"Dövlətimiz ərazilərimizi azad etmək hazırlığındadır"

Cəlil Xəlilov: "Bu, sülh yolu həll mümkün olmadıqda Azərbaycan öz hərbi gücündən istifadə etməyə məcburdur"



"Azərbaycan həm hərbi-texniki, həm əsgəri gücünə görə Qafqazda ən güclü orduya malik dövlətdir”.

Bunu Sherg.az-a NATO-nun "Azərbaycan ordusu 48 saat içində bütün Qafqazı işğal edə biləcək gücə sahibdir” hesabatını şərh edərkən ehtiyyatda olan polkovnik Cəlil Xəlilov deyib. 

O bildirib ki, Azərbaycan heç bir qonşu dövlətlərin ərazisinə iddia etmir, sərhədləri pozmaq iddiasında deyil:

"Dövlətimiz sadəcə öz ərazilərini erməni separatçılarından azad etmək hazırlığındadır. Bununla bərabər Azərbaycan beynəlxalq normalara əməl edir. Ölkə başçısı siyasi və diplomatik imkanlardan, aparıcı dövlətlərin dəstəyindən istifadə etmək istəyir. Münaqişənin sülh yolu ilə həllinə çalışırıq. Sülh yolu həll mümkün olmadıqda Azərbaycan öz hərbi gücündən istifadə etməyə məcburdur.

Dünya dövlətlərinin də Azərbaycanın hərbi gücünə qiymət verməsi sevindiricidir. Azərbaycan dünya orduları sırasında 50-liklər arasındadır. NATO ölkələri, professionallar, ordudan başı çıxanlar həm mənəvi psixoloji duruma, texniki imkanlara, həm də Azərbaycan zabit korpusuna yüksək qiymət verirlər. Azərbaycan zabitləri tək ölkəmizdə hazırlanmır. Onlar həm NATO məktəblərində, həm də aparıcı dövlətlərin ərazilərində, hərbi akademiyalarda təhsil alırlar.

Azərbaycan sülhməramlıları Əfqanıstanda və digər ölkələrdə konfliktlərin yatırılmasında iştirak edirlər. Ordumuz Qafqazda da öz sözünü deyə bilər”.

Polkovnik əlavə edib ki, belə hesabatlar provokasiya xarakteri daşımamlıdır:

"Diqqətlə yanaşmaq lazımdır ki, bu hesabatlar qonşu dövlətləri qıcıqlandırmasın. Biz qonşu dövlətlərlə gözəl qonşuluq münasibəti saxlayırıq. Onların maraqlarını Azərbaycan nəzərə alır, bununla bərabər öz maraqlarına da sadiqdir”.

Aysel Aslan