxbir, reportyor kimi daha çox fəaliyyət göstərirlər, nəinki hansısa bir orqanın rəhbəri: "Jurnalistika sahəsində qadın rəhbərlərin sayı çox təəssüflər ki, barmaqla sayılacaq qədər məhduddur. Arzu edərdim ki, xanımlarımızın sayı jurnalistika sahəsində təkcə müxbir qismində yox, idarəçilikdə də artsın. Bütün dünyada qəbul olunmuş prinsipdir ki, qadınlar kişilərlə müqayisədə daha ədalətli olurlar. Düşünürəm ki, media orqanlarının rəhbər strukturlarında qadınların sayı çox olsa, bəlkə də bu gün jurnalistikamızda yaşanan problemlərin bir çoxu olmaz. Ancaq biz mental dəyərlərə bağlı bir cəmiyyət olduğumuz üçün bizdə qadınların rəhbər vəzifələrdə olması birmənalı qarşılanmır. Əsassız yerə qadınlar kişilərlə müqayisədə daha bacarıqsızdır və hansısa bir toplumu onlar düzgün idarə edə bilməzlər. Ancaq təcrübə göstərir ki, qadınlar tərəfindən idarə olunan qurumlarda vəziyyət daha yaxşıdır. Hesab edirəm ki, biz tədricən bu mentallıqdan uzaqlaşmalıyıq”.
"APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı da jurnalistika sahəsində xanımlarımızın kifayət qədər aktiv olmadığı qənaətindədir: "Çünki Azərbaycanda xanım jurnalistlər mətbuatın alt hissəsində çoxluq təşkil edir. Müxbir, korrektor və operator kimi çalışırlar. Ancaq çox təəssüf ki, Azərbaycan mediasında baş redaktor, media müəssisələrinin rəhbəri kimi çalışan xanımlarımızın sayı çox məhduddur. Buna da səbəb artıq bizim üçün stereotiplərə çevrilən psixoloji məqamlardır. Media rəhbərlərinin bayram, istirahət günləri olmur. İş saatımız çox uzundur. Müxbirlərdən fərqli olaraq, qurumun rəhbəri evə daha gec saatlarda gedir. Mənə elə gəlir ki, xanımlarımızı da məhz bu amil qorxudur. Həmçinin jurnalistika üzdə olan bir sahədir. Yəni media qurumlarından birində rəhbər vəzifədə çalışan xanım cəmiyyət tərəfindən tanınır, bəzən "ulduz” da olur. Bu da mentalitetimizə zidd kimi qəbul olunan bir şeydir”.
V.Mahirqızının sözlərinə görə, əksər zamanlarda qadınların media sahəsində üzə çıxmasına məhz ailələr mane olur: "Atalar, qardaşlar, ailə qurandan sonra da həyat yoldaşı, qayınatası, qaynı razılaşmır ki, onların doğması olan qadın ictimai rəydə söz sahibi olsun. Bəzən deyirlər ki, jurnalistikada olan kişilər qadınlara önə çıxmağa imkan vermir. Amma mən bu ittihamlarla razı deyiləm. Əksinə, onlar yetəri qədər dəstək verirlər. Şəxsən hər zaman kişi həmkarlarımdan dəstək görmüşəm. Təbii ki, müəyyən məqamlarda "qara piar”lar da olur. Amma bunları təbii hesab edirəm. Çünki insan heç vaxt rəqibindən dəstək gözləməməlidir. Qadın-kişi, fərqi yoxdur, hər zaman rəhbər şəxslər arasında rəqabət olub. Hər nə qədər cəmiyyətdə qadın liderə qarşı fərqli baxış olsa da, ailədən dəstək alan qadının qarşısında heç kəs "çəpər” ola bilməz. Şəxsən mən jurnalistika sahəsində qazandığım uğurlara görə, atama minnətdaram. O hər zaman mənə dəstək olub və atdığım addımları dəstəkləyib. Jurnalistikaya yeni gəldiyim günlərin birində "20 Yanvar” metrostansiyasının keçidindəki ticarət mərkəzində bir polis mənə hücum etmişdi. Bu hadisə ilə bağlı da mətbuatda xəbərlər getmişdi. Bundan sonra əmilərim və başqa qohumlarım buna narazılıq etdilər ki, qız nədir, onun haqqında bu cür yazılar yazıldı nədir? Ancaq atam həmin vaxtı ortaya iradə qoydu ki, qız mənimdir, mən də onun arxasındayam. Əgər vaxtında atam mənə dəstək durmasaydı, bəlkə də indi bu uğurlara imza ata bilməzdim.
Azərbaycan jurnalistikasında rəhbər vəzifələrdə çalışa biləcək çox yaxşı və istedadlı xanım jurnalistlər var. Sadəcə, onlara mənəvi dəstək lazımdır”.
Şəymən