Dünən SSRİ, bu gün Rusiya PKK-ya dəstək verir

“Türkiyə və İran kürdlərin istifadəsi üçün hədəfdir”



"Kürd məsələsi çox həssasdır, biz kürdlərlə əlaqələri inkişaf etdirəcəyik”. Bunu efirdə jurnalistlərin suallarını cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib. Putin deyib ki, hər zaman kürdləri himayə edən Moskva əlaqələri kəsmək üçün heç bir səbəb görmür: "Ortaq problemimiz olan terrorun həlli daha vacibdir. Kürd milislər hər zaman terrorla mübarizəyə önəmli fayda veriblər”.

Suriya ilə bağlı suallara cavab verən Putin məqsədinin Əsəd ordusunu gücləndirmək olduğunu bildirib. Görünür, Kreml rəhbəri "terrora qarşı mübarizədən” danışanda PKK-ya yaxınlığı ilə bilinən PYD-YPG yaraqlılarının da bir növ terrorçu olduğunu nəzərə almayıb. 

Moskvanın məsələyə yanaşması ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Vasif Əfəndiyev deyib ki, PKK terror təşkilatı yarandığı ilk gündən Türkiyə, İraq və Suriya torpaqlarında kürd dövlətinin qurulmasını özünə hədəf götürüb.Analitik bildirib ki, kürd millətindən olan ziyalı qisim bu hərəkata dəstək verməkdən imtina etdiyi üçün PKK silahlı mübarizəyə keçib. 

Terrorçu Abdullah Öcalanın rəhbərlik etdiyi təşkilat daha şərəfsiz yol seçərək terror aktları həyata keçirməyə və bu yolla istəyinə nail olmağa səy göstərib. Lakin 1984-cü ildən aktiv terror əməliyyatlarına başlayan təşkilat heç bir siyasi dividend əldə edə bilməyib. Əksinə, bütün nüfuzlu beynəlxalq qurumlar tərəfindən terror təşkilatı olaraq tanınıb”. Ekspert vurğulayıb ki, təşkilat yarandığı ilk gündən sovet ittifaqı tərəfindən xeyir-duası verilib: "Məhz SSRİ-nin dəstəyi ilə PKK siyasi, hərbi və iqtisadi dəstək alıb. Bu gün isə bu missiyanı Rusiya həyata keçirməkdədir. Putinin kürdlərlə əlaqələri daha da inkişaf etdirəcəyini deməsi rusların türk torpaqlarında terror aktları törədən PKK-ya indiyə qədər verdiyi dəstəyi davam etdirməsi anlamına gəlir”. 

Politoloqun sözlərinə görə, Rusiya tərəfinin bu qədər açıq davranışlarına baxmayaraq, Ankara hökuməti Rusiya ilə münasibətləri kəsməkdə maraqlı deyil. Heç Rusiya da əlaqələri korlamaqda istəkli görünmür: 

"Bu məsələdə tərəflər arasında soyuq müharibə gedir. Türkiyə NATO-dakı tərəfdaşları vasitəsi ilə Rusiyanın PKK-ya hərbi dəstəyinin qarşısını xeyli ala bilib. Bu, Türkiyəni bir qədər inamlı davranmağa vadar edir. Putin ABŞ-ın nəzarətində olan PYD-YPG təşkilatları ilə əlaqə saxlamaqla, bir növ PKK ilə münasibətlərdə uğursuzluqlarını bu cəbhədə kompensasiya etmək niyyətindədir”.


"Sovet hökuməti dönəmindən bu yana kürd üsyanlarına köməklik edilib”. Bunu isə politoloq Elxan Mehdiyev deyib. O bildirib ki, hazırda İraqda fəaliyyət göstərən siyasətçi Məsud Bərzaninin atası da vaxtilə Kürd Azadlıq Hərəkatı adı ilə kürdlərin mövqeyini müdafiə edib:

"Yaxın Şərqdə ad çıxaran bu hərəkatı da Sovet hökuməti müdafiə edir, onları "komminist çətiri” altında saxlamağa çalışırdı. Bu ənənə zamanla davam edib. 90-cı illərdə 1-ci İraq savaşından sonra isə orada kürdlərin üzərində daha çox amerikanlar nüfuz qazandılar. İraqın şimalında Kürd muxtariyyətinin yaradılmasında da biləvasitə amerikanlar rol oynadı. Həmin əraziləri uçuşa qadağan zona elan edib, Səddam Hüseynin ora girməsinə imkan vermədilər. Bununla da həmin ərazidə Məsud Bərzani və Cəlal Talabaninin rəhbərliyi ilə Kürdüstan muxtariyyəti quruldu. Hazırda onlar müstəqilliyə yaxındırlar. İkinci Kürd qrupları isə hazırda davam edən Suriya münaqişəsində ortaya çıxdı. Görünən odur ki, həm Amerika, həm də Rusiya həmin qüvvələrdən İŞİD-ə qarşı istifadə edir. Amerikan qüvvələri onlardan daha çox Asiyada da istifadə etməyə çalışırdı. Amma bu məsələdə Bəşşar Əsədlə münasibətləri pozmamaq şərti ilə hərəkət edirlər. Bu baxımdan ruslar Suriyada ən böyük söz sahibi olduğundan, kürdlərin də orada təşkil edilmiş qüvvə olmasını, tarixi bir rəğbət qazandığını nəzərə alaraq onlardan ölkədə özlərinin maraqları üçün istifadə etdiklərini deyə bilərik. Həm Türkiyə, həm İran kürdlərin istifadəsi üçün hədəfdir. Həmçinin amerikanlar kürdlərdən Suriya mərkəzi hökumətinə qarşı istifadə edirlər. Kürdlər orada qeyri-türk, qeyri-iran ünsürlər olduğundan böyük dövlətlərin də böyük maraqları var ki, gələcəkdə qeyri-ərəb və qeyri-türk dövlət yaransın”.

E.Mehdiyev onu da əlavə edib ki, həmin ərazilərdə qeyri-ərəb, qeyri-türk dövlətinin yaranmasında İsrail dövləti də maraqlıdır: 

"Çünki onun da ərəblərlə münaqişəsi var və bölgədə qeyri-ərəb dövlətin yaranmasını istəyir. Təbii hazırda məsələ heç də dövlət yaratmaq deyil, bu istiqamətdə kürd mahalı, kürd vətəni yaratmaq səyləri gedir. Bunlar Türkiyə ilə ziddiyyətə gətirib çıxarır. Onlar PKK-ya yaxın qüvvələr olduğundan Türkiyənin Rusiya və Amerika ilə indiki dönəmdə fikir ayrılığı elə kürdlərə görədir. Bu baxımdan kürdlər orada həm ruslara, həm amerikanlara kömək edir. Bu mənada Putin onlarla xoş münasibətdədir”.

İsmayıl,
Aysel