“Əhalinin orta əməkhaqqı və ondan yuxarı maaş alan təbəqəsi üçün əlçatan olacaq”
Ölkəmizdə sosial kirayə fondu yaradılır. Məqsəd insanların ucuz qiymətə mənzillərlə təmin edilməsidir. Fond aldığı mənzilləri vətəndaşlara ucuz qiymətlərə kirayə təklif edəcək. Ekspertlər hesab edirlər ki, bu addım mənzil bazarındakı qiymətlərə də təsir göstərəcək.
İpoteka və Kredit Zəmanət Fondu mənzilləri alıb vətəndaşlara ucuz qiymətə kirayə verəcək.
Nizamnaməyə edilən əlavəyə əsasən yaşayış sahələrini almaq və satmaq öhdəliyi ilə kirayəyə vermək vəzifəsi də Fonda tapşırılıb. Bununla da yaradılacaq Sosial kirayə fondu müxtəlif ərazilərdə mənzilləri alacaq və kirayəyə verəcək.
Ekspertlərin sözlərinə görə, bu təcrübə MDB ölkələrində də geniş yayılıb və mənzil sahibi olmayan insanlar üçün effektiv üsul hesab edilir. Fondun balansında olan mənzillərin sayının çox olması həmin ərazidə kirayə qiymətlərinə də təsir edəcək.
Kirayə qalan vətəndaş sonda istəyinə uyğun olaraq həmin mənzili birdəfəlik satın da ala biləcək. Bunun üçün mexanizm və qaydalar hazırlanacaq. Yeniliyin digər bir üstünlüyü isə əhalinin çoxsaylı sənəd toplamaqdan və gəlir tələblərindən azad olmasıdır.
İqtisadçı-ekspert Elçin Bayramlı "Şərq”ə açıqlamasında belə bir Fondun yaradılmasını ümumən müsbət addım kimi qiymətləndirib. Onun sözlərinə görə, ümumi reyestrdən hər kəsin tələbatına, imkanına uyğun mənzil seçiləcək və ona rəsmi müqavilə ilə veriləcək. Hazırda isə bu sahədə anarxiyadır. Həm dövlət büdcəsindən xeyli pul yayındırılır, fərdi kirayəyə evlərdən əldə edilən gəlirə görə vergi verilmir, həm də kirayəçinin hüquqları pozulur.
Bundan başqa hər iki tərəf bir çox hallarda aldadılır. Ümumi baza olduqda bu problemlər həll olunacaq. E.Bayramlının sözlərinə görə, Kirayə Fondunun nəzdində olan evlər yalnız əhalinin orta əməkhaqqı və ondan yuxarı maaş alan təbəqəsi üçün əlçatan olacaq, aşağı maaşlı və aşağı təminatlı vətəndaşlar yeni tikililərdə kirayə götürə bilməyəcəklər:
"Yeni binalardakı mənzillərdə kirayə haqqı 200 manatdan aşağı olmur. Hazırda isə kirayənişinlərin ən azı yarısı bu məbləğdən aşağı qiymətə şəhərkənarı kənd və qəsəbələrdə kiçik kirayə evlərdə qalır”.
İqtisadçının sözlərinə görə, Bakıda tələbatdan artıq bina tikilib və qiymətlərin bahalığı səbəbi ilə mənzillərin çoxu satılmır.
"Bu isə həmin boş qalan mənzillərin istifadəsinə və ondan gəlir götürməyə imkan verəcək. Bundan daha çox binanın sahibi olan tikinti formaları bəhrələnəcək. Daha yaxşı variant da var. Həmin firmalar sata bilmədikləri mənzilləri aşağı qiymətə uzunmüddətli banksız kreditlə vətəndaşlara versinlər, ayda 100-200 manat ödəmək şərtilə.
Ödəniş bitənədək mənzil firmanın sərəncamında qalır, sonra isə orda yaşayanın mülkiyyətinə keçir. Bu halda ödənişdə problem olmayacaq. Həm boş qalan mənzillər istifadə olunacaq, həm xeyli vətəndaş kirayələrdən qurtulacaq, həm də firmalar sata bilmədikləri mənzilləri satıb gəlir əldə edəcəklər. Bunun bir mexanizmi tapıla bilər və dövlət bu müqaviləyə qarant dura bilər”.
Şəymən