Döyüş qabaqdadır...

Sonuncu işğalçı əsgər Azərbaycan torpağını tərk edənədək düşmənə aman tanınmayacaq



Qarabağ münaqişəsi zonasında baş verən "dörd günlük” müharibədən bir ay ötür. Qısamüddətli savaş siyasi arenada müəyyən canlanmaya, dönüşə səbəb olsa da, hələki nizamlama prosesində irəliləyiş gözə dəymir. İşğalçı Ermənistanın rəhbərliyi özünü elə aparır ki, sanki heç nə baş verməyib. Hələ üstəlik, yeni absurd şərtlər də irəli sürür. Şübhə yox ki, düşmən tərəfin bu radikallığı müstəsna olaraq daxili auditoriyaya ünvanlanıb. Ancaq belə lüzumsuz ritorika genişmiqyaslı hərbi qarşıdurmaya aparır, Azərbaycana hərbdən savayı çıxış yolu qoymur.

Belə həssas və mürəkkəb bir məqamda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təmas xəttindəki yaşayış məntəqələrinə və hərbi hissələrə baş çəkməsi mühüm önəm kəsb edir. Bu səfər təkcə yerli əhali və hərbçilərimizi ruhlandırmaq baxımından yox, həm də ilk növbədə düşmənə, onun havadarına verilən konkret mesaj baxımından qiymətli sayılmalıdır. Mesaj isə cəbhə xəttinin 200 metrliyinədək gedən Ali Baş Komandanın dediyi sözlərdə əksini tapıb. Ölkə başçısı hərbçilərlə görüşdə xüsusi ilə vurğulayıb ki, Azərbaycan mövcud vəziyyətlə, erməni işğalı ilə heç vaxt barışmayacaq: "Hazırda təmas xəttində üstünlük tamamən Azərbaycan tərəfindədir, döyüş mövqelərimiz daha da möhkəmlənib”. Qəhrəman hərbçilərimizə mükafatların dövlət başçısı tərəfindən məhz cəbhə bölgəsində təqdim edilməsi də düşmənə başqa bir xəbərdarlıq mesajı sayıla bilər: - "Axırıncı işğalçı əsgər Azərbaycan ərazisini tərk edənədək ona aman tanınmayacaq”. Prezidentin cəbhə səfəri və orada səsləndirdiyi xəbərdarlıqlar həm də o anlama gəlir ki, Azərbaycan nəinki işğala dözəcək, eyni zamanda təslimçi sülh variantlarını da heç vaxt qəbul etməyəcək. İşğalçı dövlət isə həqiqətən ciddi şəkildə narahatdır, təlaş içindədir. Xüsusən düşmənin aprelin sonunda baş tutmayan "revanş” cəhdi Ermənistanı daha ümidsiz bir duruma salıb.

Prezident İlham Əliyevin cəbhəyanı rayonlara səfərini şərh edən millət vəkili Zahid Oruc deyib ki, bu səfər avtomatik olaraq bölgəni müşahidə altında saxlayanlara və xalqımıza yeni impulslar verir ki, döyüş qabaqdadır. Deputat bildirib ki, Ali Baş Komandan birbaşa döyüş bölgələrini ziyarət etməklə sadəcə düşmənə bir görüntü nümayiş etdirmir, eyni zamanda, əsgərinin yanında olduğunu, zabiti ilə çiyin-çiyinə dayandığını, ordusunun bütün əməliyyatlarına rəhbərlik etdiyini göstərir: "Bu, hazırkı dövrdə çox əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, birinci Qarabağ savaşında torpaqlarımızı həm də bu səbəblərdən itirmişik. Təəssüflər olsun ki, o dövrün rəhbərləri ordunun ön cəbhəsində birbaşa əməliyyatlara qatılmaq, peşəkarcasına real taktiki planları cızmaq, hər bir kiçik mövqe ilə bağlı vəziyyəti təhlil etmək imkanında olmadılar. Ölkə rəhbərinin Tərtərin ön cəbhəsinə, erməni zərbələrindən dağılmış evlərə baş çəkməsi Azərbaycan xalqı üçün dözüm sərgiləyir. O biri yandan erməni kəşfiyyat orqanları son günlər generallarının qurban verilməsi ilə xeyli zəiflədilir. Bu səfər "birinci şəxs vətəndaşlara yönələn zərbəni üzərinə götürür” mesajını cəmiyyətə verdi”.

Z.Oruc hesab edir ki, ölkə başçısının səfəri, ümumiyyətlə, hər bir addımı qarşı tərəfi bundan sonra daim qorxu içində saxlamağa bəs edir: "Əlbəttə ki, savaş itkilər deməkdir. Düzdür, bölgədə humanitar, iqtisadi ziyanlar qaçılmazdır. Tam əminliklə deyə bilərik ki, ölkə rəhbəri əməliyyat şəraitinə generalları və əsgərləri ilə birlikdə nəzarət edir. Məhz real vəziyyətə təsir göstərmək üçün yeni qərarlar verir. Cəbhəyanı bölgələrdə yaşayan sakinlərə dəyən ziyanın dövlət tərəfindən ödənməsi ermənilərin əhalinin köçkünlüyünü təşkil etmək və ordu birləşmələrini dayaqsız qoymaq kimi növbəti planlarını alt-üst edir. Prezidentin səfəri Ali Baş Komandanın döyüşməsi deməkdir”.

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da bildirib ki, dövlət başçısı və xanımının atəş altında, çətin vəziyyətdə olan bölgələrə səfəri nümunəvi addımdır: "Çünki bu gün insanların daha çox mənəvi dəstəyə ehtiyacı var. Həm də maddi itkilər baxımından problemləri dövlət başçısının birbaşa özünün müşahidə etməsi vacibdir. Ona görə ki, bir çox halda yerlərdə vətəndaşların problemlərinin həllinə bir az səthi yanaşa bilərlər. Amma Prezidentin səfərindən sonra artıq orada evləri dağılmış insanlara tam mənası ilə ciddi dəstək veriləcək. Bu baxımdan dövlət başçısının səfəri çox müsbət addımdır. Yaxşı bir haldır ki, Prezident bu səfərlərə hər dəfə belə əhəmiyyət verir. Əhali ilə birbaşa görüşmək, təsəlli vermək, onlarla söhbətləşmək mühümdür”. F.Mustafa digər rəsmiləri dövlət başçısından nümunə götürməyə çağırıb: "Nazirlər Kabinetinin bütün üzvləri də belə addım atmalıdır. Çünki hər yerə Prezidentin getməyə imkanı və vaxtı yoxdur. Harada dağıntılar, problemlər varsa, Nazirlər Kabinetinin üzvlərinin o ailələrlə görüşməsi yaxşı olardı”.

İsmayıl