"Bu əməliyyatın fonunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fəaliyyəti təqdirəlayiq hesab olunur".
Bu barədə Sherg.az-a qurumun xaricdəki əməliyyatlarını dəyərləndirərkən sabiq MTN zabiti Sülhəddin Əkbər deyib.
O qeyd edib ki, yeni işi, qurumu təşkil etmək çətindir:

"Öz təcrübəmdən də bilirəm ki, bunun üçün zaman lazımdır. Amma DTX-nın bu istiqamətdə fəaliyyətinin aktiv olduğu göz önündədir. Beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə aktivlik artıb. Sözsüz ki, qurumun məlum xidmətləri müsbət qiymətləndirilməlidir”.
Qeyd edək ki, Azərbaycandan kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilib. Və pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə hazıradək hesablanmış 3.700.000,0 (üç milyon yeddi yüz) manatdan artıq vəsait oğurlanıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin məlumatına görə, digər dövlətlərdə olan banklara da eyni metodlarla kiberhücumlar edilərək talama cinayətlərinin törədildiyi müəyyən edilib.
Fakt üzrə toplanılmış materiallar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa olunub.
Cinayətkar qrupun üzvü kimi cinayət əməllərinin törədilməsində şübhəli bilinən xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniya Krallığının Barselona şəhərində saxlanılıb, beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində 2017-ci il iyulun 23-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Aysel Aslan