Dünya Bankının təqdim etdiyi kreditlərdən imtina etmək olmaz





Yaxın illərdə Azərbaycanda səhiyyə, bərk tullantıların idarə edilməsi, ali təhsil və kənd təsərrüfatı sahələri Dünya Bankının (DB) kreditləşdirməsi üçün ən yüksək prioritet sahələr hesab olunur. Bu barədə bankın Bakı Nümayəndəliyinin rəhbəri Navid Naqvi bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyib ki, Azərbaycanda iqtisadiyyatın bütün sahələrində kredit resursları yetərincədir: "Biz Dünya Bankının təklif etdiyi kredit layihələrini diqqətlə araşdırmalıyıq. Götür-qoy etməliyik ki, bu kreditlər bizə nə dərəcədə lazımdır. Əgər kəskin ehtiyac varsa, o kreditləri götürə bilərik. Zərurət yoxdursa, Dünya Bankının kreditlərinə Azərbaycanda ehtiyac da yoxdur”.

İqtisadçı Natiq Cəfərli isə "Şərq"ə açıqlamasında bildirib ki, Dünya Bankının kredit layihələrinin üstün cəhətlərindən biri odur ki, onlar kredit verərkən yerli icra strukturları, yerli təşkilatlarla bu kreditlərin xərclənməsinin istiqamətləri və yaxud ölçülməsi ilə bağlı ciddi iş aparırlar. Onlar bu məsələyə tək kredit vermək deyil, islahat proqramlarının qəbul olunması kimi də yanaşırlar:

 "Məhz bu baxımdan Dünya Bankı ilə Azərbaycan hökumətinin son illərdə məhsuldar fəaliyyəti olub. Əsasən son 20 ildə kifayət qədər ciddi layihələr həyata keçirilib. Bunu Dünya Bankının verdiyi kreditlərin kredit faizlərinin şərtlərini və bütün məsələləri nəzərdən keçirib nəticə çıxarmaq olar. Dünya Bankı ilə çalışmağın üstün cəhətlərindən biri də odur ki, onların kreditlə bərabər islahat paketinin müzakirəsi və islahat paketinin təqdim olunması praktikası var. 

Bu nöqteyi-nəzərdən təbii ki, Dünya Bankı ilə çalışmaq heç də pis deyil və dediyim kimi, Azərbaycan hökumətinin bu yöndə kifayət qədər təcrübəsi var. Kredit resurslarına çıxış imkanları Azərbaycanda açığı, o qədər də yaxşı vəziyyətdə deyil. 

Faiz dərəcələri yüksəkdir, əsasən sosial sahələrdə kreditləşmə çox aşağı səviyyədədir. Buna görə də hökumətlə birgə çalışaraq Dünya Bankının müxtəlif layihələri aşağı faizli və yaxud uzunmüddətli, eyni zamanda paralel olaraq islahat paketi şəklində təqdim etdiyi layihələrin çox böyük əhəmiyyəti olacağını düşünürəm".

 N.Cəfərlinin fikrincə, təqdim olunan kreditlərdən imtina etmək doğru olmazdı:

 "Çünki hər bir halda Dünya Bankının təqdim etdiyi kreditlər daha aşağı faizli olur və daha çox struktur islahatlarına yardımçı kimi çıxış edir. Bu baxımdan Azərbaycanın kredit bazarını nəzərə almaq lazımdır. Bilirik ki, bizdə kreditlər qısamüddətli verilir və bahalıdır, bu nöqteyi-nəzərdən yaradılan fürsətdən kifayət qədər yararlanmaq lazımdır".

İlahə