Dövlət İmtahan Mərkəzi bütün xidmətləri pullu edəcək

“Onda ölkədə alternativ bir qurumun, başqa bir imtahan mərkəzinin yaradılması məsələsi aktuallaşmalıdır”
“DİM sözügedən bəyanatı yaymaq əvəzinə, idarənin qabağına qara qutu qoyub rəsmən dilənsələr, bundan yaxşı olardı”


Təhsil eksperti və iqtisadçı məsələyə kəskin etirazlarını bildirdi

Bir ildən sonra Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən bütün materialların yüklənməsi və istifadəsinin pullu olacağı barədə məsələ ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu gün lazımi materiallar saytda açıq formada qoyulub və onları hər kəs yükləyə bilər, ancaq gələn ildən Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən materiallardan istifadə edənlər buna görə ödəniş ödəməli olacaqlar: "Bu gün lazımi materiallar saytda açıq formada qoyulub və onları hər kəs yükləyə bilər. Bir ildən sonra onların hamısı pullu olacaq. Çünki həmin materialların hamısı bizim öz məhsulumuzdur. Bu məhsulu istifadə etmək bir tərəfə qalsın, hələ öz adlarına çıxarırlar. Heç olmasa, istifadə etdikdə pul versinlər”. Sosial şəbəkələr və mediada isə DİM sədrinin bu açıqlaması qeyri-adi fikir kimi dəyərləndirilib. O cümlədən də ekspertlər DİM-in sözügedən qərarının doğru addım olmadığı qənaətindədir.

DİM-in fəaliyyətini əks etdirən məlumatların pullu edilməsinin yolverilməz olduğunu deyən tarix üzrə fəlsəfə doktoru, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Şərq”ə açıqlamasında maraqlı məqama toxunub: 

"DİM bəyanat verəndə deyir ki, bundan sonra xidmətlər, sayt pullu olacaq. Belə təsəvvür yaranır ki, sanki DİM yaranana qədər, TQDK olanda pulsuz olaraq vətəndaşlar tərəfindən istifadə olunurdu. Əvvəla, qeyd edim ki, 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə TQDK ləğv olunaraq onun bazasında ölkə ərazisində bütün imtahan xidmətlərini həyata keçirmək üçün publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi (DİM) yarandı. Əvvəllər fəaliyyət göstərən TQDK dövlət qurumu idi və büdcə vəsaiti ilə maliyyələşirdi, yeni yaranmış DİM isə bu imtiyazlardan məhrumdur, göstərdiyi xidmətləri pullu edərək öz büdcəsini formalaşdırır. Ancaq bu o demək deyil ki, pullu xidmətlər deyəndə bütün məlumat bazası nəzərdə tutulmalıdır”.

Təhsil ekspertinin sözlərinə görə, istənilən halda DİM göstərdiyi xidmətlərə görə heç bir xidmət haqqı almadan statistik, analitik məlumatlar verməyə borcludur: 

"Məlumat azadlığı haqqında”, "İnformasiya əldə etmək haqqında” qanunların tələbinə görə onlar ay, il ərzində gördükləri işlər, göstərdikləri fəaliyyət haqqında şəffaflığın təmin olunması üçün məlumatlar yaymalı, statistik göstəriciləri hazırlayıb ictimaiyyətin nəzərinə çatdırmalıdırlar. Fəaliyyət və idarəetmə formasından asılı olmayaraq dövlətin siyasətini əks etdirməklə xidmət göstərən bütün dövlət, qeyri-dövlət təşkilatları Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları və Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bu xidmətləri pulsuz olaraq göstərməyə borcludurlar”.

Ekspertin qeyd etdiyinə görə, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində göstərilib ki, yalnız ödənişli əsaslarla sınaq imtahanları keçirmək və müqavilə əsasında hazırlıq kursları, təlimlər təşkil etmək, imtahanlar keçirmək, vəsait, jurnallar çap etmək səlahiyyətinə malikdir: "Amma öz fəaliyyətinin obyektivliyini əks etdirən, ictimai məmnunluğu təmin edən, elmi dayanıqlılığın təmin edilməsi üçün hazırlanan məlumatların pullu edilməsi yolverilməzdir. Bütün mənbələri pullu etmək olmaz. Azərbaycan dövlətinin daxili siyasətinin əsasını sosial rifah təşkil edir. Prezident tərəfindən təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na görə təhsil əlçatan olmalıdır. Amma bütün xidmətləri pullu edərək biz bunun qarşısını almış oluruq. Düşünürəm ki, 2017-2018-ci tədris ili üçün tətbiq edilmiş yeni xidmət haqqı qiymətləri kifayət qədər yüksəkdir və DİM özünün bütün maliyyə xərclərini ödəyə bilər”.
K.Əsədov bildirib ki, DİM bütün xidmətləri pullu edəcəyi təqdirdə ölkədə alternativ bir qurumun, başqa bir imtahan mərkəzinin yaradılması məsələsi aktuallaşmalıdır. Onun sözlərinə görə, bu sahədə tək müəssisənin fəaliyyət göstərməsi keyfiyyət yox, kəmiyyət artımına yönəlir: "Başqa bir imtahan keçirən qurum yaradılsa, onlar arasında daha ucuz və keyfiyyətli xidmətlərin göstərilməsi üçün rəqabət yaranacaq və heç kim daha çox qazanmaq haqqında yox, daha keyfiyyətli xidmət göstərmək haqqında düşünəcək. Hesab edirəm ki, qəbul və sınaq imtahanlarından başqa digər xidmətlərin pullu edilməsi işin keyfiyyətinə mənfi təsir göstərəcək”.

İqtisadçı-ekspert Natiq Cəfərli də özünün feysbuk səhifəsində məsələyə kəskin reaksiya verib. Onun sözlərinə görə, DİM sözügedən bəyanatı yaymaq əvəzinə, idarənin qabağına qara qutu qoyub rəsmən dilənsələr, bundan yaxşı olardı: 

"Lap ağını çıxardıblar, imtahanları pullu ediblər, əsgərlik yaşı hələ yayda, payızda, qışda tamam olanları Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsindən alınmış möhlət hüququ olmadan may ayında olan imtahana buraxmırlar - kimin belə problemi var, gedib arayış almaq üçün adam axtarır, rüşvət verir. Bütün dünya tam pulsuz təhsilə keçməyə can atır, bunlar səviyyəsiz və keyfiyyətsiz təhsil verirlər, hələ bir buna görə də vətəndaşlardan imtahana pul, təhsilə ödəniş alırlar. Anlamırlar ki, vətəndaş həyatı boyu birbaşa və dolayı vergiləri ilə dövlətə ödənişlər edir, dövlətin də borcu vətəndaşa pulsuz və keyfiyyətli xidmət göstərməkdir”.

Şəymən